Dünyanın ən böyük azərbaycanlısı
Ulu Öndər müasir müstəqil Azərbaycan dövlətinin banisidir
Ulu Öndərin fiziki yoxluğundan 19 il ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Tək 12 dekabr günündə deyil, adi vaxtlarda da insanlar Fəxri xiyabana gedərək dahi rəhbərin məzarını ziyarət edir, xatirəsini ehtiramla anırlar. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlmək olur ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən şəxsiyyətlər heç zaman unudula bilməz.
Ulu Öndərin xalqımız qarşısında böyük xidmətlərindən söhbət açanda əvvəlcə 1969-1982-ci illərə, onun Sovet İttifaqı dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək lazım gəlir. Həmin illərin şahidi olmuş dövlət adamları, ədəbiyyat və incəsənət xadimləri, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş mərhələsidir. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta İttifaq miqyasında o qədər də tanınmırdı. İttifaqda respublikasının adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz Azərbaycan KP MK-nın1969-cu il 14 iyul tarixli plenumunda Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib.
Həmçinin Sovet dövründə ulu öndər Heydər Əliyevin təhsil almağa göndərdiyi çoxsaylı tələbələr və müdavimlər sonralar dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunmasında və Azərbaycanın ictimai siyasi həyatında hərtərəfli xidmətləri ilə yadda qaldılar. Ümummilli Lider özünün çoxillik yorulmaz titanik fəaliyyəti ilə həm də Azərbaycan dilinin nüfuzunu yüksəltmişdir. Məhz onun müdrik rəhbərliyi ilə Azərbaycan dili dövlətimizin rəsmi dilinə çevrilmişdir.
Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovet İttifaqı süqut edəndən sonra 15 İttifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar faciəsindən sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda sabitlik yarandı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək xilas yolunu tapdılar.
17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında daha lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız muxtar respublikanın dövlət bayrağı kimi qəbul edildi. Məhz bu hadisə müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir və bununla da azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Ulu Öndər fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu, bu yolda heç bir çətinlikdən, qadağadan qorxub çəkinmədi. Yalnız xalqına, millətinə sonsuz sədaqəti, məhəbbəti olan liderlər belə qətiyyətli addımlar atmağa qadirdilər.
Müstəqillik yoluna yenicə qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq böyük oğluna müraciət etdi. Ulu öndər Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək 1993-cü ilin iyununda Bakıya gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı. Bu illər elə mürəkkəb dövr idi ki, ölkədə anarxiya, xaos baş alıb gedir, sərhəd bölgələrimiz təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı. İqtisadiyyatı dağılmış, ordusunu yaratmağa macal tapmamış bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında böyük məsuliyyət tələb edirdi. Məhz Heydər Əliyev belə bir məsuliyyətin öhdəsindən gələ bilərdi və gəldi də.
Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin timsalında Ulu Öndərin layiqli davamçısını görür və onun siyasətini qətiyyətlə dəstəkləyir. Təsadüfi deyil ki, 2003-cü il oktyabrın 1-də dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevi nəzərdə tutub demişdi: « İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.»
Məhz Azərbaycanın qüdrətlənməsi, işğaldakı torpaqlarımızın azad edilməsi kimi əhəmiyyətli işləri ləyaqətlə yerinə yetirən Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Ulu Öndərin etimadını doğruldaraq xalqımızın adını tarixin qürurverici səhifələrinə həkk etdi. İndi fəxrlə deyə bilərik ki, bu gün Azərbaycan dövləti nəinki regionun, hətta Avropanın ən güvənilə biləcək tərəfdaşına çevrilib.
Bəli, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməlini qoymaqla müqəddəs bir missiyanı gerçəkliyə çevirdi: milliliklə dövlətçiliyi bir-birinə qovuşdurdu, onların sarsılmaz vəhdətini təmin etdi. Hər bir xalqın arzusunda olduğu bu əlçatmaz ideyalar Azərbaycanda reallaşdı. Ona görə də Ulu Öndər qüdrətli, inkişaf edən Azərbaycandan həmişə qürur duyaraq demişdir: «Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!»

