Cəmiyyət 

Prezident ikinci dəfə tənqid etməyəcək, etsə, özü bildiyi addımları atacaq – Deputat

“Prezident tərəfindən ikinci tənqid olmayacaq. İkinci tənqid olsa, özü bildiyi addımları atacaq”.

ARANTV.AZ  xəbər verir ki, bunu yeniavaz.com-a Milli Məclisin deputatı Rüfət Quliyev Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyətini tənqid etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda möhtərəm Prezident İlham Əliyevin başçılığı ilə xeyli iş görülür: “Prezident hər dəfə çıxışında qeyd edir ki, insanlara qarşı mehriban olmaq lazımdır. Dövlət qulluğunda olan adamlar insanlara qarşı daha çox adekvat, loyal olsunlar. Azərbaycanda həm dövlətin, həm də məmurların işlərinin getməsi üçün misli olmayan imkanlar yaradılıb. Təbii ki, məmurlar üçün də şərait lazımdır. Bütün siyasətin başında xalq dayanır. Biz də cənab Prezidentin ideyalarını, qərarlarını ictimaiyyətə və seçicilərimizə çatdıran adamlar kimi bunların hamısını vurğulayırıq”.

Millət vəkili qeyd edib ki, “Azəriqaz”ın buraxdığı səhvlər, onların insana qarşı laqeydliyi var: “Təkcə Xətai rayonunda bir gündə “Azəriqaz”ın fəaliyyəti ilə bağlı mindən yuxarı şikayət gəlir. Şikayətlər qazın keyfiyyəti, təzyiqi və kəsilməsi ilə bağlıdır. Qaz qəfil kəsilir, qəfil də verilir. İnsanların narazılığını görməmək mümkün deyil. “Azəriqaz” istehlakçıların telefon zənglərinə cavab vermirlər. Halbuki insanların suallarını dərhal cavablandırmalıdırlar. Prezident deyir ki, insanlara qulluq etmək lazımdır. Onların qayğıları və problemləri ilə maraqlanmaq lazımdır. Allah cənab Prezidentə can sağlığı versin. Onun kölgəsini millətin üstündən əskik etməsin”.

R.Quliyev bildirib ki, ictimaiyyətdə formalaşan fikirlər Prezidentə çatır: “Azəriqaz” bu tənqidləri nəzərə alaraq işlərini daha da təkmilləşdirməlidirlər. Prezidentin “Azəriqaz”la bağlı narazılığı xalqın narazılığından qaynaqlanır. Qazın istehlakçılara verilişi fövqəladə vəziyyətlərdə kəsilə bilər. Bu, hər yerdə belədir. Lakin qazın verilişinin dayandırılması ilə bağlı istehlakçılara bir gündən əvvəl xəbər vermək lazımdır. Təzyiq və keyfiyyətlə bağlı eyni problemlər var. Fikrimcə, “Azəriqaz” tənqidlərdən nəticə çıxarıb öz işlərində dəyişikliklər edəcək. “Azəriqaz”ın rəhbərliyində və texniki işçiləri arasında səriştəli insanlar var. Onlar bu tənqidlərdən nəticə çıxarıb müvafiq addım atacaqlar. Addımlar kampaniya deyil, planlı şəkildə olmalıdır. Məsələlər 3-5 ay həll olunduqdan sonra başlı-başlına buraxılmamalıdır. Prezident tərəfindən ikinci tənqid olmayacaq. İkinci tənqid olsa, özü bildiyi addımları atacaq”.

O diqqətə çatdırıb ki, dəm qazından həyatını dəyişən insanların sayı artıb: “Bu sahədə də nəsə yenilik etmək lazımdır, mənzillərdə xüsusi cihazlar quraşdırılmalıdır. İstehlakçıya bunu təklif etmək lazımdır”.

Xatırladaq ki, Prezident İlham Əliyev çıxışında bildirmişdi: “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin. Eyni zamanda, “Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır.
Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə – elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır”.

Daha çox xəbərlər