Cəmiyyət 

Uşaqların dırnaq yeməsinin səbəbləri açıqlanıb

“Dırnaq yemə vərdişləri uşaqlarda ən çox 3-4 yaşından başlayır və əgər vaxtında müalicə olunmazsa, cinsi yetkinliyə qədər davam edə bilər”.

 

ARANTV.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bildirib. Onun sözlərinə görə, bəzən bu alışqanlıq dırnaq ətini qoparmaq, ayaq dırnaqlarını yemə şəklində də ola bilər: “Bu narahatlığın altında yatan səbəblər çox vaxt uşağın psixologiyası ilə bağlı problemlər hesab olunur. Bura ailədə ciddi rejimin olması, uşağa qarşı yetərli sevginin göstərilməməsi, diqqət əksikliyi və.s aiddir. Ona görə də ilk öncə səbəbi tapmaq lazımdır. Bu davranışın uşağın sağlamlığı üçün yaxşı olmadığını ona izah etmək və inandırmaq lazımdır. Eyni zamanda, uşaq hər cür neqativ və qorxulu vəziyyətlərdən uzaq tutulmalıdır. Valideynlərə onları istənilən bəhanə ilə tərifləməyi tövsiyə edirik”.

 

Həkim eyni zamanda yeni doğulan körpələrdə əmgəyin birləşməsi məsələsinə də toxunub. O qeyd edib ki, körpələrin aktiv inkişaf etməsilə əlaqədar olaraq onların kəllə sümükləri tam bitişmir: “Kəllə sümüklərinin arasında qığırdaq toxumasının təşkil etdiyi əmgək yerləşir. Hər bir yenidoğulanda 6 ədəd əmgək var. Onlardan 4-ü doğulandan sonra bağlanır. Ön və arxa əmgək isə tədricən bağlanır. Ən sonda ön əmgək bağlanır. Hansı ki, valideynlər ən çox ön əmgək üçün narahat olurlar.

 

Arxa əmgək üçbucaq formasında, 0.5-1sm ölçüsündə olur və əsasən ilk 3 ay ərzində bağlanır. Ön əmgək 2-5 sm ölçüsündə olur, ən tez üçüncü ayda, ən gec isə 24-cü ayda bağlanır.

 

Əmgəyin tez bağlanmasına səbəb olan hallar: mikrosefaliya əlaməti ilə gedən bəzi genetik və sindromik xəstəliklər, mikrosefaliyaya səbəb ola biləcək bətndaxili infeksiyalar və ya hamiləlik müddətində ananın toksik maddələrə məruz qalması, metabolik xəstəliklər və s.

 

Əmgəyin gec bağlanmasına səbəb olan hallar: meningit, ensefalit, hidrosefaliya, metabolik xəstəliklər (anadangəlmə hipotrioid), raxitlik (D vitamini əskikliyi)”.

Daha çox xəbərlər