Gündəm 

Terror, şər, şeytan yuvası: İRAN

Molla rejiminin terroru dövlət siyasətində alətə çevirməsi ifşa olunur

Yanvarın son cümə gününə “Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum edilmişdir.  Hücumu edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, səfirliyin mühafizə xidmətinin rəisi Əsgərov Orxan Rizvan oğlunu qətlə yetirməklə yanaşı, daha iki mühafizəçiyə xəsarət yetirmişdir. Bununla belə, səfirliyin əməkdaşları cinayətkarı tərksilah etməklə onun cinayət əməllərini dayandırmışlar.” qanlı olay xəbəri ilə başladıq… Tehrandakı qanlı cümə terroru hər birimizi hiddətləndirdi, qəzəbləndirdi, təəssüfləndirdi, kədərləndirdi…

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı  hücum,  beynəlxalq hüququn, konvensiyaların kobud şəkildə pozulmasıdır.  Azərbaycanın 1992-ci ildən üzvü olduğu “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyasına əsasən,  diplomatların yerləşdiyi səfirlik binaları toxunulmazdır və bu statusa malik ərazinin təhlükəsizliyini təmin etmək ev sahibi ölkənin öhdəliyi və borcudur. Yəni, Tehranda səfirliyimizə hücuma görə bütün məsuliyyəti İran tərəfi daşıyır.   Bu terror aktı göstərdi ki, İran Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliyini yerinə yetirməyib.

Hadisələrin gedişi də təsdiqləyir ki, terror hadisəsi molla rejimi tərəfindən qabaqcadan düşünülmüş və planlı şəkildə həyata keçirilmişdir. Beynəlxalq hüquqa uyğun olaraq, Tehrandakı səfirliyimizin təhlükəsizliyini İran qorumalıdır.  Ancaq,  yayılan videolardan da aydın görünür ki, səfirliyin binası qarşısındakı mühafizəçi silahlı terrorçunun binaya daxil olmasına laqeyd yanaşır.

İranın asayiş əməkdaşlarının terrorçunun zərərsizləşdirilməsi istiqamətində heç bir addım atmaması, sadəcə olaraq, tamaşaçı mövqeyində dayanması məlum terror aktının rəsmi Tehran tərəfindən planlaşdırıldığını təsdiqləyir. Bu isə İranın molla rejimini anti-Azərbaycan siyasətinin açıq terror müstəvisinə keçdiyini göstərir. Törədilmiş terror aktı bu günə kimi İranda aparılmış anti-Azərbaycan təbliğatın və fəaliyyətin nəticəsidir. Unutmayaq ki, İranın Azərbaycan şəhidlərinin qanında əli var. Həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində İran tərəfi Ermənistana kəşfiyyat məlumatları ötürmək də daxil olmaqla hər cür köməklik göstərib. Molla rejimi mügaribə vaxtı Azərbaycan Ordusunun irəliləməsinə mane olmağa çalışmaq və digər əməlləri ilə əlini şəhidlərimizin qanına batırmışdı. Bu siyasətini davam etdirən İran rejimi terror açıq müstəviyə keçirib. Səfirliyimizə terror hücumnun arxasında da İran dövləti dayanır. Buna görə də İran dövləti baş verənlərə görə Azərbaycan tərəfindən üzr istəməlidir.  İran tərəfi terror hücumunu şəffaf şəkildə araşdırmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin Tehrandakı səfirliyinə xain hücumla əlaqədar tviterdə paylaşımında da qeyd etmişdi ki, bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir.

Dünya ölkələrinin xarici siyasət qurumları və rəsmi şəxsləri Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktını pisləyən bəyanatlarla çıxış ediblər. Hadisə ilə bağlı xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri etiraz bəyanatları səsləndiriblər. Bununla yanaşı, Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri də ölkəmizlə həmrəylik nümayiş etdirərək, həlak olan vətəndaşımızın ailəsinə başsağlığı veriblər. ABŞ, Əfqanıstan, İtaliya, İsrail, Belarus, İraq, Xorvatiya, Yaponiya, Polşa, Rusiya, Litva, Fələstin, Argentina, Mərakeş, Fransa, Böyük Britaniya səfirlikləri bu terror aktını beynəlxalq hüquq üçün təhdid adlandırıblar.

Məsələyə sərt reaksiya həm də ona görə verilməlidir ki, İranın terro yuvası olması, terroru dövlət siyasətində alətə çevirməsi tam şəkildə ifşa olunmalıdır.

Daha çox xəbərlər