Əsas səhifə 

Yeni perspektivlər yaranır: Azərbaycan-Macarıstan tərəfdaşlığı hansı sahələri əhatə edir?

Xəbər verildiyi kimi, yanvarın 15-16-da dövlət başçısı İlham Əliyev Macarıstanda rəsmi səfərdə olub. Bu, Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

Bu səfər göstərir ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın aparıcı siyasi aktoruna çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir.

Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir. Tərəflər arasında ali səviyyədə dialoq mövcuddur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ali səviyyədə müzakirə olunacaq mövzulardandır. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir.

İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Ötən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd olunub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub.

İki dövlət arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf meyilləri müşahidə edilir. Əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzalayıblar. Həmçinin bu səfər çərçivəsində Azərbaycanla Macarıstan arasında müxtəlif sahələrdə imzalanan digər sənədlər də qarşılıqlı əlaqələrin inkişafının göstəricisidir. Bunların sırasında miqrasiya, dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlər, bitki karantini və bitki mühafizəsi, təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumları var.

Bundan başqa, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol”, Şuşa və Macarıstanın Vesprem şəhəri arasında Anlaşma Memorandumu imzalanıb. Xüsusilə vurğulanmalıdır ki, genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə edirlər.

Azərbaycanda 21 Macarıstan investisiyalı şirkət əsasən kənd təsərrüfat, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərirlər. Macarıstan Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində (əsasən neft-qaz sahəsi), Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb.

2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 35,161 milyon dollar olub. Ötən ilin ilk 11 ayında ümumi dövriyyə 40,799 milyon dollara çatıb. Bu o deməkdir ki, yalnız 11 ayda ticarət dövriyyəmiz əvvəlki il ilə müqayisədə 16 faiz artıb. Bütövlükdə, ötən il iki ölkə arasındakı ticarət dövriyyəsində 20 faizdən çox artımın olduğu güman edilir. Bu rəqəmlərə rəğmən Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin  qeyri-neft sektoru üzrə daha da inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

Macarıstan ilə Azərbaycan arasında mavi qaz nəqli sahəsində də əməkdaşlığın inkişaf edəcəyi gözlənilir. Bu, son dövrlər ölkələr arasında aparılan müzakirələrdə əsas xətlərdən hesab olunur. Yunanıstan-Bolqarıstan İnterkonnektoru istifadəyə verildikdən sonra daha 5 Avropa ölkəsinin, o cümlədən Macarıstanın da Azərbaycan qazını idxal etmək imkanları genişlənib.

Bakı ilə Budapeşt arasında humanitar sahədə də əməkdaşlıq əlaqələri inkişaf edir. Macarıstan hökumətinin maliyyə dəstəyi ilə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində Macarıstanda Azərbaycan gənclərinin təhsil alması məqsədilə hər il 200 nəfərlik təqaüd ayrılır. Azərbaycan Dillər Universitetində Macar dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir.

İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq uğurla davam etdirilir. Bu məqsədlə, ötən il Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Macarıstanın “Wizz Air” şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviauçuşlar həyata keçirir.

İşğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərində iştiraka Macarıstan şirkətləri böyük maraq göstərirlər və bununla bağlı müvafiq layihələr təqdim ediblər. Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25000 avro ianə edib.

Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan (IGB) ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5 milyard kubmetrdək artırılması Macarıstan, Serbiya, Slovakiya, Ruminiya və Şimali Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər.

Xatırlatmaq yerinə düşər ki, 2009-cu ildən bəri iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Komissiyanın Azərbaycan tərəfindən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Macarıstan tərəfindən xarici işlər və ticarət naziri Peter Siyyartodur. Komissiyanın indiyədək 8 iclası keçirilib. Növbəti iclasın isə yaxın vaxtlarda Budapeştdə keçirilməsi nəzərdə tutulur.

Beləliklə, ölkəmizin Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir.

Daha çox xəbərlər