Cəmiyyət 

Mina terroru davam edir…

Ölkəmiz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı prioritetlər müəyyənləşdirib. Bu prioritetlər sırasında 30 il ərzində düşmənin nəzarəti altında qalan ərazilərin piyada və tank əleyhinə minalardan təmizlənməsi xüsusi yer tutur.  Şübhəsiz, bu problem həll olunmadan, icra olunmadan həmin ərazilərin bərpasından, yenidən qurulmasından, soydaşlarımızın təhlükəsiz qayıdışı və dayanıqlı məskunlaşması üçün münbit şəraitin yaradılmasından söhbət gedə bilməz. Bu mənada Azərbaycan işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsinə xüsusi diqqət yetirir.

Belə ki, ölkəmiz müharibə başa çatandan dərhal sonra bütün qüvvələri və mümkün vasitələri (robotlar, itlər, dronlar və s.) səfərbər etməklə həmin əraziləri mina və partlamamış sursatlardan təmizləməyə başlayıb. Rəsmi məlumatlara görə, indiyədək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 68,9 min hektardan çox ərazi piyada və tank əleyhinə minalardan təmizlənib. Həmin ərazilərdə ümumilikdə 82,7 mindən çox partlamamış hərbi sursat və mina aşkar edilərək zərərsizləşdirilib.

Şübhəsiz, insan ayağı dəyə biləcək hər yerə mina basdıran mənfur niyyətli təcavüzkar Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana verməməsi, bununla da yeni formada müharibəni, terror siyasətini davam etdirməsi bu yerlərə qayıdışımızı ləngitməyə, üstəlik daha çox sayda soydaşımızın həyatını itirməsinə və  xəsarət almasına  hesablanıb. İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300 vətəndaşımızın mina partlayışı nəticəsində həlak olması və ya yaralanması buna sübutdur. Lap elə bu günlərdə daha bir hərbçimiz Ermənistanın mina terrorunun qurbanı olub.

Bir faktı da qeyd edək ki, Azərbaycan Ordu­sunun nəzarətə götürdüyü ərazilərdə aşkar edilən minaların müəyyən qismi 2021-ci ildə İrəvanda istehsal edilib. Bunu da erməni daşnaklarının 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozmasının daha bir göstəricisi hesab etmək olar. Bütün bunlar azmış kimi  ermənilər həmin sənədə zidd olaraq Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə silah və sursatların, o cümlədən minaların daşınmasına çalışırlar. Bununla da Ermənistan mina siyasətini davam etdirməkdə israrlı olduğunu açıq şəkildə nümayiş etdirir. Elə martin 5-də  erməni separatçılarının  Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan qanunsuz istifadə etməklə belə bir cəhd göstərmələri  dediklərimizin təsdiqidir. Şübhəsiz, Ermənistanın yenə də Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları həyata keçirməsi, minalar “əkməsi” faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüz və terror siyasətidir. Bu, həm də regionda qarşılıqlı etimada və sülh prosesinə təhdiddir.

Bütün bu çətinliyə rəğmən, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə yenidənqurma işləri aparır. Xatırladaq ki, Azərbaycan hökuməti 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul (cari ildə bu məqsədlə ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsaitin ayırılması planlaşdırırılıb) xərcləyib. Hazırda Qarabağ və Şərqi Zəngə­zurda tikinti və quruculuq işləri müvəffəqiyyətlə davam etdirilir. Belə ki, yaşayış məskənlərində müasir infrastruktur qurulur, yollar çəkilir, tunellər salınır, beynəlxalq hava limanları tikilib istifadəyə verilir. “Ağıllı kənd” konsepsiyası ilə yeni­dən qurulmuş Zəngilanın Ağalı kəndində artıq məskunlaşma aparılıb. Yeri gəlmişkən qeyd edək ki, beynəlxalq mütəxəssislərin hesablamalarına görə, ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün ölkəmizə, təqribən 30 il müddət, 25 milyard ABŞ dolları lazımdır.

Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun, o cümlədən Azərbaycanın mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alan dövlətimizin başçısı Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifini irəli sürdü. Siyasətçilərin fikrincə, belə bir qrupun yaradılması minalarla çirklənmiş ölkələrin üzləşdikləri  problemin geniş miqyasda, həm də  daha təfərrüatlı şəkildə beynəlxalq təşkilatların diqqətinə çatdırılması və müvafiq tədbirlərin görülməsi baxımından əhəmiyyətli olacaq.

Daha çox xəbərlər