Kriminal 

Kürəkən onu təhqir edən qayınatasını əvvəlcə boğdu, sonra ürəyindən bıçaqladı

Göyçayda qayınatasını öldürməkdə təqsirli bilinən Qalib Bağırov məhkəməyə apellyasiya şikayəti verib.

Təqsirləndirilən şəxsin şikayətinə may ayının 16-da Bakı Apellyasiya məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Qalib Bağırov 2009-cu ilin sentyabr ayında Vəfa Bağırova ilə ailə həyatı qurub. Bu evlilikdən narazı qalan qayınatası Rza İsmayılov onları ayırmaq üçün təşəbbüs göstərərək, mütəmadi olaraq kürəkənini və qızını nalayiq söyüşlərlə söyüb təhqir edib. Qayınatasının xoşagəlməz rəftarından təngə gələn Qalib Bağırov onu öldürməyi qərarlaşdırıb. Bu məqsədlə də o, arvadı ilə birlikdə 2010-cu ilin avqust ayının 6-dan 7-nə keçən gecə qayınatasının gözətçi işlədiyi Göyçay rayon Qarabaqqal kəndinin kənarında yerləşən qoyun fermasına gəlib. Arvadına yolun kənarında gözləməsini tapşıraraq tək fermaya gedib, qayınatası Rza İsmayılovun öz otağında kərpic zavodunun gözətçisi Bəhruz Məmmədovla yeyib-içməsini görərək gözləyib. Sonuncu getdikdən sonra həyətdə məftildən asılmış əl-üz dəsmalını götürüb qayınatasının yatdığı otağa daxil olub. Çarpayıda uzanan qayınatasının boğazından yapışaraq yuxarı qaldırıb, əlindəki dəsmalı onun boynuna keçirərək möhkəm sıxıb. Rza İsmayılovun boynunun qırıldığını zənn edərək çölə çıxıb. Lakin qayınatasına qarşı kini soyumadığından təkrar geri qayıdaraq bıçaqla onun boyun nahiyəsindən bir dəfə zərbə endirib.

Sonuncu aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Təxminən 1 saat sonra Qalib arvadının yanına qayıdıb. Qalibdən atama nə etdiyini soruşan Vəfa Bağırovaya “Atana ürək sözlərimi deyib qayıtdım”, – deyə cavab verib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Qalib Bağırov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.

mənbə: olke.az

Daha çox xəbərlər