Cəmiyyət 

Ulu Öndərin sadiq silahdaşlarından biri – FOTOLAR

2023-cü il Azərbaycan dövlətçilik tarixində, o cümlədən elm və tibb sahəsində çox əhəmiyyətli və əlamətdar ildir. Prezident İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Həmçinin bu il akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd olunur.

Ulu öndər Heydər Əliyevin sadiq silahdaşlarından biri də 44 il Neft Kəşfiyyatçılarının Birləşmiş Xəstəxanasına, indiki Mərkəzi Neftçilər Xəstəxanasına rəhbərlik etmiş Əməkdar həkim, SSRİ-nin fəxri neftçisi Həsənağa Novruzəli oğlu Əliyev idi.

Həsənağa Novruzəli oğlu Əliyev 1923-cü il martın 16-da Bakının Binə kəndində anadan olub. 1941-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuş, 1946-cı ildə institutu bitirdikdən sonra Qəbələ rayonunun Nic kəndinin xəstəxanasına baş həkim təyinatı alır.

Müharibədən sonrakı illərdə neft sənayesinin sürətli inkişafı, o cümlədən Neft Daşlarında neft hasilatının başlanması ilə əlaqədar olaraq sənaye işçilərinə tibbi yardım göstərilməsinə ehtiyac yaranır. Məhz bu vaxt, daha doğrusu 1951-ci ildən Həsənağa Əliyev 2 kiçik otaqda yerləşən və 6 həkimdən ibarət eksperimental ambulatoriyaya rəhbərlik etməyə başlayır. Neftçilərin stasionar müayinə və müalicə ehtiyacı nəzərə alınaraq 1956-cı ildə Neft Kəşfiyyatçılarının Birləşmiş Xəstəxanası yaradılır.

H.Əliyev həmin xəstəxanaya baş həkim təyin edilmiş və ömrünün sonunadək bu vəzifədə çalışmışdır. Gənc baş həkimin təşkilatçılıq istedadı özünü tam şəkildə büruzə verir. Tezliklə xəstəxana Bakının ən yaxşı tibb müəssisələrindən birinə çevrilir. Mərhələli şəkildə yeni korpuslar tikilir, dövrünün ən müasir avadanlıqları ilə təchiz olunur və peşəkar mütəxəssislərlə təmin edilir. Professor Həsənağa ilə çiyin-çiyinə çalışanlar: professor A.İsmayılov, dosent Q.Hacıyev, professor N.Ağayeva, həkimlər: K.Rüstəmov, M.Həsənov, Ş.Daşdəmirova, E. Seydəliyev, M. Adıgözəlov, dr.Kuşnir, dr.Reznik və başqaları təcrübələrini bölüşərək gənc kadrların püxtələşməsi və inkişafında böyük işlər görmüşdülər. Xəstəxananın əməkdaşları Ə.Abdullayev, Z.Məmmədov və O.Məmmədzadəni dəfələrlə xarici ölkələrin neft mədənlərində işləməyə göndərmişdilər.

1983-cü ildən xəstəxananın bazasında SSRİ Neft Sənayesi Nazirliyinin əmri ilə dalğıc əməliyyatları üçün Azərbaycanda ilk mülki tibb xidməti yaradılmışdır. H.Əliyevin icadı olan maqnitoterapiya ilə artroz və sümük sınığı olan xəstələr reabilitasiya olunmuşdur.

Həsənağa Əliyevin sərtliyi və tələbkarlığına baxmayaraq, kollektiv onun ata qayğısını daim hiss edirdi. 100 illik yubileyi ərəfəsində xəstəxananın direktoru, tibb elmləri doktoru M.Abbasovun rəhbərlik etdiyi Mərkəzi Neftçilər Xəstəxananın kollektivi professorun Binə kəndində məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

ALLAH RƏHMƏT ELƏSİN!

Daha çox xəbərlər