YAP Bərdə rayon təşkilatının yaradılmasının 30 illiyinə həsr edilmiş konfrans keçirilib+VİDEO
Bərdə Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının yaradılmasının 30 illiyinə həsr edilmiş konfrans keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.
Bərdə Şəhidlər xiyabanı və mülki şəhidlərin xatirə lövhəsi də ziyarət edilib. Şəhidlərin məzarları və xatirə lövhəsinin önünə gül dəstələri düzülüb.
Sonra rayon Mədəniyyət Mərkəzinin önündə YAP Bərdə rayon təşkilatının 30 illiyinə həsr edilmiş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib.
Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin və Türkiyədə baş vermis zəlzələ nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin ifasında kompozisiya təqdim olunub.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya partiyanın yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan danışıb. Olduqca çətin şəraitdə yaranmış partiyanın çox qısa müddətdə böyük siyasi qüvvə kimi formalaşmasını, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsini Heydər Əliyev fenomeninin qüdrətindən xəbər verdiyini diqqətə çatdırıb. Bildirib ki, Ümummilli Liderin müdrik, uzaqgörən siyasəti və zəngin dövlətçilik təcrübəsi dövlət müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısının alınmasına, vətəndaş qarşıdurmasının aradan qalxmasına, müstəqil dövlətin qurulması və möhkəmlənməsinə, sosial-iqtisadi inkişafın təmin edilməsinə və digər mühüm nailiyyətlərin əldə olunmasına imkan verdi. Qeyd olunub ki, Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti Prezident, YAP-ın sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulayıb ki, ötən 30 il həm partiyanın, həm də ölkəmizin həyatında mühüm hadisələrlə zəngindir. Bu uğurların zirvəsində dayanan, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına qazanılan, hərbçilərimizin rəşadəti sayəsində əldə olunan tarixi Zəfərimizi şərtləndirən amillər 30 ilin təhlili fonunda aydın şəkildə görünür.
Faqət Şadlinskaya rayon təşkilatının 30 il ərzində keçdiyi yola da nəzər salıb. Qeyd edib ki, hazırda rayon təşkilatı 5241-i qadın, 1797-si gənc olmaqla 11766 nəfər partiya üzvünü öz ətrafında birləşdirib.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxışında ölkəmizin yüksək templə irəliləyişində Yeni Azərbaycan Partiyasının rolundan danışıb. Vurğulayıb ki, 30 ildir respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edən, xalqın partiyası kimi tanınan, xalqın sevgisini və dəstəyini qazanan Yeni Azərbaycan Partiyası, ölkədə sabitliyin təminatında avanqard rolunu bu gündə davam etdirir. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Heydər Əliyev siyasəti təkcə nailiyyətlərimizin deyil, həm də gələcək uğurlarımızın həlledici əsasıdır.
YAP İdarə Heyətinin üzvü Asif Əsgərli çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan keşməkeşli yol keçib və ümumxalq partiyasına çevrilib: “Ümummilli Liderin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə görülən işlərdə YAP-ın misilsiz xidmətləri var. Şərəfli inkişaf yolu keçən partiya müstəqillik dövründə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayır, sıraları ildən-ilə genişlənir”.
Milli Məclisin deputatı Fatma Yıldırım qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması dövlətimizin siyasi taleyini, gələcək yolunu müəyyənləşdirən çox mühüm və əlamətdar hadisə olub. YAP qısa müddət ərzində milli seçim, Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gəlib, yeni Azərbaycan quruculuğunu təmin edərək ümumxalq partiyasına çevrilib.
Tədbirdə çıxış edən partiya veteranı Yaşar Zamanov, şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova, partiya fəalı Şamxal Yaqubov partiyanın müstəqillik dövründə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynadığını bildiriblər.
Sonda rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
ARANTV.AZ