Gündəm 

Ermənistan Qərbin sanksiyalarını necə pozur? – faktlar

İrəvan Rusiya brilyantlarının ərəblərə satışından milyonlar qazanır

Avropa İttifaqı və ABŞ Rusiyaya satışı qadağan olunan məhsulların ikili idxalının qarşısını almaq üçün nəzarət mexanizmlərini genişləndirirlər. Hər iki mərkəzdən 2023-cü ildə Rusiyaya qarşı sanksiyaların əsasında məhz bu amil dayanır: Moskvanı silah istehsalında istifadəsi mümkün olan bütün növ məhsullardan məhrum etmək. Buna nail olmaq üçün Avropa İttifaqı və ABŞ hərbi sənayedə istifadəsi mümkün olan malların hərəkəti üzərində sıx nəzarət mexanizmi qurmağa çalışırlar.

Hələ ötən ildən başlanan bu prosesin gedişində bir sıra maraqlı faktlar üzə çıxmışdı. Məsələn, ötən ilin oktyabrında “Bloomberg” Avropa İttifaqının Rusiya ilə yaxın münasibətləri olan ölkələrin bu ölkəyə qadağan olunan malların ikili idxalına başlamasından narahat olduğunu yazırdı. Belə ölkələrdən biri kimi Ermənistanın adı çəkilirdi. Bildirilirdi ki, Avropa İttifaqı Rusiyanın Ermənistan üzərindən aldığı məişət texnikalarının bəzi hissələrindən hərbi məqsədlərlə istifadə etdiyi qənaətindədir. “Evrostat”ın məlumatına əsasən, Ermənistan 2022-ci ilin yanvar-avqust aylarında Avropa İttifaqından son iki ildəkindən daha çox paltaryuyan maşın idxal edib.

“Bloomberg” qeyd edirdi ki, 2022-ci ilin birinci yarısında Avropa İttifaqından bu ölkəyə elektrik südsağan aparat ixracında da ciddi artım baş verib. Halbuki Ermənistanda doğum sayı 2021-ci ilə nisbətən azalıb.

2022-ci ilin noyabrında isə ABŞ Maliyyə Nazirliyi Rusiyanın elektronika istehsalı sektorunda çalışan “Milandr” şirkətinin Ermənistanda yerləşən filialı “Milur Electronics” MMC-ni sanksiya siyahısına saldı. Şirkət hərbi sənaye üçün zəruri olan elektronika mallarının başqa adlar altında alınaraq Rusiyaya daşınmasının təşkili ilə məşğul olmuşdu.

2023-cü ilin ötən dövründə ABŞ Maliyyə Nazirliyi onlarla şirkəti Rusiyaya sanksiyalardan yayınmaqda yardım etdiklərinə görə qara siyahıya salıb. Bundan əlavə, ABŞ və Avropa İttifaqı dəfələlərTürkiyə üzərindən belə əməliyyatların gerçəkləşməsi risklərinin böyük olduğunu bildirib, Ankaraya müxtəlif yoxlayıcılar göndəriblər. Martın əvvəlində Türkiyə gömrük orqanları Rusiyaya gedən tranzit yüklərin sənədləşdirilməsini dayandırmağa məcbur olub.

Hələlik Ermənistanın Rusiyaya ikili idxaldakı roluna dair ABŞ və Avropa rəsmilərindən hər hansı fikir səsləndirəni olmayıb. Lakin elə İrəvanın öz rəsmi statistikasına baxdıqda bu rolun heç də kiçik olmadığı açıq görünür. Belə ki, Ermənistan Statsitika Komitəsinin məlumatına görə, ölkənin Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqı üzvləri ilə ticarətinin həcmi 2022-ci ildə 2021-ci illə müqayisədə 92,7 faiz artaraq 5 milyard 267 milyon dollara yüksəlib. Bu zaman ixrac 2,8 dəfə artmaqla 2,5 milyard dollar təşkil edib. Və bunun nə az, nə çoxu – 2 milyard 411 milyon dolları Rusiyaya reallaşdırılıb.

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan etiraf edir ki, bu ixracın əhəmiyyətli hissəsi reeksportdur. Lakin nazir iddia edir ki, hökumət bu prosesə nəzarət edir ki, sanksiya siyahısında olan məhsullar Rusiyaya çatdırılmasın. Lakin faktlar göstərir ki, bu nəzarət sözdədir. Çünki əgər Rusiyaya Qərbin qadağan etdiyi məhsullar reeksport edilmirdisə, bu alver 2022-ci ilin əvvəlində də qeydə alınardı. Amma ötən ilin birinci yarısında Ermənistanın ümumi ixracı cəmi 546 milyon dollar təşkil edib. İkinci yarımildə bu göstərici 3 dəfə artaraq 1 milyard 860 milyon dollara çatıb.

İxracın tərkibinə baxanda da Ermənistandan Rusiyaya məhz qadağan olunan malların reixracının baş verdiyi görmək mümkündür. Məsələn, ötən il heç bir yeni istehsal müəssisəsi işə salınmadan ermənilər xaricə – əsasən Rusiyaya 2021-ci ildəkindən 11 dəfə çox – 695 milyon dollarlıq mexaniki və elektron avadanlıq ixrac ediblər.  Hələlik Ermənistanın ölkələr və məhsullar üzrə ixrac göstəriciləri açıqlanmayıb. Lakin 2022-ci ilin birinci yarısının göstəricilərinə əsasən Rusiyaya belə avadanlıqların ixracı 4 dəfədən çox artaraq 47 milyon dollara, Belarusa ixracı isə 190 min dollardan 2,9 milyon dollara çatıb.

Nəzərə alsaq ki, 2021-ci ildə Rusiyaya belə avadanlıq və onların detallarının ixracı cəmi 30,6 milyon dollar təşkil edib, onda 2022-ci ildəki sıçrayışın məhz reixracın hesabına baş verdiyini görmək elə də çətin deyil.

Vaan Kerobyan: “Ermənistanın iqtisadiyyatı Türkiyə üçün açıqdır”

Vaan Kerobyan 

Ermənistan yalnız qadağan olunmuş Qərb mallarının Rusiyaya ixracından deyil, bir sıra Qərb ölkələrinin idxalını qadağan etdiyi Rusiya məhsullarının ixracından da qazanır. Məsələn, 2022-ci il ərzində Ermənistanın brilyant ixracı 4  dəfə artaraq 418 milyon dollara yüksəlib. Rusiyadan brilyantı alan ermənilər onu digər ölkələrə, xüsusilə də Birləşmiş Ərəb Əmirliklərinə satıblar.

Ötən il Ermənistanda hazır qida məhsullarının (təzə meyvə-tərəvəz nəzərə alınmadan) istehsalı cəmi 7 faiz, onların ixracı isə 70 faiz artaraq 130 milyon dollar təşkil edib. Bu ixracın 80 faizdən yuxarısı Rusiyaya reallaşıb.

Ermənistan üzərindən Rusiyaya və əksinə qadağan olunan malların çatdırılması mexanizmi 2023-cü ilin yanvarında da davam edib. Ölkənin rəsmi statistikasına əsasən yanvarda ixrac 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfədən çox artmaqla 572 milyon 778 min dollar təşkil edib. Bunun 354 milyon 925 min dolları Rusiyaya reallaşdırılıb. Bu isə ötən ilin eyni dövründəkindən 5,2 dəfə çoxdur. İkinci yerdə gələn BƏƏ-yə ixrac isə 14,1 dəfə artaraq 40 milyon 458 min dollar təşkil edib. Avropa İttifaqına ixrac 4,3 faiz azalmaqla 54 milyon dollara bərabər olub.

Yanvarda Ermənistanın əsas ixrac məhsulu olan dağ-mədən xammalının ixracı illik ifadədə 15,7 faiz azalaraq 72 milyon 646 min dollara düşüb. Əvəzində qiymətli və yarımqiymətli daşların, qiymətli metallar və onlardan hazırlanan məmulatların ixracı ötən ilin eyni dövründəkindən 99,3 faiz çox olmaqla 64 milyon 867 min dollar təşkil edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya iş adamları ilə görüşü oldu -  YENİLƏNDİ 2 Pravda.az

Onu da qeyd edək ki, Ermənistanın Rusiyaya ikili idxalın əsas təşkilatçılarından biri olduğu Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya reallaşan səfəri zamanı diqqətə çatdırılıb. Prezident Almaniyada iş adamları ilə görüşündə bu məsələyə toxunub: “Yəqin bilirsiniz ki, bizim qonşuluğumuzda sanksiyalardan yayınma kimi qanunsuz fəaliyyətlə məşğul olanlar var. Belə məlumatlar mövcuddur. Həmin ölkənin ingilis dilində adı da “A” ilə başlayır, lakin bu Azərbaycan deyil. Bu, sirr deyil, bütün rəqəmlər bəllidir. Biz gözləyirik ki, onlara bu əməllərinə görə sanksiyalar tətbiq olunsun. Yaxud ümumiyyətlə, buna görə onlara sanksiya tətbiq ediləcəkmi? Müxtəlif dövlətlərin nüfuzlu rəsmi nümayəndələrinin dediklərinə nəzər salsanız anlayarsınız ki, bu çirkli bizneslə kim məşğul olur.

Azərbaycan bu işlə məşğul deyil və bu prosesin ilk günlərindən mənim bununla bağlı təlimatım aydın olub – paralel idxala və sanksiyalardan yayınma üçün hər hansı fürsətə imkan verilməsin. Biz qanuna tabe ölkə və xalqıq. Bizim başağrısına və çirkli pullara ehtiyacımız yoxdur. Əldə etdiyimiz vəsait özümüzə kifayətdir və biz maliyyə bazarlarında da müsbət imicimizi qoruyuruq”.

Ermənistanın Rusiyaya ikili idxalda aktiv iştirakına dair sualı Almaniya kansleri Olaf Şols konkret cavablandırmasa da, rəqəmlər göstərir ki, ermənilər Almaniya məhsullarının da Rusiyaya reixracını həyata keçirirlər. Belə ki, 2021-ci ildə Almaniyanın Ermənistana ixracı 178 milyon avro təşkil edib. 2022-ci ildə isə bu rəqəm artıq 505 milyon avroya çatıb. Ümumilikdə Avropa İttifaqının Ermənistana ixracı 2021-ci ildə 753 milyon avro idisə, 2022-ci ildə bu rəqəm 1,3 milyard avroya çatıb.

Maraqlıdır ki, bir sıra Qərb mətbuatında Rusiyanın ikili idxal üçün keçmiş Sovetlər Birliyinə daxil olan ölkələrdən istifadə etdiyi bildirilir, amma Ermənistanın deyil başqa dövlətlərin adları çəkilir. Postsovet ölkələrindən biri olan Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 2022-ci ildə 3,7 milyard dollar təşkil edib. Bunun 975 milyon 456,33 min dolları Azərbaycanın ixracının, 2 milyard 734 milyon 783,08 min dolları isə idxalının payına düşür. İxrac 2021-ci illə (920819,53) müqayisədə cəmi 6 faiz, idxal isə(2074311,78) 31,8 faiz artb.

Göründüyü kimi, Azərbaycan Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yayınma prosesində iştirak etmir. Ermənistan isə bu prosesin aktiv iştirakçısı olmaqla bu istiqamətdə fəaliyyətini daha da genişləndirir. Lakin eyni məsələdə Qazaxıstana, Türkiyəyə qarşı sərgilənən münasibəti hələ ki Ermənistana qarşı müşahidə etmirik…

Daha çox xəbərlər