Putini kim və necə aldadıb… – Rusiya liderindən gözlənilməz Donbas açıqlaması
Kreml başçısı “Normand dördlüyünü” nəzərdə tutur; Almaniya və Fransa separatçı bölgə ilə bağlı Ukraynanın götürdüyü öhdəliyə qarant dayanmışdılar – ekspertlərin toqquşan mövqeləri…
Ukrayna üzərindən həyata keçirilən Rusiya-Qərb savaşının hansı sonluqla bitəcəyi haqda çox danışılıb, ancaq hələlik ortada inanılacaq bir versiya yoxdur. Yeganə deyilən odur ki, bu savaşın qalibi olmayacaq. Proseslərin gedişində ortaya bir həqiqət də çıxır ki, Qərb Rusiyaya qarşı savaşı təsadüfən Ukrayna üzərindən açmayıb. Bunun alt qatlarında yatan səbəblər var və faktiki olaraq kollektiv Qərb Rusiyanın zəif yerindən yapışıb. “Yeni Müsavat” xəbər verir ki, buna dair Rusiya Prezidenti Vladimir Putin martın 14-də Buryatiya Respublikasına işgüzar səfəri maraqlı bir açıqlama verib. Onun sözlərinə görə, Donbas məsələsində məlum oldu ki, bizi aldatdılar: “Rusiya səkkiz ildir ki, öz tərəfdaşlarını Donbas məsələsini sülh yolu ilə həll etməyə inandırmağa çalışır. Lakin Donbas məsələsində məlum oldu ki, bizi aldatdılar”.
Putini kim aldadıb? Ona nə söz veriblərmiş? Donbasın da Rusiyaya Krım kimi ilhaqına Qərbin göz yumacağı, yaxud formal olaraq bəyanatlar verəcəyi projesi varmış, sonda bundan daşınılıb və beləliklə Rusiya tələyə salınıb, yoxsa necə? Bəlkə Avropa Rusiyanı inandırıb ki, bu mövzuda Ukrayna hakimiyyəti hansısa öhdəliklər götürəcək? Çünki bu böhranın həlli üçün “Normand formatı” yaradılmışdı və “Minsk qrupu”na bənzər bir danışıqlar masası idi. 2014-cü il 6 iyun tarixində Almaniya, Fransa, Rusiya və Ukraynanın liderlərinin yığıncağı təyin olunub və Normand dördlüyü formalaşdırılıb. Görünür ki, Putin tərəfdaşları deyərkən də bu ölkələri nəzərdə tutub.
Qeyd edək ki, aparılan danışıqların məqsədlərindən biri separatizm olan bölgələrə Ukraynanın tərkibində xüsusi zona kimi özünüidarə səlahiyyətlərinin verilməsinin hüquqi və praktik şərtlərini müəyyənləşdirmək idi. Ukrayna konstitusiyasında da əksini tapacaq xüsusi statusla bağlı müddəalar bölgədəki seçkilərdən sonra tətbiq olunacaqdı. Bu yanaşmaya əsasən, Ukrayna hökuməti Luqansk və Donetskdə seçkilərin qanunauyğunluğunu qəbul edərək konstitusiya islahatlarını seçkidən sonraya saxlamaq və ümumiyyətlə, icra etməmək niyyətində idi.
İndi isə bu format “Minsk qrupu” kimi dağılıb. Əksinə, oradakı ölkələr Rusiyanın işğalçı müharibəsinə qarşı müdafiə üçün Ukraynanı silahlandırırlar. Müharibənin ilk aylarında Fransa və Almaniya koalisiyada nisbətən loyallığı ilə seçilirdilər: prezident Makron “Putinin simasını qorumaqdan” danışır, kansler Şolts isə rus qazından asılılığa görə ehtiyatlı siyasət yürüdürdü. Lakin onların son vaxtlar mövqeyində prinsipiallıq nəzərə çarpır və Rusiya məğluba edilənə qədər Ukraynanı dəstəkləməyin vacibliyi haqda bəyanatlar verilir. Eləcə də almanlar “Lepard” tanklarının verilməsinə razılaşıblar. Fransızlar isə “Sezar” qurğularını və digər müasir hərbi texnikanı ukraynalılara çatdırırlar. Ona görə Putin Donbasla bağlı danışarkən bu faktorları qeyd edə bilər.
Azad Məsiyev
Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, 2014-cü ildə Ukraynada demokratiya adı ilə dövlət çevrilişi baş verib. Onun fikrincə, hakimiyyətə gələn qüvvələr rusdilli əhaliyə qarşı radikal addımlar atmağa başladı, ayrı-seçkilik yaradıldı. “Nəticədə Ukrayna vətəndaş müharibəsinin meydanına çevrildi. Sözsüz ki, Rusiya da Donbasdakı rusların bu məsələsinə tamaşaçı qalmayacaqdı və prosesə qarışdı. O zaman sənəd imzalandı ki, atəşkəs əldə edilsin, məsələ sülh yolu ilə həll olunsun. Almaniya və Fransa da Ukrayna hakimiyyətinin götürdüyü öhdəliyə qarant dayandılar”,_ deyə ekspert belə şərh etdi. Onun sözlərinə görə, amma Volodimir Zelenski iqtidara gələndən sonra vəziyyət koordinal şəkildə dəyişdi, Almaniya və Fransa seyirçi oldular: “Əslində Zelenski ABŞ-ın planında bir alət oldu. Rusiya da strateji və milli maraqlarını əsas götürərək ”xüsusi hərbi əməliyyat” başladı. Sadəcə, Zelenskidən asılı heç nə yox idi, çünki amerikalılar rusları müharibəyə təhrik edirdilər. Və istəklərinə nail oldular, Rusiya əleyhinə koalisiya yarandı, sanksiyalar tətbiq edildi. Ona görə də Rusiya lideri çıxışında bu amilləri nəzərdə tutub”.
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədova Putinin hər kəsi günahkar çıxarmağa adət etdiyini düşünür: “Kreml rəhbəri öz işğalçı hərəkətlərinə don geyindirmək üçün bütün “arqument”ləri səsləndirir. Kim Rusiyanı məcbur etmişdi ki, qoşunları Ukrayna torpaqlarına girsin, şəhərləri viran qoysun? Yaşayış binalarına raket zərbələri endirmək “xüsusi əməliyyat”dır? Buça, İrpen, İzyum, Xarkov, Odessa və onlarla şəhər bombalanıb, Baxmutdan əsər-əlamət qalmayıb, Soledar az qala xəritədən silinib, buna Ukraynanın şərqində kompakt yaşayan rus əhalisini müdafiə etmək deyilir? Təbii ki, Putin öz addımlarına haqq qazandırmaq üçün “bizi aldatdılar” deməlidir. O, Qərbi ittiham edir ki, danışıqları pozmusunuz. Yəni Donbasda atəşkəslə bağlı razılaşma varı idi, buna əməl edilmədi. Amma Ukrayna dövləti nə üçün öz ərazilərində separatizmin hökm sürməsinə dözüm göstərməli idi? Nə vaxta qədər şərq ərazilərində onun idarəetməsi olmamalı, qanunları işləməməli idi? Əgər bunu nəzərdə tutursa, o zaman daha açıq ifadə edilə bilər – bizi aldatdılar, söz vermişdilər ki, Donetsk və Luqanskda separatizmin mövcudluğuna susacaqlar… Rusiya Prezidentinin fikrini belə adlandırsaq, daha dürüst alınar”.
Təhlilçi o dövrdə “Normand dördlüyü” formatında danışıqlar getdiyini, amma “Minsk qrupu” kimi nəticəsiz olduğunu yada saldı: “Həqiqətən də Qarabağ danışıqlarına oxşar proses idi. Tərəflər ortaq məxrəc tapa bilmirdilər. Amma Rusiya lideri Ukrayna ərazilərinə daxil olmağı təkcə bununla əlaqələndirmir. Axı Kreml rəsmiləri deyirdilər ki, Ukrayna NATO-ya üzv olacaqdı, alyansın bu ölkədə bazası qurulacaqdı, qarşısını almaq üçün hərbi əməliyyatlar başladılıb. Rusiya əməliyyatları gah demilitarizasiya, denasifikasiya adlandırırdı, gah rus əhalisini müdafiə etmək adı qoyurdu, indi də Qərbi ittiham edir ki, Rusiyanı parçalamaq istəyirlər. Bəs Ukraynanı parçalayan, şərq bölgəsində separatizmi silahlandıran kimdir? O baxımdan, böhranın həlli yolu yaxın dövr üçün görünmür və “Normand” formatı mövcud olsaydı belə, Ukraynada münaqişə bitməyəcəkdi”.