Gündəm 

Bütün hədəflərə çatmaq üçün güclü iqtisadiyyat olmalıdır

Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə görülən və görüləcək işlərdən bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd edir

İki ildən artıqdır ki, tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Ötən il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı» təsdiq edildi. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Böyük Qayıdış proqramı uğurla icra edilir. Bir neçə şəhərdə artıq inşaat işləri geniş vüsət alıb.  Şuşa,  Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir.  Bununla bərabər, 10-dan çox kəndin Baş planı təsdiqlənib. Dövlət başçısı İlham Əliyevin iştirakı ilə   bir neçə kəndin təməli qoyulub. Bütövlükdə azad edilmiş bütün şəhərlərimizin və qəsəbələrimizin Baş planları  təsdiqlənib. Bütün işlər Baş planlar əsasında həyata keçirilir.  Böyük Qayıdış proqramında  bütün planlar öz əksini tapıb. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki,  yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq.

İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə təkmil infrastruktur layihlərinin icrası ilə başlanıldı. Təbii ki, hər bir bölgənin inkişafında  infrastrukturun yenilənməsi, zəruri olan şəraitin yaradılması prioritetdir. İnfrastruktur olmadan insanların işğaldan azad edilmiş ərazilərə köçürülməsi qeyri-mümkündür.  Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olunub. Bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşuldu.  Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edildi. Onların generasiya gücü təqribən 55 meqavata yaxındır. Hazırda 7 stansiyanın inşası davam edir. Bütövlükdə işğaldan azad edilmiş ərazilərimizdə  50-yə yaxın su elektrik stansiyası yaradılacaq. Bu il Cəbrayılda Günəş Elektrik Stansiyasının inşasına başlanılacaq. İki min kilometrdən çox avtomobil yolu salınır, körpülər tikilir. Körpülərin sayı  100-dən çox olacaq. Təsdiq edilmiş layihələr çərçivəsində 50 kilometr uzunluğunda tunellər çəkilir. Bütün işlər  şəhərsalma qaydaları əsasında  təmin edilir.

Göründüyü kimi, Azərbaycan bu işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirir. Bu gün görülən işlərin miqyasının genişliyi bir daha bu reallığı təsdiqləyir ki, dövlət başçısı İlham Əliyevin Prezidentlik  dövrünün müharibəyə hazırlıq mərhələsi kimi dəyərləndirilən 2003-2020-ci illər, eyni zamanda, bərpa-quruculuq işlərinə hazırlıq dövrü kimi də xarakterizə edilə bilər. Bu baxımdan ki, həmin  işlərin hamısının vaxtında, eyni zamanda, müasir tələblər səviyyəsində görülməsi üçün maliyyə imkanları yüksək olmalıdır. Azərbaycan ötən dövr ərzində iqtisadi  imkanlarını artırmaq üçün yeni imkanlar qazandı. Belə ki, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlu icrası, Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələrin  uğurlu icrası ölkəmizin iqtisadi imkanlarının genişlənməsində öz sözünü deyir.  Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərindən bəhs edərkən bu çağırışı edir: «Elə bir məkan qurmalıyıq ki, bu, 30 il həsrət içində yaşayanlar üçün təsəlli olsun. Onlar buna layiqdirlər. Digər tərəfdən, dünyaya da göstərək, bax, torpağın sahibləri qayıdıb, bax, viran qoyulmuş torpaqlar görün, gülüstana çevrilib.»

Əsas hədəflərdən biri Qarabağ və Zəngəzurda tətbiq edilən yanaşmanın sonra bütün ölkə üzrə  həyata keçirilməsidir. Bu ərazilərdə yeni idarəetmə üsulu tətbiq edilir. Dövlət başçısı İlham Əliyev martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirmişdir ki, dövlət öz üzərinə düşən vəzifəni icra edir: «Demək olar ki, indi bu təyinatdan sonra azad edilmiş əksər rayonlarda mənim xüsusi nümayəndələrim artıq fəaliyyətə başlayacaqdır. Hələ təkcə Kəlbəcər rayonunda təyin edilməyib, bu da olacaq. Bu ərazilərdə, eyni zamanda, yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir.»

İşğaldan azad edilmiş bütün ərazilərdə soydaşlarımızın yaxın gələcəkdə yüksək səviyyədə yaşayışını təmin etmək üçün bütün zəruri addımlar atılır. Bütün bunları müşahidə etmək üçün  dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Novruz bayramı ərəfəsində Tərtər rayonunun Talış kəndinə səfərləri zamanı görülən işlərin miqyasına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev çoxlu sayda  yeni sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etdi.

Böyük Qayıdış proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürüldü. Talış sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya,  rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə etdilər.

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən təmizləyib. İşğaldan azad edildikdən sonra dövlət başçısı İlham Əliyevin  tapşırıqları əsasında Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb.

Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən, soydaşlarımızın bu torpaqlara qayıdışından bəhs edərkən bildirir ki, bu, doğrudan da böyük xoşbəxtlikdir. Həm müharibədə qalib olmaq, xalqımızın ümidlərini doğrultmaq, eyni zamanda, qurub-yaratmaq – bundan böyük xoşbəxtlik ola bilməz. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir ki, xalqımız doğurdan da uzun illər ərzində əyilmədi və öz kimliyini unutmadı: «Zəngilanın Ağalı kəndində uşaqların baxışlarını, gülüşlərini görəndə vallah, adam sanki uçur. Axı onlar bu yerləri ancaq kitablarda görüblər, məktəblərdə eşidiblər, valideynlərindən, babalarından, nənələrindən eşidiblər, amma indi gəliblər oraya. Torpaq çəkir və əminəm ki, bizim keçmiş köçkünlərimizin hamısı qayıdacaq.»

Artıq sahibinə qovuşan torpaqlarımızda  tarixi və dini abidələrimizin bərpası prioritet məsələlər sırasındadır. Heydər Əliyev Fondunun dəstəyi  ilə bu işlər yüksək səviyyədə həyata keçirilir. Ermənilər bu ərazilərimizdə izləri itirmək üçün bütün tarixi və dini abidələri yerlə-yeksan ediblər. Cənab İlham Əliyev bərpa-quruculuq işlərin başlanan zaman bu abidələrin bərpasını qarşıya mühüm vəzifə kimi qoydu. Postmünaqişə dövründə bu torpaqlara   səfər edən hər kəs erməni vəhşiliklərinin şahidi olur. Hər daşı, qayası bir tarix olan, özündə mühüm çağırışları ehtiva edən  küçələr erməni vəhşiliklərinə şahidlik edir. Bütün işğaldan azad edilmiş ərazilərimizdə  Zəfər muzeylərinin və Memorial komplekslərin tikintisi nəzərdə tutulur. Elə bir imkan yaratmaq nəzərdə tutulur ki, hər bir ziyarətçi  bu muzeylərin, komplekslərin vasitəsilə ermənilərin illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayıb burada bütün tikililəri yerlə-yeksan etmələri barədə dolğun məlumatlar əldə etsin. Bərpa-quruculuq işləri zamanı bəzi məhəllələrdə dağıntı ərazilərinin saxlanılmasının vacibliyi məsələsi də önə çəkilir. Bu dağıntılar ermənilərin əsl simasının dünyaya təqdimatında əhəmiyyətli rol oynayacaq.

Yuxarda da qeyd etdiyimiz kimi,  bütün bu hədəflərə  çatmaq üçün  güclü iqtisadiyyatımız olmalıdır.  İqtisadi müstəqilliyimiz  çoxdan təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil. Əgər ötən  ilin iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, postpandemiya dövrü üçün nəticələr qənaətbəxşdir. İqtisadiyyat təxminən 5 faiz artıb, qeyri-neft sektorunda 9 faizdən çox artıb.  Ümumi daxili məhsul  rekord həddə – 130 milyard manata çatıb.  Bununla paralel olaraq  xarici dövlət borcumuz xeyli azalıb.  2021-ci ildə  xarici dövlət borcu ümumi daxili məhsulun  17 faizi həcmində  idi, ötən  ilin son nəticələrinə görə 9,5 faizdir. Müqayisə üçün deyə bilərik  ki, bəzi inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsulun 100, 120, hətta 150 faizini təşkil edir. Qeyd edilənlər onu söyləməyə əsas verir ki, Azərbaycan  tamamilə beynəlxalq maliyyə institutlarından asılı deyil.

Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, ümumilikdə 2024-2026-cı illərdə Ağdam rayonunda 9690, Füzuli rayonu üzrə 5634, Tərtər rayonu üzrə 368, Xocavənd rayonu üzrə 307 olmaqla, cəmi 15 min 999 fərdi ev və mənzilin tikilməsi nəzərdə tutulur. Avtomobil və dəmir yolları, elektrik xətlərinin çəkilməsi istiqamətində layihələr yekunlaşır. Həmçinin sosial-iqtisadi infrastrukturun qurulması istiqamətində işlər görülməkdədir.  Dövlət Proqramında da göstərildiyi kimi, 2026-cı ilin sonunadək nəinki Ağdam şəhərinə, eləcə də ətraf kəndlərə insanların qayıtmasını təmin etmək əsas hədəflər sırasındadır.  Ağdam şəhərinə və ətraf kəndlərə 42 min adamın köçürülməsi nəzərdə tutulub. Cari il üçün əsas hədəf laçınlıların Laçına köçürülməsidir. Mərhələli həyata keçirilən qayıdış prosesi hər bir azərbaycanlıda, bu ərazilərin sakinlərində böyük qürur hissi yaradır. 30 il torpaq həsrəti ilə yaşayan soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdaraq burada yeni həyatın başlanmasını səbirsizliklə gözləyirlər.

Hər zaman qeyd etdiyimiz kimi, bütün bu işlər ölkəmizin daxili imkanları hesabına həyata keçirilir. Bu prosesə yeganə rəqib zamandır. Bu baxımdan ki, ərazilərdə bərpa-quruculuq işlərinin sürəti minalardan təmizlənmə prosesindən asılıdır. Bu isə böyük vaxt itkisi deməkdir. Azərbaycanın iqtisadi və maliyyə imkanları hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir.

Daha çox xəbərlər