Axsaq atın kor nalbəndi…
Fars-molla rejimi parlamentinin son qərarı axmaqlığın kulminasiya nöqtəsidir
1402-ci il aprelin 5-də İran parlamenti İsraildə səfirlik açdığı üçün 210 səslə Azərbaycana qarşı bəyanat qəbul edib.
Bəyanatda səfirliyin açılmasının mənfi siyasi nəticələrinin olacağı bildirilib, eyni zamanda, Xarici İşlər Nazirliyinə bununla bağlı addımlar atmaq tövsiyə edilib. Çaşmayın a, bu 1780 il əvvəl deyil, iki gün əvvəl qəbul edilib. Axı, onların tarixi də özləri kimi geridə qalır. Düzdür, hələ də infeksiya mənbəyi olan saqqaldan imtina etməyən, əmmamədən-ləbbadədən çıxmayan bu gerizəkalılar əslində elə on beşinci əsr düşüncəli insanlardır.
Sənədi qəbul edən ağayi deputatlar Azərbaycanın Fələstində nümayəndəlik açmasını bilərəkdən görməzliyə vuraraq, üstəlik dünya müsəlmanlarının ölkəmizi məzlum fələstinlilərin qətli və cinayətində İsrailin şəriki hesab edəcəyini vurğulayıblar. Gör ha, nə ağıllıdırlar? Şəri, böhtanı, şantajı anındaca uydurmağı necə bacarırlar. Hamıya məlumdur ki, onlar belə işlərin mahir ustalarıdır.
Onlar, eyni zamanda, İsraildə səfirlik açılmasını “məzlum Fələstinin fundamental hüquqlarının” pozulması kimi qələmə verib və bütün müsəlman ölkələrini, İslam Əməkdaşlıq Təşkilatını bu addımı qınamağa çağırıblar. Elə düşünürlər ki, o təşkilatdakılar da onlar ağıldadır, bunlar deyən kimi onlar da inanacaq və Azərbaycanın üstünə düşəcəklər.
Məsələ ondadır ki, fars-molla rejimi Azərbaycanın İsrail kimi sadiq dostları hesabına daha da güclənməsini istəmir. Quzey Azərbaycanın açar ölkəyə çevrilməsini, öz torpaqlarını azad etməsini sinirə bilmir. Bunu hər şeydən əvvəl Güney Azərbaycan üçün “pis nümunə” hesab edir. Bu, bir yana qalsın,
həyasızlığa baxın ki, dünya müsəlmanları adından danışmağa üz bahəm ediblər. Kim İranı özünə vəkil tutub ki? Bütün müsəlman dünyası bilir ki, İsrail Azərbaycan torpaqlarının erməni işğalından qurtulmasına hər cür kömək göstərdiyi halda, “müsəlman” İran bunun əksini edib – salamat qalmış məscidlərimizdə donuz saxlayan təcavüzkar Ermənistan üçün “nəfəslik” rolu oynayıb, “məzlum” dığalara hər cür köməklik göstərib, o cümlədən hərbi xarakterli.
Bu dəstək tam həcmdə indi də davam edir. Yeri gəlmişkən, molla rejimi bu günədək ermənilər tərəfindən Qarabağ və Şərqi Zəngəzurdakı 67 məsciddən 65-nin dağıdılmasını pisləməyib. Biz hələ Tehranın digər erməni vəhşilikləri və vandallıqlarına qarşı davam edən heyrətamiz susqunluğunu demirik. Bəs məzlum Azərbaycan xalqının hüquqları harda qaldı?! Üstəlik, sərhədlərin toxunulmazlığını əlində bayraq edən, qardaşı Hayastanın ərazi bütövlüyünü özünün “qırmızı xətti” sayan İran əlindən gələni edir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmasın. Hələ bu harasıdır? İranın rəsmi və qeyri-rəsmi şəxsləri, arıq generalları, peysəri yoğun polkovnikləri, mətbuatı az qala hər gün dövlətimizi və xalqımızı hədələməklə, aşağılamaqla, təhqir etməklə məşğuldur. Bu, əxlaqsızlıq deyil, bəs nədir?
Sarsaq mollalara xatırladaq ki, Azərbaycandan xeyli öncə – 2020-ci ildən İsraildə Ermənistan səfirliyi fəaliyyətə başlayıb. Amma biz ötən müddətdə Tehran şeytanlarının, onların parlamentinin İrəvana bir dəfə də olsun, irad tutmasını, haylara “gözünüz üstündə qaşınız var” söyləməsini görmədik. Yenə əksinə, İran-Ermənistan qardaşlığının daha da güclənməsinin şahidi olduq. “Məzlum fələstinlilərin hüquqları” 2020-ci ildə niyə yada düşmürdü?
Tehran rejimi hansı haqla İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və İslam həmrəliyindən dəm vurur? Əgər özü hər zaman İƏT qərarlarına, o sıradan qurumun işğalçı Ermənistanla bağlı qərarlarına daim biganə yanaşıbsa? Acı gerçək, həmçinin budur ki, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı işğal səbəbilə Ermənistanla diplomatik əlaqələri dayandırdıqları, qardaş ölkə sərhədləri bağladığı halda, İran təcavüzkar üçün əsl xilaskar qismində çıxış edib. Mollalar həm sərhədlərini, həm də ürəklərini “qardaşları” haylar üçün daim açıq saxlayıblar.
Görünür, son vaxtlar İran casuslarının ölkəmizdə aşkar olunub həbs edilmələri əmmaməli təşkilatçıları narahat edir. Onların Azərbaycanda “kərimə” dövləti qurmaq kimi gülünc iddialarının boşa çıxması və ifşa olunması bunları qəzəbləndirir. Nahaq yerə deməyiblər ki, axmaq baş bədənə əziyyət verər.
Molla rejiminin İranın ölkəmizdəki səfirliyi vasitəsilə Azərbaycan Xarici İşlər Nazirliyinə nota təqdim etməsi rəsmi Bakıya meydan oxumağa bərabər bir addımdır. Bu addım hətta o dərəcədə axmaq seçimdir ki, sonrakı mərhələdə iki ölkə arasında diplomatik münasibətlərin tamamilə qırılmasına gətirib çıxara bilər. Əgər iş o yerə gedib çıxarsa biz heç də heyifsilənməyəcəyik. Çünki düşmənimizlə bir yerdə olandan uzaq durmağımız daha yaxşı olar.

