Gündəm 

Yola davam, Türkiyə!

Bu gün  qardaş ölkə bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə söz sahibi olmuş və böyük nüfuz qazanmış güclü və qüdrətli dövlətdir

2003-cü ilə qədər Türkiyə siyasəti çevrilişlər, qısamüddətli hökumətlər, Qərbin diktəsi ilə addım atan hərbi-siyasi elita və iqtisadi böhranlarla xarakterizə olunurdu.  Lakin Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlməsi ilə müasir türk tarixinin yeni dönəmi başlandı. Qardaş ölkə Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə sürətli inkişaf yolu keçib, dünyada söz sahibi olub və güc mərkəzinə çevrilib, xüsusilə infrastruktur sahəsində qlobal layihələr reallaşdırılıb.

İlk olaraq Türkiyə iqtisadi və siyasi müstəqilliyini tam mənada bərqərar etdi. Ankara artıq Qərbin diqtəsi ilə yox, özünün milli maraqlarını rəhbər tutmaqla tərəfdaş və müttəfiqlərini seçməklə, Şimali Afrikadan Cənubi-Şərqi Asiyaya qədər geniş bir arealda təsir dairəsi formalaşdıra bildi. Habelə daim ölkənin gərginlik rıçaqı kimi istifadə olunan milli kimlik məsələsi təhdid kimi aradan qaldırıldı. Terrorla mücadilə müstəsna nəticələr verdi. Məhz son 20 ildə İraq və Suriyanın şimalında bufer zonalar yaradıldı, terrorla mübarizəyə artıq Türkiyə sərhədlərindən kənarda başlandı.

Türkiyənin müdafiə sənayesində son illər qazanılan uğurları da xüsusi qeyd etmək lazımdır. Əvvəllər müdafiə sənayesində xaricdən daha çox asılı olan Türkiyə artıq milli gəmisini, tankını, radar aparatını, insansız hava vasitələrini, silahını özü istehsal edir, kosmosa peykini göndərir. “Meteksan” şirkəti tərəfindən hazırlanan, hərəkət edən, hədəfi aşkarlayan “Milsar” radar sistemi PUA-ların pis hava şəraiti zamanı və ya buludların arasında olarkən daha rahat hərəkət etməsinə köməklik göstərəcək. Radar sisteminin əsas xüsusiyyətlərindən biri də Türkiyə istehsalı bütün PUA-larda fəaliyyət göstərməsidir. Dünyanın 100 ən böyük müdafiə sənayesi şirkətinin siyahısında Türkiyənin müdafiə sənayesində iştirak edən 5 şirkət yer alıb. Bu il daha iki şirkət – “FNSS Savunma Sistemleri” və “Havelsan” daxil olub.  Türkiyə dünyada özünəməxsus hərbi gəmilər dizayn və istehsal edən 10 ölkədən biridir. Dünyada beşinci nəsil döyüş təyyarəsi istehsal edən cəmi dörd ölkə var və Türkiyə beşinci olacaq. 2022-ci ildə Türkiyənin ixracatı bir il əvvəllə müqayisədə 12,9 faiz artaraq 254.2 milyard dollara çatıb. Ən çox qeyri-neft məhsulu Rusiyaya ixrac olunub. Bu, ölkə tarixində rekord göstəricidir. Bundan sonra hədəf Türkiyəni dünyanın ilk 10 ixracatçı ölkəsindən biri etməkdir. Həmçinin 2022-ci ilin üçüncü rübündə Türkiyənin ÜDM artımı 6,2 faizə çatıb.

Müdafiə sənayesində önəmli rolu olan şəxslərdən biri də Səlcuq Bayraktardır. Məhz onun təşəbbüsü ilə bu gün türk hərbi sənayesi dünyanın aparıcı hərbi qüvvəsi hesab olunur.  Bayraktarın növbəti hərbi sənaye uğuru  “Bayraktar TB3” Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə 27 aprel – 1 may tarixləri arasında İstanbul Atatürk Hava Limanında keçiriləcək TEKNOFEST 2023 sərgisində ilk dəfə ictimaiyyətə nümayiş etdiriləcək.  “Bayraktar TB3” qatlana bilən qanad quruluşu ilə “TCG Anadolu” kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb-enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq.

Türkiyə dünyanın ən qabaqcıl texnologiyası ilə təchiz edilmiş avtomobil sənayesi quracaqdır. Bu, inanılmaz hadisədir. Qardaş Türkiyənin bu uğuruna xalqımız, xüsusilə Prezident İlham Əliyev səssiz qala bilməzdi. Məhz ilk olaraq Prezident İlham Əliyevin R.T.Ərdoğana təbrik zəngi buna bariz nümunədir. Eyni zamanda, “Togg”un ilk buraxılışının Bakıya gətirilməsi və Prezident İlham Əliyevə təqdim edilməsi iki qardaş ölkənin sevincinin paylaşılması kimi dəyərləndirilməlidir. Məhz buna görə Prezident İlham Əliyev “Togg” elektromobilinin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirib.

Avtomobil istehsalı sənayesinin inkişafı Türkiyə milli iqtisadiyyatının və ümumiyyətlə, ölkədə sosial-iqtisadi rifahın yüksəlməsində çox təsirli rol oynayacaq. Birincisi, Türkiyə öz milli markasını dünya bazarına təqdim etməklə, ticarət predmetini yaratmış olur. Bu da öz növbəsində ölkəyə yeni maliyyə axını kanalını təmin edəcək. İkincisi, Türkiyə avtomobil bazarının tam ixracdan asılılığını əhəmiyyətli dərəcədə zəiflədəcək. Təsadüfi deyil ki, beynəlxalq ekspertlər “Togg”un istehsalını Türkiyənin 60 illik xəyallarının gerçəkləşməsi kimi qiymətləndirirlər. Bu, “Bayraktar” PUA-larından sonra Türkiyəni dünyada modern texnologiyalar istehsalçısı qismində tanıdan ikinci möhtəşəm nailiyyətdir. Bu, eyni zamanda, qardaş ölkədə son illər müdafiə sənayesi ilə yanaşı, mülki sənaye sahələrinin də inkişaf etdirildiyini təsdiqləyir.

Son illərdə müdafiə sənayesi sahəsində sürətlə yüksələn Türkiyə bir neçə gün öncə yeni bir ilkə imza atdı. Aprelin 10-da yerli şirkətlər tərəfindən inşa edilən “TCG Anadolu” amfibiya hücum gəmisi Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verildi. 2016-cı ildə inşasına başlanan “TCG Anadolu” PUA (pilotsuz uçuş aparatları) gəmisi dünyanın ilk PUA gəmisi hesab olunur. Türkiyə mətbuatına istinadən deyək ki, qardaş ölkənin yerli şirkətləri tərəfindən istehsal edilən “Bayraktar TB3” PUA-ları, “KızılElma” insansız qırıcıları, “Hürjet” təlim təyyarələri hərbi gəmidən enib-qalxa biləcək. Uzunluğu 231 metr, eni 32 metr olan “TCG Anadolu” vasitəsilə 19 helikopter, 30 müxtəlif zərbə PUA-ları, 13 tank və digər zirehli texnikalarda daşına biləcək. Türkiyə Hərbi Dəniz Qüvvələrinin ən böyük gəmisi olan “TCG Anadolu” 1400 hərbçi daşımaq qabiliyyətinə malikdir. Hərbi baxımdan “TCG Anadolu” Türkiyə və müttəfiqlərinə çevik imkanlar təqdim edəcək. Bu kimi strateji döyüş gəmiləri əməliyyat planına uyğun olaraq öz tapşırıq qrupları ilə birlikdə hərəkət edirlər. Keçirilən mərasim zamanı Türkiyə Prezidenti R.T.Ərdoğan Türkiyənin müdafiə büdcəsinin 75 milyard dollara çatdırılacağını bəyan edib. Bu il rəsmi Ankara mütəffiq ölkələrə silah ixracını 6 milyard dollara artırmağı, yeni silah və texnika istehsal etməyi planlaşdırır. Hazırda Türkiyənin silah və texnikaya olan ehtiyacının 70 faizindən çoxu yerli şirkətlər tərəfindən qarşılanır.

Hərbi və müdafiə sənayesi sahəsində bu gün Azərbaycan-Türkiyə münasibətləri uğurla davam edir. Azərbaycan Ordusunun Türkiyə ordu modelinə keçməsi təsadüfi deyildi. 44 günlük Vətən müharibəsində Türkiyənin ordu modeli özünün uğurunu bir daha sübut etdi. Bu model hələ uzun illər ərzində Azərbaycan Ordusunun professional inkişafında böyük rol oynayacaq.

Ölkənin stabil inkişafını təmin etməklə bərabər Prezident Ərdoğan Türkiyənin mühüm bir regionda aparıcı siyasi-hərbi aktora çevrilməsini təmin edib. Eyni zamanda, məhz cənab Ərdoğanın səyi nəticəsində Türkiyənin tükdilli ölkələrlə münasibətləri ən yüksək səviyyədədir. Bunun ən bariz sübutu Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsidir. Bu Bəyannamə iki qardaş dövləti strateji müttəfiq səviyyəsinə çıxardı.

Mayın 14-də Türkiyədə keçiriləcək parlament və prezident seçkiləri böyük maraqla izlənilir. Son illərdə Türkiyənin mühüm qlobal coğrafiyada – Yaxın Şərq, Cənubi Qafqaz, Mərkəzi Avropa eləcə də, Şimali Afrikada inkişaf edən siyasi proseslərdə oynadığı rol, Rusiya-Ukrayna müharibəsində tutduğu barışdırıcı mövqe bu ölkənin siyasi reytinqini yüksəldib. Təbii ki, bu amillərin seçkilərin nəticələrinə də təsirsiz ötüşməyəcəyi gözlənilir. Başqa sözlə, cəmiyyət Türkiyənin hazırki siyasi, iqtisadi, hərbi statusundan məmnun görünür – bunu keçirilən sosial sorğular da sübut edir. Seçicilər ölkənin iqtisadi inkişafını, hərbi sənayenin yüksəlişini, yeni texnoloji uğurları yüksək dəyərləndirirlər.

Azərbaycan qardaş Türkiyənin uğurlarına hər zaman sevinir. Prezident İlham Əliyevin dediyi kimi, Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Bizim qardaşlığımız əbədi və sarsılmazdır!

Daha çox xəbərlər