Sosial 

Qardaşlaşdıran “sən”, yadlaşdıran “siz”

Aydın Talıbzadə: “Lütfkarlıq müraciəti sonradan sosial eybəcərliyə qapı açır. Sovet dönəmində kimin ali savadı, vəzifəsi vardısa, o, heç nədən asılı olmayaraq “siz”ləşirdi, kasıb, fəhlə, kəndli isə həmişəlik “sən” qalırdı”

Sənə mən siz deyərəmsə, özümə bizmi deyim,
O böyük Tanrıya sən, bəndəsinə sizmi deyim?

Bu misralar Baba Pünhana məxsusdur. Görünür, bir çoxumuz kimi mərhum şair də düşüncə və dil faktı ilə üz-üzə qalıb. Kim bilir, bəlkə də, “sən” deyə müraciət etdiyi üçün qarşısındakının tənəsinə tuş gəlib… Bəs nədir bu “sən” və “siz” qarşıdurması?
Hər ikisi şəxs əvəzlikləridir. Biri ikinci şəxsin təkində, digəri cəmində işlənir. Qrammatik baxımdan bu əvəzliklərdən çox danışa bilərik. Lakin mövzumuz bu deyil. Onlara yüklədiyimiz məna və bu səbəbdən nitqimizdə yaranan diskomfortdur. Mədəniyyətimizdə etiket qaydalarına görə, təkliyi bildirən “sən” hörmətsizlik, cəmi ifadə edən “siz” nəzakət əlamətidir. Bizə tanımadığımız şəxs “sən” deyə müraciət etdikdə, onu etik qaydalara riayət etməməkdə günahlandırırıq. Yaxud, Baba Pünhanın sözünə qüvvət, Allaha “sən” deyə müraciət edirik, amma özümüzə “sən” deyiləndə, bunu təhqir hesab edirik. Bəzən bunun əksini də müşahidə edirik. Kiməsə “siz” deyəndə inciyir ki, məni özünə yaxın bilmədi, “sən” deyəndə də, deyir ki, şəxsimə qarşı hörmətsizlikdir.
Bəs nə edək? “Sən” əvəzliyi cəmiyyətdə niyə hörmətsizlik kimi qəbul edilir? “Sən”ə qarşı aqressiv münasibətin səbəbi nədir? İnsan nə vaxt “siz”, nə vaxt “sən” olur?

“Siz”lə danışmaq daha çox kübar cəmiyyət üçün səciyyəvidir”

Sənətşünas Aydın Talıbzadə deyir ki, Azərbaycanda qəbul olunmuş hörmət və davranış normalarına görə kiçiklər böyüklərə “siz” deyə müraciət edərdilər. Bizi uşaqlıqdan belə öyrədiblər: “Böyük hər zaman “siz”dir. Hərçənd kənddə buna rast gəlməzsən. Böyüklərin hörmətini həmişə saxlayarlar, amma ağsaqqal onlar üçün həmişəlik “sən”dir. Kənddə əksər hallarda “siz”lə danışanlara yaxşı baxırlar. “Siz”lə danışmaq daha çox kübar cəmiyyət, alim-yazıçı-müəllim-həkim tayfası üçün səciyyəvidir. Buradan da belə çıxır ki, “siz” xüsusiləşdirir, topluma ayrıntı faktoru gətirir, insanları təbəqələşdirir”.

“Sən”lə danışmaq tərbiyəsizlikdir?

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanda “sən”lə danışmaq tərbiyəsizlik, mədəniyyətsizlik kimi qavranılır: “Psixoloji olaraq, “siz” həmişə yuxarını, “sən” aşağını simvollaşdırır. Yaşca böyük adam, vəzifəli şəxs, ictimai persona “siz”ləşib insanın psixoloji məkanında özünə yuxarıda yer tapır, qara camaat isə “sən”ləşib aşağıda qərarlaşır. Ona görə, “sən”lə danışan insan potensial təhlükəli, özünə güvənən və iddialı adam kimi qəbul edilir”.

“Siz” dilin qalstukudur

Talıbzadə vurğulayır ki, Azərbaycan mədəniyyəti “sən”lə “siz”i qaba və kübar müraciət formaları kimi XIX əsrin sonu – XX əsrin əvvəllərindən etibarən bir-birindən ayırıb: “Bu, həm də sosial bir aksiyadır, çünki dilin insanları fərqləndirmək, təbəqələşdirmək kimi eybəcər bir funksiyası yaranır. “Siz” dilin qalstukudur. Lütfkarlıq müraciəti sonradan sosial eybəcərliyə qapı açır. Əgər xatırlayırsınızsa, sovet dönəmində kimin ali savadı, vəzifəsi vardısa, o, heç nədən asılı olmayaraq “siz”ləşirdi, kasıb, fəhlə, kəndli həmişəlik “sən” qalırdı. Dünyanın ən rahat və inkişaf etmiş dili ingiliscədə belə bir müraciət yoxdur. Amma ruscada, farscada, fransızcada, ispancada və bir sıra digər dillərdə var. Hətta orta çağ və intibah dövrü İngiltərəsində buna oxşar bir şey olub. Ancaq sonradan lazımsızlıq ucbatından ondan imtina ediblər: çünki dil yüksək sürətlə çevik, mobil, yığcam və sadə olmağa can atıb. İndi biz də, bir çox hallarda “siz”lə danışırıq. Halbuki qədim zamanlarda biz belə müraciət forması tanımamışıq. Fikrimcə, bu müraciət forması Azərbaycan dilinə sonradan gətirilmədir”.

Folklor diriliyi, salon nəzakəti

Ekspert vurğulayır ki, XX əsr azərbaycanlıların “sizləşmə” əsri olub: “Hərçənd bazar-dükan, məhəllə, xeyir-şər məclisləri kontekstində adamlar heç vaxt bir-birinə “siz”lə müraciət etməz, bunu sünilik, quruluq əlaməti sayardılar. “Sən” qardaşlaşdırır, “siz” yadlaşdırır. “Sən”də gerçəklik kobudluğu, folklor diriliyi var, “siz” isə şirintəhər salon nəzakətidir”.

“Dil kimisə yüksəldib-alçaltmır”

A.Talıbzadənin sözlərinə görə, Azərbaycan nağıllarında da kimsə kiməsə “siz” deyə müraciət etməyib. Mütəxəssis vurğulayır ki, orada hətta qibleyi-aləm belə “sən”dir: “Kitabi-Dədə Qorqud” dastanında da “siz” müraciət forması kimi yoxdur. Azərbaycan ədəbiyyatının digər epik nümunələrində də “siz” gözə dəymir. Müqəddəs qaba ağac bütün oğuz tayfaları üçün “sən”dir, xanlar, igidlər, türk gözəllərinə də həmçinin “sən”lə müraciət olunur. Kərəm sevgilisini sərv ağacından, sudan, qurddan xəbər alanda onlara “sən” deyib xitab edir. Bu onu aşkarlayır ki, dil içində hamı bərabərdir. Dil kimisə yüksəldib-alçaltmır, kimisə kimdənsə ayırmır, “sən” – “siz” bölgüsündən imtina edir. İnsanlar yalnız əməllərinə, hünərlərinə görə ad alıb yaşayır, fərqləndirici əlamətlərə yiyələnirlər”.

Əvvəllər “sən” deyilirdi…

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, “sən” və “siz”ə verilən məna ictimai rəyin nəticəsidir: “Adət-ənənə var. Bu adət-ənənədə “siz” ifadəsi ilə müraciət son illərdə yarandı. Əvvəllər “sən” deyilirdi. Yalnız bizdə deyil, bir çox başqa xalqlarda ehtiram mənasında “siz” deyə müraciət yaranıb. Əgər insanlarımız buna öyrəşib, qəbul edibsə, inqilabi dəyişiklik etmək heç arzuolunan deyil. Bu, qanun deyil, əhali arasında qəbul olunmuş normadır. İnsan özündən yaşlılara ehtiramını bildirmək üçün “sən” yox, “siz” deyir. Bu, zənginlik mənasındadır”.

“Normaları sındırmaq lazım deyil”

Sosioloqun sözlərinə görə, “Siz” deyərkən sanki qarşınızdakı adama deyirsiniz ki, mənim gözümdə çox qabiliyyətli, çoxtərəfli, mənəviyyatca zəngin bir insansan: “Başqasına ehtiramını bildirmək hörmət əlamətidirsə, burada pis heç nə yoxdur. Əgər cəmiyyətdə qəbul olunmuş normalar varsa və bu normanın insanların mənəviyyatına, ölkənin tərəqqisinə bir ziyanı yoxdursa, bu normaları sındırmaq lazım deyil”.

Kaspi.az

Daha çox xəbərlər