Ana dili xalqımızın milli sərvətidir
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Ümummilli lider Heydər Əliyev respublikanın iqtisadi, ictimai-siyasi və mədəni-ideoloji həyatında dirçəliş yaratmaqla yanaşı, dil məsələsinə də xüsusi diqqət və qayğı göstərdi. Ulu öndərin ilk gündən yeritdiyi dil siyasəti Ana dilini inkişaf etdirmək, onun dövlət statusunu reallaşdırmaq, dünya dilləri içərisində nüfuzunu artırmaq məqsədini daşıyırdı. Həmin dövrdə Azərbaycanda hələ də rus dilinin mövqeyi çox güclü idi – nəinki dövlət idarəçiliyi, cari təsərrüfat, xüsusilə, sənaye sahələrində də rus dilindən geniş istifadə olunur, kənddən şəhərə, respublikanın paytaxtına gələn gənclər bu baxımdan müəyyən çətinliklərlə rastlaşırdılar.
Ümummilli lider Heydər Əliyev yaxşı bilirdi ki, Moskva ruslaşdırma siyasətini yürüdür, lakin bu qeyri-humanist, bayağı siyasət müxtəlif yollarla pərdələnir, Azərbaycan dili dövlətçilikdən, inzibati idarə sistemindən, elmdən, mədəniyyətdən, təhsildən sıxışdırılır, yalnız məişət dili səviyyəsinə endirilirdi. Bunun qarşısını almaq üçün 70-ci illərindən etibarən respublikanın müxtəlif ali məktəblərində Ana dili və ədəbiyyatı ixtisası üzrə tələbə qəbulunun həcmi artırıldı, qəbulda Ana dilindən yazılı imtahan ən müxtəlif ixtisaslar üzrə belə məcburi hesab edildi. Tədrisi Azərbaycan dilində aparılan məktəblərin sayı çoxaldıldı. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illiyi münasibətilə keçirilən mərasimdə respublika rəhbərinin Ana dilində çıxış etməsi əsl tarixi hadisəyə çevrildi. Həmin illərdə görkəmli Azərbaycan yazıçılarının, şairlərinin, elm xadimlərinin yubileyləri keçirilir, respublika rəhbərinin özü Azərbaycan yazıçılarının qurultaylarında iştirak edir, fikir mübadilələri aparırdı. Uzaqgörən rəhbər ziyalılarımızın, xüsusilə, dilçi alimlərin milli sərvətimizlə bağlı sabit, mənəvi, ideoloji mövqeyinin nədən ibarət olduğunu bir daha yəqin edir və bu, Ulu öndərə Ana dili barədə daha fəal dövlət siyasəti yeritmək imkanı verirdi. Həmin siyasətin məntiqi nəticəsi isə 1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında maddənin yer alması idi. Bu müddəanın müəllifi Ulu öndər Heydər Əliyev idi. Uzaqgörən dahi şəxsiyyətin qətiyyəti və iradəsi sayəsində Azərbaycan dilinin dövlət dili olması barədə müddəa Konstitusiyanın 73-cü maddəsində öz təsdiqini tapdı.
Ulu öndərimiz Heydər Əlyievin müəllifi olduğu 1995-ci il Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin Ana dilimizin- Azərbaycan dili olması fikri xalq tərəfindən dəstəkləndi. Beləliklə də, 1995-ci il Konstitusiyasının 21-ci maddəsində Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.
Vurğuladımız kimi, Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirirdi. 2001-ci ilin 18 iyununda Ümummilli liderimiz “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Bu tarixi sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynayırdı. Fərmana əsasən Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması Ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı. 2001-ci il avqustun 9-da Ulu öndər Heydər Əliyev yeni Fərman – “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” mühüm bir sənəd imzaladı. Bu sənəd dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verdi, yaddaşımıza və milli-mənəvi dəyərlərmizə, eyni zamanda, əlifbamızın beynəlxalq aləmə daha yaxın olan bu qrafika ilə Azərbaycan əlifbasına keçidi sürətləndirdi.
Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr heç bir istisnaya yol verilmədən bu qrafika ilə aparılmağa başlandı. 2003-cü il yanvar ayının 2-də isə Ulu öndər Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Həmin qanunda dövlətin Ana dilinə qayğısı sahəsindəki əsas vəzifələr dəqiq şəkildə göstərildi. Qanun dövlət dilinin inkişaf proqramının hazırlanmasının və dövlət büdcəsindən ayrılmış vəsait hesabına həmin proqramın həyata keçirilməsinin maliyyələşdirilməsini hökumətin başlıca vəzifələrindən biri kimi qarşıya qoymuşdu. Sənəddə qeyd olunan bütün müddəalar Azərbaycanda dövlət dilinin qorunmasını və inkişafını təmin etməyə qadir çox mükəmməl bir hüquqi sistemin mövcud olduğunu bir daha təsdiqləyirdi.
Azərbaycan dilinin siyasi hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində atılan addımlardan biri də ulu öndərin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı oldu. Fərmanda həm dilimizin tarixi ilə bağlı bir sıra incə və həssas məqamlara aydınlıq gətirilir, həm də onun keçdiyi inkişaf yolları və mərhələlərinin yığcam təhlili verilir. Fərmanda, həmçinin müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin ölkədə geniş miqyasda tətbiq edilməsi və hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılması qeyd olunur və bu məqsədlə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi bir vəzifə olaraq qarşıya qoyulurdu. Ümummilli liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında”2001ci il 9 avqust tarixli Fərmanı Azərbaycan dilinə, onun inkişafına dövlət qayğısının ən bariz nümunəsidir. Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya – latın qrafıkalı Azərbaycan əlifbasına keçdi.
Azərbaycan dili ilə bağlı vacib addımlardan biri də ulu öndərin 2002ci il sentyabrın 30da imzaladığı “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunudur. Müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən bu qanunda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımi şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulub.
“Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanı müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, həyata keçirilmiş tədbirlərin yeni bir səhifəsidir. Dövlət dilinin daha da inkişaf etdirilməsi sahəsində həyata keçirilən ardıcıl siyasət qloballaşma şəraitində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və milli varlığının qorunub saxlanılmasına, daha da möhkəmləndirilməsinə dövlət səviyyəsində göstərilən qayğının parlaq bir nümunəsidir. Bu, ilk növbədə özünəməxsus davamlı ənənələrə, möhkəm və dayanıqlı prinsiplərə, zəngin söz ehtiyatına malik Azərbaycan dilinin yad və kənar təsirlərdən qorunmasının təmin edilməsinə xidmət edən dövlət fərmanıdır.
Bildiyiniz kimi, 2022-ci ilin aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında cənab İlham Əliyev çıxışı zamanı ana dili ilə bağlı mühim bir məsələ haqqında fikirlərini bildirdi.
Dövlət başçısı qeyd edib ki, burada onlar ilk növbədə Azərbaycan dilini bilməlidirlər: “Burada əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir.
Ana dili bir xalqın milli birliyi, sərvətidir. Onun yoxa çıxması millətin dıradan çıxmasıdır. Odur ki, milli və mənəvi birlik rəmzlərimizdən olan dilimizi qorumaq ən ümdə vəzifəmizdir bunu unutmamalıyıq!
Nərmin Səmədova,
YAP Xətai rayon təşkilatının “Neapol 8” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

