Sosial 

Aqşinin Vətən sevgisi

44  günlük  Qarabağ  müharibəsində  canından artıq sevdiyi, müqəddəsliyinə tapındığı doğma Azərbaycanın   ərazi bütövlüyü uğrunda qan tökən minlərlə şəhid  igiddən biri də  Aqşin Nazim  oğlu  İbadovdur. 1984-cu ildə  Lənkəranın Boladi kəndində dünyaya göz açan bu, ürəyi sevdalı  insan şərəfli bir ömür yaşadı.  Şəhidliyi Vətən  sevgisindən başlandığı  üçün  əbədi bir ömür qazandı. Fəqət namərd düşmən gülləsinə tuş gəlsə də,  torpağa  gömülmədi, köç etdiyi yer könüllər oldu…

Bəli, özünü dərk edən Aqşın qəlbində mənfur düşmənə  kin, nifrət bəsləyir, hərbiçi olub ondan qisas almaq amal ilə orta məktəbi başa vurur.  2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur və 2005-ci ildə “Kəşfiyyat” ixtisası üzrə oranı bitirib, Ağstafa rayonunda yerləşən “N” saylı hərbi hissdə canından artıq sevdiyi Vətəninə keşik çəkir. İllərin səfində  Mingəçevirdə, Murovdağ istiqamətində, Gədəbəydə yerləşən ayrı-ayrı hərbi hissələrdə nümunəvi xidməti ona böyük ehtiram, sevgi gətirir. Doğma Azərbaycana dəyərli övlad olaraq   ixtisası üzrə taqım, bir il sonra  bölük komandiri və hərbi hissənin kəşfiyyat rəisi  vəzifələrini vicdanla, şərəflə yerinə yetirir. Bütün bunlarla bərabər 2015-2018-ci illər arasında müxtəlif ölkələrin hərbçilərinin də qatıldığı kurslarda , seminarlarda iştirak edərək sertifikatlar, diplomlar, qiymətli hədiyyələr alır.   Həmişə canına yağı dadanmış yurdunun taleyini düşünən  Aqşin   Hərbi Attaşe kursunu  keçir, erməni dilini lazımı səviyyədə  öyrənir.  Həmçinin  Ali Hərbi Akademiyanı mükəmməl biliklə bitirib, Türkiyədə İstanbul Milli Müdafiə Universitetində magistr təhsilini alır.

Həyatının dəyərini  Vətəninə, xalqına təmənnasiz xidmətdə  görən,  halal torpağına ürəkdən bağlanan  əsl Azərbaycan oğlu Aqşin  İbadov   bu müddətdə üçüncü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “ Azərbaycan Sılahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley,  iki və üçüncü dərəcəli “Qüsursuz xidmətə  görə” medallara layiq görülür.  Bu, Vətən sevdalısı  “Xilaskar” təxəllüsü ilə  doğma Azərbaycanı, qəhrəmanlığı, saf sevgini tərənnüm edən şerlərdə yazırdı.

30 il  erməni dığaların tapdağına dönənə əbədi, əzəli yurd yerimiz olan Qarabağ   Aqşinin ən yararlı yeri idi.  Və başa  düşürdü ki, şəhid qanı axması, mənfur düşmən bu cənnət məkan yerləri qaytarmaz.  Odur ki, İkinci Qarabağ müharibəsi başlanan gündən  Vətənin  harayına səs verən, ölümün gözünə dik baxan qeyrətli oğulların önündə  yağı ilə savaşa səngərə gedən mayor Aqşin  olur.   Sinəsini qanar od edib dığaların kabusuna dönən  mayor   Füzulidə, Cəbrayılda, Zəngilanda,  Xocavəndə, Kəlbəcərdə əsl qəhrəmanlıq göstərir. Ağır, qeyri-bərabər döyüşdə  düşmənə sarsıdıcı zərbələr  endirir, Vətən torpaqları qarşı-qarış azad olunur.  Tuğ kəndinin ərazisində  adsız yüksəklik uğrunda gedən müharibədə dığalara göz  aşmağa belə imkan vermir.   2020-cü ilin 19 oktyabr Aqşinin son döyüş günü olur.  Xankəndi-Şuşa yolunun təmizlənməsi uğrunda gedən  savaşda şəhid olsa da, yağıdan istədiyi qisası ala bilir.

Bütün Azərbaycan xalqının övladına çevrilən,  qəhrəman adı dillərə düşən  mayor Aqşin İbadov  ölümündən sonra  “Vətən uğrunda”  , Cəbrayılın, Füzulinin, Kəlbəcərin azadlığına görə  medallara layiq görülüb.

Onu da bildirək ki,  Aqşinin  özündən sonra  xalqına əmanət qoyduğu Zeynəb  adında  qız  övladı var.  Artıq müqəddəs ruhu Vətən göylərində, ən uca  zirvələrdə dolaşan atanın kimliyini  dərk edir, onunla qürur duyur.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər