Kriminal 

Terror törədiləcəyi barədə yanlış məlumat yayan şəxs hakim qarşısında

Bakıda terror aktının törədiləcəyi barədə bilə-bilə yalan məlumat yaymaqda təqsirləndirilən Fərid Butayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Aynur Rzayevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu ilin martında sosial şəbəkələrdə Bakı metropolitenində terror aktının törədiləcəyi ilə bağlı yayılmış və vətəndaşlar arasında ciddi narahatlığa səbəb olmuş səs yazısı barədə dərhal Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə aparılan ibtidai araşdırma zamanı müvafiq səs yazısının Azərbaycan Respublikasının vətəndaşı, 2001-ci il təvəllüdlü Butayev Fərid Fərhad oğluna məxsus olduğu və sözügedən materialın həmin şəxs tərəfindən “WhatsApp” tətbiqi vasitəsilə paylaşıldığı müəyyən edilib.

Fərid Butayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Daha çox xəbərlər