Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın şərəf səlnaməsidir
Dövlət müstəqilliyi uğrunda daim mübarizə aparmış Azərbaycan xalqı XX əsrin əvvəllərində, dünyanın siyasi mənzərəsinin yenidən müəyyənləşdirildiyi bir vaxtda öz istiqlaliyyətini elan etdi.
1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizi əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etmişdir ki, xalqımız müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir. 90-cı illərin əvvəllərində dövlət müstəqilliyini yenidən əldə edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan edərək 28 May gününü Respublika günü olaraq hər il təntənə ilə qeyd edir.Ümummilli lider Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirmiş, təsadüfi deyil ki, Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyi, məhz ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq dövlət səviyyəsində geniş qeyd olunmuşdur. Cümhuriyyətin yaranmasının 100 illiyi münasibətiləPrezident İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam imzalanmış və bu əlamətdar tarixi hadisə münasibətilə 2018-ci il respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuşdur. Müstəqilliyə gedən yol heç də asan olmamış, cümhuriyyətdən öncə xalqımızın taleyində dəhşətli faciələr baş vermişdir. Hələ o dönəmlər erməni millətçiləri bolşevik silahlı dəstələri ilə birgə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişlər. Bakı şəhərində və respublikamızın digər bölgələrində on minlərlə dinc sakin yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Mart soyqırımını törətməklə erməni-bolşevik qüvvələri daha böyük məqsədlər güdür, Azərbaycan torpaqlarını işğal etmək istəyirdilər. Lakin 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasıdüşmənlərin bu planlarını pozmuşdu.May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi Konstitusiya aktı statusuna malik olan ilk hüquqi sənəd – İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olunmuş, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş, dövlətin əsas fəaliyyət prinsipləri müəyyənləşdirilmişdir.Bəyannamədə demokratik dövlətə məxsus atributların – hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqları təmin edilmiş, ölkənin bütün vətəndaşlarına bərabər hüquqlar, o cümlədən Avropanın bir sıra inkişaf etmiş dövlətlərini qabaqlayaraq qadınlara seçki hüququ verilmiş, suveren, demokratik, hüquqi dövlət yaradılması niyyəti bəyan edilmişdi. Bəyannamənin siyasi-hüquqi mahiyyəti ondan ibarət idi ki, o, Azərbaycanda demokratik rejimli parlament respublikası idarəçilik formasını, ali dövlət hakimiyyəti orqanları sistemini, hökumətin qanunverici orqan qarşısında məsuliyyət daşımasını və ümumilikdə parlamentçiliyin formalaşdırılmasını, daxili və xarici, eyni zamanda, vətəndaşların hüquqi statusunun əsaslarını bərqərar edərək möhkəmləndirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edilmiş, Fətəli xan Xoyskinin başçılığı ilə ilk hökumətin tərkibi müəyyən olunmuş, dövlət hakimiyyəti strukturları yaradılmışdır. Qısa, 23 aylıq fəaliyyəti dövründə beş dəfə formalaşdırılan Cümhuriyyət Hökumətinin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulması, Azərbaycan Xalq Cümhuriyyətinin mühüm xidmətlərindəndir. Şərqdə ilk parlamentli respublikaolan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qanun yaradıcılığı işinə xüsusilə diqqət yetirilmiş, 7 dekabr 1918-ci ildə keçirilən ilk iclası ilə Parlament fəaliyyətə başlamış, Əlimərdan bəy Topçubaşov Parlamentin sədri seçilmişdir. Cəmi 17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmiş, 230-a yaxın qanun qəbul olunmuşdur.Cümhuriyyət hökumətinin mühüm xidmətlərindən biri də 1918-ci ilin mart-aprel aylarında erməni-bolşevik vandallarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini araşdıraraq ona hüquqi qiymət vermək, dünyanı məlumatlandırmaq olmuşdur. Təsadüfi deyil ki, 31 mart tarixi iki dəfə – 1919-cu və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan verməmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa cəhd göstərmişdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını almışdı.
Siyasi fəaliyyəti dövründə Xalq Cümhuriyyətinin ənənələrinə sadiqlik nümayiş etdirən ümummilli lider Heydər Əliyev hələ sovet dövründə – 1990-cı ildə ilk dəfə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağını Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul etdi və bu, müstəqilliyə gedən yolun başlanğıcı oldu. Xalqın çağırışı ilə 1993-cü ildə respublikaya rəhbərliyə qayıdan Ulu Öndər sarsılmaz iradəsi ilə dövlətimizi böyük təhlükələrdən xilas etdi, Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, müstəqilliyimizi dönməz və əbədi etdi.Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərinə, onun ənənələrin yaşadılmasına daim yüksək önəm vermiş, Cümhuriyyətin fəaliyyəti barədə respublikada çoxsaylı elmi konfranslar təşkil olunmuş, arxiv materialları öyrənilərək Cümhuriyyət tarixinə dair dəyərli əsərlər nəşr edilmiş, Cümhuriyyətə abidə ucadılmış, onun görkəmli siyasi və dövlət xadimlərinin xatirəsi əbədiləşdirilmişdir.Ümummilli lider Heydər Əliyev 1998-ci ildə Cümhuriyyətin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqində deyirdi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi… Xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Biz bu gün iftixar hissi ilə deyə bilərik ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti yaşamış, fəaliyyət göstərmiş və iki il müddətində çox böyük işlər görmüş, Azərbaycanın müstəqil gələcəyinin əsasını qoymuşdur”.
1918-ci ilin mart soyqırımı barədə əsl həqiqətlər yalnız ulu öndər Heydər Əliyev qətiyyəti sayəsində üzə çıxarılaraq öz siyasi-hüquqi qiymətini almışdır.Məhz 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.2007-ci ildə Qubada aşkar olunmuş kütləvi insan məzarlığı və dövlət başçısının tapşırığı ilə orada yaradılmış “Soyqırımı memorial kompleksi” soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək baxımından çox böyük tarixi məna daşıyır.Ölkə Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılmasında müstəsna əhəmiyyətə malikdir.Prezident İlham Əliyev Cümhuriyyətin Azərbaycanın dövlətçilik tarixində oynadığı rolu yüksək dəyərləndirərək demişdir: «Azərbaycsn Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının banisi olub. İyirmi üç aydan sonra respublika süqut etdi və bu bir daha onu göstərir ki, müstəqilliyi saxlamaq onu əldə etməkdən daha çətin işdir. 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi. Ondan sonra ilk dəfə olaraq bu bayrağı Ulu Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi olaraq qaldırdı və təsis etdi. Göründüyü kimi Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın dövlətçilik tarixində müstəsna rol oynayan Cümhuriyyət dövrünün istər dərindən tədqiq edilməsi, istərsə də geniş ictimaiyyətə təqdim edilməsi istiqamətində bütün imkanları əsirgəməmişlər.
Şeyda Əzizqızı
«AranMedia» GROUP-un rəhbəri