Gədəbəydə kütləvi dava zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb
Gədəbəydə kütləvi dava zamanı bir nəfər ölüb, daha iki nəfər bıçaq xəsarəti alıb.
Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Gədəbəy Rayon Polis Şöbəsinə rayonun Novosaratovka kəndində iki nəfərin bıçaq xəsarəti alması, bir nəfərin isə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.
Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri: 1986-cı il təvəllüdlü Teymur Tapdıqov, qardaşı, 1981-ci il təvəllüdlü Samir Tapdıqov və 1998-ci il təvəllüdlü Elpərəs İbrahimov şəxsi münasibətlər zəminində mübahisə edərək bir-birlərinə bıçaq xəsarətləri yetirib, nəticədə T.Tapdıqov ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.

