Gündəm 

Sülh gündəliyi öz aktuallığını qoruyur

Prezident İlham Əliyevin 28 may – Azərbaycan Respublikasının Müstəqillik Günündə Laçın şəhərinə səfəri və oradakı çıxışı hər bir Azərbaycan vətəndaşı kimi, biz təhsil işçiləri, müəllimlər üçün də çox qürurverici məqam oldu.
Dövlət başçısının Laçına səfərinin məhz 28 may günündə baş tutması rəmzi məna daşıyır. Çünki məhz elə may ayında Laçın işğal olunmuşdu və məhz may ayında da laçınlılar 31 il həsrətdən sonra Laçına qayıtdılar…
Laçına köçürülən ilk 20 ailə qarşısındakı çıxışında cənab Prezident bildirdi ki, 28 may artıq bizim üçün ikiqat bayramdır. Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar. Bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir. Cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlaşacaqdır. Laçın şəhərinin Baş planı hazırlanıb və bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib. Onlardan 620-i fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər”.
Laçında tibb məntəqəsi hazırlanır, orta məktəb binası yeni dərs ili üçün hazır olacaq. Bundan başqa, onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır və 1100-dən çox iş yeri açılacaq. Ölkə başçısı diqqətə çatdırdı ki, cari ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək.
2011-ci il dekabrın 24-də ad günündə laçınlı köçkünlərlə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsindəki görüşünü xatırladan İlham Əliyev dedi: “Əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu”.
Azərbaycanın ötən ay əldə etdiyi strateji əhəmiyyət daşıyan nailiyyətindən danışan Prezident İlham Əliyev bildirdi ki, cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır.
Ölkə başçısı bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi, inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu. 1993-cü ilin oktyabr ayından Ulu Öndər prezident vəzifəsinə seçiləndən bu günə qədər Azərbaycan sabitlik məkanı kimi, dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib. Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq və bu gün Azərbaycanla hesablaşırlar. Qurduğumuz güclü ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub. Yetişdirdiyimiz vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil torpaqlarımızı azad etdi. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacağıq.
Cənab Prezident onu da bəyan etdi ki, hazırda Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Yaxın gələcəkdə, – əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, – sülh müqaviləsi imzalana bilər.
Son vaxtlar beynəlxalq təşkilatlar da faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar. Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq. Ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır.
Lakin sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır…
Qeyd edək ki, dövlət başçısı mayın 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər, 28 May, Xosrov bəy Sultanov, Zəngəzur küçələrində lövhələrin açılışında iştirak edib.
Prezidentə Laçın şəhərində görülən işlər və Heydər Əliyev küçəsinin yenidənqurma konsepti barədə məlumat verilib.
İlham Əliyev şəhərdəki 1 Dekabr küçəsində lövhənin açılışında da iştirak edib, bərpa olunmuş yaşayış evində yaradılan şərait ilə tanış olub.
Sonra dövlət başçısı Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.
Daha sonra Prezident İlham Əliyevə Laçın şəhərinin Baş planı təqdim olunub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev nəzərdə tutulan tədbirlər və görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən beynəlxalq məsləhətçi şəhərsalma qrupu – İsveçrənin “SA Partners” şirkətinin iştirakı ilə hazırlanıb. Növbəti 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb.
Baş planın konseptual əsasını “Təbiətlə vəhdətdə olan şəhər” yanaşması təşkil edir. Layihədə təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir.
Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.
Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur.
Dövlət başçısı “İşğal” və “Zəfər” muzeylərinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub, son tamamlanma işləri aparılan idman kompleksi ilə tanış olub.
Prezident ölkəmizdə reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Laçın rayonunun ərazisinə Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində iştirak edib, sakinlərin və turistlərin istirahəti üçün nəzərdə tutulan kottec tipli evlərin inşası ilə tanış olub.
Qeyd edək ki, bu gün Laçın Azərbaycan dövlətinin və xalqının quruculuq əzminin daha bir nümunəsinə çevrilir. Şəhər əsl tikinti meydançasını xatırladır. Baş plana əsasən, şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.
Laçında indiyədək bir sıra infrastruktur layihələri icra edilib. Şəhər ərazisində 7 park salınır ki, onların da artıq ikisində işlər tamamlanıb. İdman kompleksi və Həkəri çayının ətrafında çimərlik-istirahət mərkəzi salınır.
Hazırda yeraltı kommunikasiya xətləri tamamlanmaq üzrədir. Eyni zamanda, yollar relyefə uyğun olaraq genişləndirilib, işıqlandırma işləri görülüb.
Laçın şəhərinə girişdə bir neçə kilometri əhatə edən meyvə bağları göz işlədikcə uzanır. Şəhərə gedən yoldakı aşırımların ən yüksək nöqtəsindən açılan möhtəşəm mənzərəni seyr etmək üçün böyük terras qurulub. Laçının ətrafında vaxtilə Abdallar adlanan ərazidəki qədim kahalar bərpa olunaraq etnoqrafik turizm üçün maraqlı obyektlərdən birinə çevrilib.
Şəhərin işıqlandırılması müasir modelə tam uyğunlaşdırılıb. Təkcə yol və binalar deyil, məkanın real coğrafi relyefini əks etdirən sal qayaların, yüksək zirvələrin, sıldırımların işıqlandırılması da Laçının gözəlliyini əks etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 28-də Laçın şəhərinə növbəti səfəri həm quruculuq işlərinin sürətləndirilməsi baxımından gərəkli oldu, həm də Müstə­qillik günü Laçın şəhərində olmaq, La­çın­da çıxış etmək, İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən, qəhrəmanlardan Laçında danışmaq mahiyyəti baxımından bir gerçəkliyin ifadəsidir: Bu Zəfər tarixin axarını həqiqətə əbədiyyən dəyişdi!
Ölkə başçısının Laçına Müstəqillik Günündə səfəri Azərbaycan dövlətçiliyinin dönməzliyinə inam kimi yaşanıldı. Laçına ilk köçü hamı Böyük köçün ilk karvanı bildi. Gözün aydın, Laçın! Gözün aydın, Azərbaycan!..
Nərgiz Həsənova-
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Ə. Dadaşov adına Xanağalı kənd tam orta məktəbin direktoru

Daha çox xəbərlər