Gündəm 

Dövlətimizin əməkdaşlıq əlaqələri günü-gündən inkişaf edir

Azərbaycanın xarici siyasətində İsraillə münasibətlər xüsusi çəkiyə malikdir. Bu isə heç şübhəsiz ki, təkcə qarşılıqlı maraqlara deyil, həm də Azərbaycan və yahudi xalqları arasında əsrlərin sınağından çıxmış dostluq münasibətlərinə söykənir. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölklərdən biridir. Bu tarixi fakt 25 dekabr 1991-ci ildə qeydə alınıb. 1993-cü ildən İsrailin Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında diplomatik münasibətlərin genişlənməsində Ulu Öndər Heydər Əliyevin böyük rolu olub. 1995-ci ildə İsveçrədə keçirilən Dünya İqtisadiyyat Forumunda Heydər Əliyev İsrailin o vaxt xarici işlər naziri Şimon Pereslə, elə həmin il də baş nazir İshaq Rabinlə görüşərək iki ölkə arasında əlaqələri genişləndirəcək təməllər atdı. 1996-cı ildə Ulu Öndər İsrailini dövlət və hökumət başçıları ilə təmaslarını davam etdirdi. Ulu Öndər İsraillə əlaqələrə dair demək olar ki, bütün çıxışlarında iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsinin zəruri olduğunu vurğulayırdı və bu xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyev İsrailin dövlət və hökumət başçıları ilə bu vaxta qədər bir sıra görüşlər keçirib. Şimon Pereslə 2006-cı ilin iyun ayında Astanada, 2008-ci ilin avqust ayında Pekində, 2009-cu ilin yanvar ayında Davosda və həmin ilin iyun ayında Bakıda keçirdiyi görüşlər tarixi hadisələr kimi yaddaşlarda qalıb. Prezident İlham Əliyevin açıqlaması bir daha göstərdi ki, Azərbaycan öz xarici siyasət kursunda İrsaillə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir: “Bu gün biz ikitərəfli əlaqələrə dair vacib məsələləri, regional inkişaf məsələlərini, o cümlədən beynəlxalq əhəmiyyət daşıyan məsələləri nəzərdən keçirdik. İkitərəfli əlaqələr haqqında danışarkən əminəm ki, əlaqələrimiz bundan sonra daha da güclənəcəkdir. Bizim iqtisadi əməkdaşlığımızın çox yaxşı perspektivləri var. Biz kənd təsərrüfatı, turizm, elm, texnologiyalar sahəsində əməkdaşlıq haqqında da danışdıq, səhiyyə sahəsinə də toxunduq. Əminəm ki, bu sahələrdə və bir çox digər yeni sahələrdə yaxşı həll variantlarını tapa bilərik ki, onlar bizi bir-birimizə daha yaxın etsin” .
İsrail Azərbaycanın Yaxın Şərqdəki ən yaxın və etibarlı müttəfiqinə çevrildi. Nəticədə iki ölkə arasında münasibətlər ən yüksək səviyyəyə çatdı desək, yəqin ki, yanılmarıq. Eyni zamanda, İsrailin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində elan etdiyi mövqe də bu müddət ərzində xarakterini dəyişmədi.
Azərbaycanın İsraillə münasibətlərinin dərinləşməsi də elə məhz İlham Əliyevin müstəqil siyasətinin nəticəsidir. Zaman göstərdi ki, bu, olduqca dəqiq seçimdir və bütün parametrlər üzrə Azərbaycanın dövlət maraqlarına cavab verir.
İsraillə ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur. Lakin, növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq. Həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq.
Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. Azərbaycan Ordusunun təchizatında İsrail ikinci yerdə dayanır.
İsrail isə idxal etdiyi neftin təxminən yarısını Azərbaycandan alır. Müşahidələr və təhlillər göstərir ki, bu strateji xətt davam etdirilməli və iki ölkə arasında münasibətlərin bu günkü yüksək səviyyəsi qorunub saxlanılmalıdır.
Teymur Mustafayev – Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin direktoru

Daha çox xəbərlər