Gündəm 

“Agro Dairy” MMC Samux və Tovuzda açıq qapı günü keçirib – FOTO/VİDEO

26 may 2023-cü il tarixində “Agro Dairy” MMC-nin Samux Tovuz rayonlarında “Payızlıq dənli bitkilərin toxumçuluğu üzrə açıq qapı günü” keçirilib. Məqsəd “Agro Dairy” MMC-nin toxumçuluq fəaliyyəti ilə tanış olmaq, dənli taxıl bitkilərinin, xüsusilə payızlıq buğda və payızlıq arpanın yüksək sortluq və səpin keyfiyyətlərinə malik toxumlarının yetişdirilməsi, həmçinin istehsalı sahəsində innovasiyaların və müasir texnologiyaların tətbiqi, məhsul istehsalçılarının bu innovativ yeniliklərlə əyani tanışlığı, kənd təsərrüfatının intensiv inkişafı, bu sahələrdə fikir və təcrübə mübadiləsi aparılması, bilik və təcrübələrin bölüşülməsi olub.

“Açıq qapı günü”ndə toxumçuluqla və taxıl istehsalı ilə məşğul olan özəl və dövlət qurumlarının 70 nəfərdən çox nümayəndəsi iştirak edib. İştirakçılar arasında Dövlət Toxum Fondunun, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun nümayəndələri, ADAU-nun müəllim heyəti və tələbələri, Samux-Tovuz DAIM əməkdaşları, özəl təsərrüfatların rəhbərləri, alimlər, aqronomlar, mütəxəssislər də olublar.

Bütün iştirakçıları qarşıladıqdan sonra onlara SƏTƏMM mütəxəssisi tərəfindən təlim keçirilib və onlar Tovuza xüsusi avtobuslarla yollanıblar. Tovuzda ilk olaraq “Agro Dairy” ərazilərində yetişdirilən payızlıq ərzaqlıq buğdanın Balaton, Maurizio, Gaudio, Qırmızıgül 1, Xəzri, Ləyaqətli 80, arpanın Finola və Arcanda sortları nümayiş olunub.

Daha sonra payızlıq buğdanın “Agro Dairy” ərazisində ilk dəfə yoxlanılan sınaq-nümayiş əkinlərində olan Zampano (Avstriya), Almiera, Tigre (Fransa), Baqrat (Rusiya), arpanın Piroska, Gremonia (Avstriya), Manava və Oberek (Fransa) sortlarına baxış keçirilib və onların təsərrüfat-bioloji xüsusiyyətləri ilə tanış olublar. “Agro Dairy”nin Ceyrançöl ərazisi üzrə baş aqronomu, baş aqronomun müavini sınaq-nümayiş əkinlərində olan sortlar barədə ətraflı və müfəssəl məlumat veriblər.

Ümumi olaraq 8 pivot sahələrinə baxış keçirilib və “Agro Dairy”nin peşəkar aqronomları iştirakçılara müfəssəl məlumat təqdim edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıblar. “Agro Dairy” tərəfindən üçüncü dəfə təşkil edilmiş “açıq qapı günü”ndə ayrı-ayrı sortların toxumuna tələbat və toxumçuluqda prioritet məsələlər barədə fikir mübadiləsi aparılıb, həmçinin toxumluq məhsul istehsalı zamanı planlaşdırma işlərində iştirakçıların arzu və tövsiyələrinin nəzərə alınmasına xüsusi önəm verilməsi qeyd edilib.

 

Daha çox xəbərlər