4 iyun Gəncə hadisələrindən 30 il ötür…
Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin xilaskarıdır
Ötən əsrin son on illiyi dünyanın bir sıra xalqlarının tarixində dönüş nöqtəsi, yeni mərhələnin başlanğıcı sayılır. Məhz bu illərdə 70 il dünyanın siyasi qütblərindən biri sayılmış, müstəqil dövlətləri boğaraq zor gücü ilə özünə birləşdirib “qardaşlıq imperiyası” yaradan SSRİ tarixin ədalət məhkəməsində mühakimə olunur, layiqli «cəzasını» alırdı. Bu tarixi keşməkeşin içində yer alan Azərbaycan Respublikası da SSRİ-nin dağılması ilə XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Bəzən tarixin təkrarlanması böyük bir xalqın faciəsinin təkrarlanması şəklində özünü biruzə verir. 1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycan qısa bir zamandan sonra xaosun, özbaşınalığın hökm sürdüyü bir ölkəyə çevrildi. 1992-ci ildə zor gücünə, xalqın deyil, silahın və xəyanətin “iradəsi” ilə hakimiyyətə gələn təsadüfi şəxslər qısa müddətdə ölkədə bütün sahələri kompleks şəkildə iflic vəziyyətinə gətirib çıxardılar. Ermənistanın ölkəmizə qarşı elan edilməmiş müharibəsi, torpaqlarımızın işğalı və bununla paralel olaraq daxili separatçı qüvvələrin ölkəni regionlara bölməyə çalışması həm millətin, həm də dövlətin gələcəyini sual altına qoymuşdu.
Xaos, anarxiya, terror – milli dövlətçilik təhlükə qarşısında idi
Həmin dövrdə ölkədə bütün dövlət qurumlarında yaranan vəziyyət müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz edən hakimiyyət rəhbərləri xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verirdilər. Onlar fəaliyyətdə olan bütün strateji infrastrukturları dağıtmaqla yadda qalırdılar. Ölkədə özbaşınalığa şərait yaradan AXC-Müsavat hakimiyyətinin naşı və səriştəsiz fəaliyyəti demək olar ki, keçmiş SSRİ respublikaları arasında ən böyük yerüstü və yeraltı sərvətə, böyük sənaye komplekslərinə malik Azərbaycanı uçurumun kənarına gətirib çıxarmışdı. Milli sərvətlər talan edilir, xalqın malı təsadüfən vəzifə əldə etmiş bir qrup tərəfindən talan olunurdu. Mərkəzi hakimiyyətə tabe olmayan, guya siyasi partiyaların himayəsində yaradılan, əslində isə bir neçə şəxsin korporativ maraqlarını icra edən terror qrupa çevrilən başıpozuq silahlı qruplaşmaların hər biri ayrı-ayrılıqda hakimiyyətə iddialarını ortaya qoyurdu. Bu isə vəziyyəti daha da ağırlaşdırırdı, ölkə vətəndaş müharibəsinə sürüklənirdi. Dağlıq Qarabağ münaqişəsinin adını alver predmetinə çevirən, “özünümüdafiə könüllü batalyonlar” adı altında özünə silahlı dəstələr yaradan, bununla da ölkəni qorxu altında saxlamaq istəyən şəxslər hətta cəbhədə düşmən qarşısında dayanan əsgərləri də təhdid edir, öz maraqlarına xidmət etməyə məcbur edirdilər. Hakimiyyət uğrunda gedən çəkişmələr torpaqlarımızın böyük bir hissəsinin, demək olar ki, düşmənlərə müharibəsiz, döyüşsüz təhvil verilməsinə gətirib çıxarmışdı.
Kəlbəcər xəyanəti AXC-Müsavat hakimiyyətinin yarırtmaz siyasətinin bəhrəsi idi
AXC-”Müsavat” cütlüyünün ölkədə yaratdığı hakimiyyətsizlik, xaos, özbaşınalıqlar sərhəd zonalarında, o cümlədən Kəlbəcərdə bütün müdafiə planlarını alt-üst etmişdi, hərc-mərcliyi pik həddə çatdırmışdı. O dövrün iqtidarı Kəlbəcərin müdafiəsini təşkil etmək adı ilə, əslində, rayonun müdafiə sistemini dağıtmağa başlamışdı. Orduda siyasiləşmə, yerli döyüşçülərin, könüllülərin rayonun müdafiəsindən uzaqlaşdırılması əhalinin döyüş əzmini sarsıtdı. Kəlbəcərin işğalının əsası 1993-cü il mart ayının 26-da qoyulmuşdu – Basarkeçərlə Kəlbəcər arasında mühüm strateji sahə olan Qaraqaya yüksəkliyinin ələ keçirilməsi üçün düşmən 15-20 gün öncədən hazırlıq işləri aparırdı. Rayon sakinlərinin bildirdiyinə görə, kömək edilməməsi, AXC-”Müsavat” cütlüyünün səriştəsiz rəhbərliyinin xəyanəti, satqınlığı Kəlbəcəri məhv etdi.
Prezident İlham Əliyev bu il mayın 28-də Laçın şəhərində sakinlərlə görüşündəki çıxışı zamanı bu nüanslara toxunaraq bildirmişdi ki, 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü, artıq hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş o qüvvələrin xəyanəti nəticəsində: “O vaxt Azərbaycan müstəqil ölkə kimi yaşasa da, ancaq müstəqil siyasət apara bilmirdi. Azərbaycan zəif idi, gücsüz idi, ölkədə gedən dağıdıcı proseslər yeni əldə edilmiş müstəqilliyi faktiki olaraq şübhə altına qoymuşdu. Ölkədə həm iqtisadi böhran, siyasi böhran, hərbi böhran hökm sürürdü, hakimiyyət uğrunda mübarizə, demək olar ki, savaş gedirdi, vətəndaş müharibəsi alovlanırdı. Bütün bu işlərin səbəbkarı o vaxt Xalq Cəbhəsi-Müsavat cütlüyünün mənfur fəaliyyəti idi”.
Vətəndaş qarşıdurması, qardaş qırğını…
Məhz, belə ağır vəziyyətdə – 1993-ci ilin iyununda xalqın etirazı kəskin şəkildə artmışdı. Hakimiyyətin heç bir sahə ilə bağlı konsepsiyasının olmaması dövlətin gələcəyini sual altına salırdı. Belə bir zamanda Müdafiə Nazirliyi Gəncədə yerləşən 709 saylı hərbi hissənin ləğv edilməsi ilə bağlı qərar imzaladı. Hərbi Hissə isə bui qərara tabe olmaqdan boyun qaçırdığını bəyan etdi. Azərbaycanın ilk tarixi paytaxtına qoşun yeridən, Milli Qvardiyanı 709 saylı briqadanı zərərsizləşdirmək üçün Gəncəyə göndərən AXC-Müsavat hakimiyyəti faktiki olaraq vətəndaş müharibəsinə rəvac verdi. Hətta həmin vaxt AXC-Müsavat qruplaşması öz hakimiyyətini qorumaq üçün Gəncənin bombalanması ilə bağlı qərar belə vermişdi. Hakimiyyətin bu kimi addımlarının ardından isə tabeçilkik nümayiş etdirməyən hərbi hissəsinin zirehli maşınları və silahlı birləşmələri Bakıya yol aldı. Artıq AXC-Müsavat hakimiyyəti ölkənin taleyindən çox öz gələcək aqibətlərindən qorxuya düşmüşdülər. Yaratdıqları xaos nəticəsində xalq onların hakimiyyətindən birdəfəlik üz döndərmişdi, Artıq cana doymuş xalq anlayırdı ki, AXC-Müsavat cütlüyü bu dövlətə təhlükədən başqa heç bir perspektiv vəd etmir.
Uçurumun bir addımlığında…
Azərbaycan həmin dövrdə indiki Sudanı, Liviyanı, İraqı, Əfqanıstanı, Yəməni xatlrladırdı. Bu qədər ağır bir vəziyyətdə belə AXC-Müsavat qruplaşması xalqı, dövləti deyil öz maraqlarını düşünürdülər. Xalq isə dövlətin addım-addım uçuruma yaxınlaşdığını görürdü. Belə bir məqamda bütün ümid dolu gözlər paytaxtdan uzağa – Naxçıvana dikilmişdi. Azərbaycan dövlətçiliyinin, millətin bu çətinliklərdən xilası yalnız Ulu öndər, dahi siyasi xadim, xalqının böyük oğlu Heydər Əliyevin Bakıya gəlişi ilə mümkün ola bilərdi. Ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 7-də Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabineti Rəyasət Heyətinin birgə iclasında çıxış etdi və Gəncə hadisələrinə qiymət verdi. Xalqın və dövlətin gələcəyinə heç bir zaman laqeyd qala bilməyən Ulu Öndər vəziyyətin ciddiliyini ortaya qoydu.
Ulu Öndər sonralar həmin günləri xatırlayaraq deyirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”…
Tarixi xilaskarlıq missiyası…
1993-cü il iyunun 9-da Heydər Əliyevi Bakıya gətirən təyyarə Binə hava limanında yerə endi. Bakıya qayıtdıqdan sonra hakimiyyətdə olan qruplaşma tez-tələsik Heydər Əliyevin vəzifəyə seçilməsini istəyirdi. Bunun da altında iyrənc məkrləri gizlənən o zamankı iqtidarın arzusu ürəyində qaldı. İlk olaraq Gəncədə yaranan vəziyyətlə tanış olmaq üçün ora yollanan Ulu öndər bir daha nümayiş etdirdi ki, Onu yalnız xalqının və dövlətinin taleyi maraqlandırır. Dahi şəxsiyyətin Gəncəyə gəlişi bütün hadisələrin sakitləşməsinə, xalqın bütünlüklə Böyük oğlunun ətrafında birləşməsinə şərait yaratdı. Xalq bir yumruq kimi Fenomenal şəxsiyyət olan Heydər Əliyevin ətrafında birləşdi. Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də yekdilliklə Azərbaycan Ali Sovetinin Sədri seçildi. Həmin gün Azərbaycan parlamentinin tarixi iclasında Heydər Əliyevin çıxışı ölkənin gələcəyinin əmin ələ keçdiyini, dövlətçiliyimizin əbədi və sarsılmaz olacağına inamı bir daha artırdı… “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”…
Bəli, bu tarixi vəzifəni ancaq Heydər Əliyev kimi tarixi şəxsiyyət, təcrübəli siyasətçi, vətənpərvər insan, güclü Lider yerinə yetirə bilərdi. Heydər Əliyev Güclü Lider kimi Azərbaycanı fəlakətdən qurtarıb inkişaf yoluna yönəltdi, müstəqilliyimizi əbədi etdi. Ulu Öndərin siyasi varisi cənab İlham Əliyev Güclü Lider olaraq Azərbaycanı daha güclü dövlətə çevirdi, ərazi bütövlüyümüzü bərpa etdi…
P.SADAYOĞLU

