Bölgə 

Əvvəl gül toplayır, sonra bol məhsula görə dua edirlər: Zaqatala plantasiyalarından FOTOREPORTAJ

Hər bir işin min əziyyəti var. Səhər, dan yeri ağaranda şehli kollardan qızılgül ləçəyi toplayıb onu kiloqrama çatdırmaq sizə elə də asan gəlməsin.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Zaqatala rayonunda ənənəvi və ixrac potensialı yüksək sahələrdən biri də gülçülükdür.

Son illər rayonda digər sahələrlə yanaşı, gülçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Aprel ayının sonlarından başlayan gül yığımı bu günlərdə artıq başa çatmaq üzrədir.

Gül plantasiyaları rayonun Aşağı Tala kəndinin ərazisində yerləşir. Burada 151 hektar Dəməşq qızılgülü, həmçinin 33,5 hektar lavanda və nanə plantasiyaları mövcuddur. Sahələr tam olaraq damcı suvarma sistemi ilə suvarılır. Bu, bitkinin məhsuldarlığına müsbət təsir göstərməklə yanaşı, torpaqların eroziyadan və şoranlaşmadan qorunmasına, su ehtiyatlarından daha qənaətlə istifadə olunmasına zəmin yaradır.

Öyrənirik ki, burada daimi 50, mövsüm başlayanda isə 1 600 nəfərdən artıq insan işlərə cəlb edilir. Mövsüm başlayandan isə 600 tona yaxın gül ləçəyi toplanaraq plantasiyanın yaxınlığındakı müəssisədə emal olunub.

Sahələrdə rayonun əksər kənd və qəsəbəsindən burada briqadaların çalışdığını görmək mümkündür. Həmsöhbətimiz Nüşabə İsayeva artıq illərdir burada çalışan ən təcrübəli gülçülərdən sayılır.

Bu xanım rayonun ucqar Kəpənəkçi kəndindən gəlir və mövsüm ərzində 50 nəfərlik gülyığanlar briqadasına rəhbərlik edir. Deyir ki, çətindir, amma onlar artıq öyrəniblər:

“Burada hamı bir ailə kimidir. Yeri gələndə bütün briqada köməkləşib problemləri həll edir”.

Plantasiyada növbəti sıraya – onların dili ilə desək, gərçəyə daxil olmaqla həm də başqa bir komandanın üzvləri ilə qarşılaşırıq. Gəldiyimiz məkan isə Yengiyan kənd gülyığanlarına həvalə olunub. Mövsümün başa çatmasına hələ bir neçə gün qalsa da, hər kəs səylə, yığdığı ləçəkləri zədələmədən təhvil verməyə çalışır.

Bu dəstəyə rəhbərlik edən Firuzə Əlixanova deyir ki, işləri səhər tezdən, gün çıxan kimi başlayır:

“Bu zaman gül şehli olur və əsas məqsəd də onun ləçəklərinin şehli yığılmasıdır. Çünki temperatur 25 dərəcədən artıq olan kimi ləçəyin efiri dağılıb gedir”.

Firuzə xanımın sözlərinə görə, mövsüm ərzində elə insanlar var ki, bir ton məhsul yığmağa nail olub.

Bu insanların çəkdiyi əziyyət onların əllərində də iz qoyur – tikanlı gül kolları onların barmaqlarının başını codlaşdırır.

İşimizi tamamlayıb sahədən ayrılmaq istəyirik ki, Danaçı kənd briqadasından maraqlı bir dəvət alırıq. Belə ki, həmin briqada artıq mövsümü rekord gül yığımı ilə başa vurub və bu münasibətlə hədik bayramı təşkil edib. Doğrusu, əsl məhsul bayramının ruhuna uyğun gəldiyini zənn edirik və açılan süfrəni görərkən yanılmadığımızı anlayırıq.

Danaçı gülyığanlarının dəstə rəhbəri Solmaz Zurovanın təşəbbüsü ilə bir araya gələn insanlar artıq ikinci ildir ki, iməciliyi – el bayramını gül plantasiyasında təşkil edirlər.

Bol məhsul yığımından sonra insanlar müxtəlif şirniyyatlarla süfrəni bəzəyirlər. Xüsusən, bu elin-obanın tarixi xörəklərindən olan hədik və maxara hazırlayaraq bütün komandanı dəvət edirlər. Məclisdə tək Danaçı deyil, digər kəndlərdən də gələnlər var.

Solmaz xanım deyir ki, burada çalışan insanlar bu addımla həm də Allaha təşəkkürünü ifadə edir. Gələn məhsul ili üçün bol-bol dua edib plantasiyadan ayrılırlar.

 

Daha çox xəbərlər