Gündəm 

“Həqiqəti elə deyirdi ki, heç kim küsməsin” – Rəşad Məcid Nəsir müəllimdən DANIŞIR

Bu gün Azərbaycan jurnalistikasında özünəməxsus dəyəri olan, “Jurnalistin nitq mədəniyyəti” dərsliyini ilk dəfə ortaya qoyan müəllimimiz, professor Nəsir Əhmədlinin anım günüdür. Nəsir müəllimin vəfatından bir il ötür. Bu gün sosial şəbəkələr yenə də onun xatirə fotoları ilə dolub-daşdı.

Hər gün görüşüb, danışdığımız insanların bir gün yanımızdan buludlara qarışıb dünyadan köçürlər. Onların yoxluğunun təsirindən isə uzun müddət çıxa bilmirik. Belə itkilərdən biri də jurnalistikada öz sözünü demiş Nəsir Əhmədliyə məxsusdur…

Onun itkisi ağırdır. Tələbələri üçün, jurnalistika üçün… Hər kəs üçün…

Əlbət ki, hamımız bu dünyanın qonağıyıq. “Bir gün gələn, bir gün gedər” – deyiblər. Nəsir Əhmədli elə getdi ki, bu gediş Azərbaycan jurnalistikasının itkisi oldu.

Mətbuat Şurasının sədri Rəşad Məcid Lent.az-a Nəsir Əhmədli xatirələrini bölüşüb.
O, sosial media genişlənəndən sonra Nəsir müəllimin yeni bir keyfiyyəti üzə çıxdığını deyib:
“Nəsir Əhmədli dəyərli bir müəllim idi. Uzun illər boyu bir neçə nəsil jurnalistlər ondan çox şeylər öyrəniblər. Demək olar ki, tələbələrin hamısı onu ehtiram və minnətdarlıq duyğusu ilə xatırlayırlar. Çox gözəl, həlim insan idi.

Eyni zamanda, yaşının çoxluğuna baxmayaraq, son illərdə bu sosial media genişlənəndən sonra Nəsir müəllimin yeni bir keyfiyyəti üzə çıxmışdı. O, tez-tez Azərbaycan dilinin qrammatikası, Azərbaycan dilində sözlərin düzgün yazılışı, hətta tərcümələr barədə dəyərli fikirlərini bildirirdi. Həm də çox kübarcasına, heç kimi incitmədən əsl bir müəllim təmkini ilə həqiqəti düzgünlüyü, düz yazılışı göstərirdi. Bu baxımdan da yenə onun sosial mediadakı fəaliyyəti də rəğbət doğururdu. Bu gün də Nəsir müəllimi xatırlayanlar içərisində onun tələbələri çoxdur və hiss olunur ki, onun dünyasını dəyişməsi bütün tələbələri üçün bir ağırlıq yaradıb, onun itkisi ağır olub. Allah rəhmət eləsin və nə qədər ki, o tələbələri yaşayır, Nəsir müəllimin də ruhu yaşayacaq”.

Bu gün bu yazını bir neçə il öncə Nəsir müəllimin tələbələrindən olan jurnalist yazır. Hələ də yadımdadır, müsahibələr zamanı nəfəs almanın tənzimlənməsini bizə elə üsulla öyrədirdi ki, bunu unutmaq nə mümkün? O yaşında belə bizimlə ayaqlaşa bilir, eyni enerji və şuxluqla zarafatlaşırdı. Onun yeri BDU-da hələ də görünür.

Daha çox xəbərlər