Haran ağrıyır, ay Bəxtiyar?
“Onlar qəflət yuxusundan ayılıb dəyişən əyyamı, fərqli dövranı, başqa tələbləri, ağırlaşan şərtləri və bütün bunlar bir yana, yaranmış gözəl imkanları anlamırlar. Onlar hələ də onillər əvvəl adət etdikləri cədvəllə, həyat tərzi ilə yaşayırlar”.
Sabiq Sovetlər Birliyinin ən parlaq idarəçilərindən olan, sonra Mixail Qorbaçovun dəstəsinin göstərişi ilə hazırlanmış sui-qəsddə həlak olmuş Pyotr Maşerov başçılıq etdiyi Belarusda müasir dövrün tələblərinə uyğunlaşmaq istəməyən, uyğunlaşa bilməyən insanlar barədə belə demişdi.
Eyni sözləri də mən Milli Məclisin deputatı Bəxtiyar Sadıqov barədə deyirəm.
Bəxtiyar Sadıqovun sosial şəbəkələrdə, vətəndaşlar arasında hansı nüfuz sahibi olduğunu müzakirə etmək niyyətim yox. Zira hər şey zatən bəllidir və nəyisə danmaq mənasız prosedur olardı.
Bəxtiyar Sadıqovun onillərdən bəri çalışdığı mass-mediada – haşa, yaralı könlü xoş olsun deyə “kütləvi informasiya vasitələri”ndə – həmkarları arasında, xüsusilə gənc jurnalistlər şüurlarındakı çəki və nüfuzundan da danışmaq istəmirəm.
Hər fərdin öz dəyərləndirmə meyarları, seçim düsturu və anlam üsulu olduğundan bu da bica işdir.
Lakin mən, yəni bəndeyi-fəqiriniz son illər “Azərbaycan” qəzetini çox nadir hallarda oxuyuram.
Qəzetin baş redaktoru Bəxtiyar Sadıqovun çağdaş media tələblərindən çox uzaq, sovet partnomenklaturası dönəmini xatırladan idarəçiliyi sayəsində “Azərbaycan” informasiya mənbəyi sayılmır.
Qəzet propaqanda vasitəsi də deyil, çünki oradakı siyasi təhlillər, müsahibələr və s. sanki vahid qəlibdən çıxmış məhsulları xatırladır.
Çox nadir hallarda, bəzən paradoks kimi qəbul edilmək həddinə çatan situasiyalarda “Azərbaycan” diqqəti çəkən, marağa səbəb olacaq müsahibə, yazı, şərh və ya araşdırma dərc edir.
Səbəb “Azərbaycan”da çalışanların istedadsız yazarlar, bacarıqsız media mənsubları olmasıdırmı? Xeyr.
Gerçək səbəb bərbad idarəçilikdir.
Yəni Bəxtiyar Sadıqov deputat olduğu kimi baş redaktor, baş redaktor olduğu kimi də deputatdır.
Cənab Sadıqov rəhbərlik etdiyi qəzetin problemlərin həll yollarını aramaq, informasiya bazarının tələblərinə və müasir şərtlərə cavab verən çap məhsulunu ərsəyə gətirmək əvəzinə, yenə də pul istəyir.
Daha doğrusu, tələb edir. Özü də ultimatativ şəkildə. Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Bəxtiyar Sadıqov buyurub ki, bəs “Azərbaycan” qəzetinə sistemli şəkildə pul ayrılmasa qəzet fəaliyyəyini dayandıracaq.
Deputat bildirib ki, ötən il müraciəti əsasında birdəfəlik yardım göstərildi: “Mən cari ildə qəzetin yaşadılması üçün Milli Məclisə müraciət etdim. Amma aldığım cavabdan bəlli oldu ki, heç bir yardım mümkün deyil. Halbuki qəzetimiz Milli Məclisin orqanıdır. Və Milli Məclis tərəfindən təsdiq edilmiş Nizamnaməsinə görə, qəzetin maliyyə təminatı və texniki təminatı məhz Milli Məclis tərəfindən təmin edilməlidir. Artıq qəzetimiz öz əməkdaşlarının əməkhaqqını ödəyə bilmir. Vəziyyət göstərir ki, hər il bizə ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı göstərilməlidir. Əks təqdirdə çapımız dayanacaq. Qəzetdə 65 yaradıcı və texniki işçi çalışır. İş rejimimiz rəsmi materiallardan asılı olaraq 2 və ya 3 növbəli olur. 14 nəfət qadın əməkdaımız faktiki ailə başıçısı statusundadır. Bir çox əməkdaşımız uzun illərdir qəzetdə işləyirlər. Qəzet bağlansa, onlar yeni saytlarda iş tapa bilməyəcəklər. Əgər qəzet bağlansa, qəzetin işçilərinin mətbuat xidmətlərində və dgər yerlərdə yerləşdirilməsini xahiş edirəm”.
Spiker Sahibə Qafarova isə B.Sadıqovun çıxışına cavab olaraq vurğulayıb ki, üç ildə Milli Məclis hər zaman qəzetə dəstək olub: “Sizinlə də bu barədə danışılıb. Ancaq siz işinizin prosesini bugünkü zamanın tələblərinə də uyğun qurmalısınız. Aidiyyəti qurumlar da sizinlə danışıblar. Düşünürəm ki, səsləndirdiyiniz təklifləri də həyata keçirlmək lazımdır”.
B.Sadıqovun çıxışını tam iqtibas gətirdim ki, deputat və baş redaktorun nə istədiyi tam aydınlaşsın.
İndi gələk Bəxtiyar Sadıqovun dediklərinin təfərüatlarına, yəni detallarına.
72 yaşlı Bəxtiyar Sadıqov – sən məni tanıyırsan, mən də səni.
Bəxtiyar Sadıqov, qəzeti başsağlığı qalereyasına döndərmək, köhnəlmiş xəbərləri dərc etməklə naftalin iyli media strukturuna çevirmək jurnalistikadırsa, onda mən Çin imperatoru Şi Xuandiyəm.
Sənin baş redaktor kimi 21 illik fəaliyyətin “Necə baş redaktor olmamalı?” adlı referata mövzudur ki, həmin referat Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin tələbələrinə paylanmalıdır.
Milli Məclisdə, sözün əsl mənasında, pul davası edirsən və üstəlik, parlamenti də hədələyirsən ki, pul verilməsə, qəzeti bağlayacaqsan.
Ağsaqqal adamsan, nə dediyinin fərqindəsənmi? Deyilsənsə, yavuq gəl, ağıllı-üslü şəkildə otur qənşərimdə, anladım sənə.
Nə də olsa, tanışıq, salam-əleykimiz var və dəxi qəlbini qırmaq istəməm, and olsun səndən uzaq qaçan istedadlı jurnalistlərin varlığına.
İllər boyu telekanallarda, saytlarda müsahibələrində və açıqlamalarda şəstlə demisən ki, “Azərbaycan” qəzeti populyardır, filan qədər oxucu kütləsi var.
Bəxtiyar, dediklərinə özün inanıbsanmı?
Kim bilmir ki, sənin baş redaktor olduğun qəzet zorən abunəçiliklə “parlaq statistika” yapır, məmurlardan tutmuş, az qala tibb bacılarına qədər maaşdan tutulmaqla məcburi abunəçilik tətbiq olunur?
“Qəzetimiz Milli Məclisin orqanıdır” deyibsən.
Xub, Sadıqov, Milli Məclisin de-yure orqanı olmaq de-fakto olaraq ali qanunverici struktur barədə maraqlı, oxunaqlı, günün nəbzini tutan, adi vətəndaşları qayğılandıran məsələlərə deputatların reaksiyası barədə yazılar dərc etmək anlamına gəlməlidir.
Sənin yarıtmaz baş redaktorluğun sayəsində “Azərbaycan” Milli Məclisin fəaliyyəti ilə bağlı rəsmi bəyanatlar, mətbuat xülasələri, deputatların bəyanatlarını dərc etməklə işini bitmiş sayıb.
“İş rejimimiz rəsmi materiallardan asılı olaraq 2 və ya 3 növbəli olur” – Sadıqovun bu açıqlaması isə ümumiyyətlə, tragikomediyadır. Deputat və həm də baş redaktor – yaxud baş redaktor və həm də deputat – nədənsə unudur ki, həmin “rəsmi materialları” dərc edən digər qəzetlər, saytlar və xəbər agentlikləri işi Sadıqovun başabəla rəhbərliyi altında olan “Azərbaycan”dan qat-qat operativ, maraqlı və keyfiyyətli şəkildə edir, maraqlı və oxunaqlı məhsulları ərsəyə gətirirlər.
“Azərbaycan” qəzetində 65 nəfərin çalışdığını və onların maaşlarını ödəyə bilmədiyini deyirsən.
Problemin səbəbkarı Milli Məclis yox, sənsən.
Hələ də 21 il əvvəlin standartları, dünyagörüşü ilə çalışan, “partkom” ruhunu canından çıxara bilməyən Sadıqov.
“Qəzet bağlansa, onlar yeni saytlarda iş tapa bilməyəcəklər” söyləyib Bəxtiyar Sadıqov.
Tamamilə doğrudur, amma həmin şəxslərdə zərrə qədər günah yoxdur.
Günah bu həmkarlarımın təşəbbüsünü boğan, istedadını görmək istəməyən, karyera inkişafına zəruri şərait yaratmayan, “Mənim kimi et!” prinsipi ilə çalışaraq kollektivə liderlik edə bilməyən adamdadır.
O adam ki, Milli Məclisdə pul davası döyür, “Azərbaycan” qəzetinin bağlana biləcəyini “anons” edir.
Milli Məclisin spikeri Sahibə Qafarova çox diplomatik, yumşaq, özünəxas mülayimliklə Sadıqova həddən ziyadə yanlış düşündüyünü söyləməsi, “Azərbaycan”ın üzləşdiyi problemlərin səbəbkarının kim olmasına incəliklə işarə vurması da deyəsən, B.Sadıqov tərəfindən tam anlaşılmayıb.
Sadıqov, 21-ci əsrdir!
Qəflət yuxusundan oyan, “Azərbaycan” adı ilə parlamentdə Azərbaycan qarşısında şərt qoymağa çalışma.
Ağsaqqal adamsan – məzur tut, “yaxşı jurnalistsən” yaza bilmərəm – yaz ərizəni, ayrıl o postundan.
İnan ki, “Azərbaycan” bəlkə onda inkişaf edə, Azərbaycan mediasında da bir özüyeriyən media eksponatı təqaüddə nəvələri ilə oynayıb oxucuları incik halda kök ötürməkdən qurtara.
Anlayıram, Bəxtiyar Sadıqov, ağrı və acı içində olduğunu anlatmaq istəyirsən.
Dəxi bu səbəbdən soruşuram: haran ağrıyır, ay Bəxtiyar?
Elçin Alıoğlu
Milli.Az
