Gündəm 

Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasətdə vahid mövqedən çıxış edəcəklər

 

Rəcəb Tayyib Ərdoğan Şuşada baş konsulluğun tezliklə açılacağı anonsunu verdi

Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan ilk səfərini Şimali Kipr Türk Respublikasına edəndən sonra Azərbaycana gəlib. Səfər çərçivəsində keçiriləcək görüşlərdə yeni dövrdə Türkiyə Azərbaycan münasibətlərini daha da yaxşılaşdıracaq digər əməkdaşlıq imkanları ilə yanaşı, cari beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsi aparılıb. Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra ilk səfərini Azərbaycana etməsi iki ölkə arasındakı münasibətlərin, əslində iki qardaş ölkənin gələcək hədəflərinin eyni məqsədə, eyni mərama xidmət etməsinin təzahürüdür. Bu baxımdan, səfər böyük əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında geniş tərkibdə görüş keçirilib. Qardaş ölkənin başçısını salamlayan Azərbaycan Prezidenti İlham Əliyev bu səfərdən məmnunluğunu ifadə edib. İlham Əliyev Türkiyə prezidentinə təbriklərini çatdırıb və bildirib ki, növbəti illərdə də dostluğumuz, qardaşlığımız hər zaman olduğu kimi yüksək səviyyədə olacaqdır: «Biz bu gün Sizinlə artıq təkbətək görüş əsnasında bir çox məsələləri müzakirə etdik. İndi heyətlər çərçivəsində də bunun davamı olacaq. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı – bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir. Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir. Siz bilirsiniz ki, Sizi Azərbaycanda çox sevirlər. Siz bizim əziz qonağımızsınız».
Ölkəmizin başçısı Şuşa Bəyannaməsinin ikinci ildönümününün qeyd ediləcıyini, bu anlaşma nəticəsində Türkiyə və Azərbaycanın rəsmən müttəfiq olduğunu diqqətə çatdırıb: «Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur. Fürsətdən istifadə edərək, Azərbaycan xalqı adından Sizə və qardaş Türkiyəyə İkinci Qarabağ savaşı dönəmində bizə göstərdiyiniz qardaşlıq dəstəyinə, mənəvi və siyasi dəstəyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Təbii ki, bizim gələcək işbirliyi proqramımız bu gün müzakirə olunan məsələlər arasındadır. Bütün sahələrdə konkret proqramlar əsasında işlər gedir. İlk növbədə, Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bizim xarici siyasətlə əlaqədar apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. O cümlədən bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir».
«Bu gün, eyni zamanda, müdafiə və müdafiə sənayesi sahələrində gələcək planlar haqqında danışdıq». Bu fikri səsləndirən Prezident İlham Əliyev qeyd edib ki, bu il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir: «Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz bunu indi əyani şəkildə görürük. Bu dəstəyə görə də Sizə özəlliklə təşəkkürümü bildirmək istəyirəm».
Azərbaycan Prezidenti məmnunluq hissi ilə qeyd edib ki, ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq: «Çünki birgə həyata keçirəcəyimiz layihələr bunu təmin edəcək, xüsusilə enerji sahəsində. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq. Bununla paralel olaraq, Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır, buna da böyük tələbat var. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Biz bu gün yenilənən, yəni, bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Biz bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində fəal əməkdaşlıq edirik».
Ölkəmizin başçısı hər dəfə görüşəndə nəqliyyat məsələlərini də geniş müzakirə edildiyini, indiki geosiyasi şəraitdə Orta Dəhlizin önəminin daha da artdığını qeyd edib: «Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə biz Azərbaycanda nəqliyyat və logistika imkanlarımızı genişləndiririk. Bakı Dəniz Limanının imkanlarını 25 milyon tona genişləndiririk. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir».
Prezident İlham Əliyev Türkiyə Cümhuriyyətinin yeni hökumət üzvlərini də ürəkdən təbrik edib və onların bir çoxlarınının tanıdığını xüsusi vurğulayıb: «Dünən artıq bizim nazirlər və digər yüksək səviyyəli rəsmilər bir arada olmuşlar, bu gün də bu təmaslar davam edir. Hər zaman olduğu kimi, bizim görüşlərimiz həm görülən işlərə yekun vurur, eyni zamanda, növbəti illərdə görüləcək işlərlə bağlı yol xəritəsi cızır. Əminəm ki, bu səfərdə də belə olacaq. Bir daha xoş gəlmisiniz».
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz adından, heyəti adından Azərbaycan Prezidenti İlham Əliyevi və qonaqları salamlayaraq bildirib ki, yenidən prezident seçildikdən sonra hər zaman olduğu kimi Şimali Kipri ziyarət edib və ardınca Bakıya səfər edib: «Göstərdiyiniz qonaqpərvərliyə görə şəxsən öz adımdan və heyətim adından səmimi təşəkkürlərimi xüsusilə ifadə edirəm. Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük. Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər. Ürəyi bizimlə döyünən hər bir Azərbaycan vətəndaşına yenə şəxsən öz adımdan və millətim adından minnətdaram».
Türkiyənin dövlət başçısı xüsusi vurğulayıb ki, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn əlaqələr bütün sahələrdə inkişaf etdiriləcək: «Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. Hakan bəy, bu məsələdə də heç gecikdirmədən, inşallah, Şuşadakı baş konsulluğumuz hər an açıla bilərsə, bu təbii ki, yenə başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır».
Rəcəb Tayyib Ərdoğan onu da qeyd edib ki , Türkiyə dövlətinin Maarif Vəqfi Azərbaycan qurumlarının dəstəyi ilə təhsil-tədris sahəsində fəaliyyətini davam etdirir: «İnşallah, gələn il məktəbimizin yeni təhsil korpusunu istifadəyə verməyi planlaşdırırıq».
Sonda Türkiyə və Azərbaycan Prezidentləri arasında Xəzərdən keçən Orta Dəhliz və bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu xətti də müzakirə edilib.

Şeyda Əzizqızı
«AranMedia» GROUP-un direktoru

Daha çox xəbərlər