“Demokratiya və insan hüquqlarının inkişaf etdirilməsi pərdəsi altında hiyləgər və məkrli niyyətlər var”
“Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarus “Şərq tərəfdaşlığı” proqramının təsiri altına düşən ölkələrdir. Təbii ki, uzun illər ərzində bu dövlətlərlə Avropa İttifaqı və Avropanın digər təşkilatları arasında münasibətlərin tənzimlənməsi ilə bağlı tədbirlər görülüb. Biz qrant layihələri ilə bağlı digər dövlətlərə münasibətdə bu prosesin şahidi olmuşuq”.
Bu fikirləri musavat.com-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirov deyib. O qeyd edib ki, demokratiya və insan hüquqlarının inkişaf etdirilməsi pərdəsi altında hiyləgər və məkrli niyyətlər var: “Həm ölkə daxilində, həm də ölkədən kənarda media sahəsində araşdırmaların həyata keçirilməsi məsələsinə baxdıqda məqsəd aydın olur. Bir ölkədə baş verən prosesləri daha yaxından, dəqiq və ətraflı araşdırmaq istəyirlərsə, ilk növbədə ölkə daxilində fəaliyyət göstərən jurnalistlərə müraciət olunmalıdır. Xarici ölkələrdə jurnalist, bloqer adı altında fəaliyyət göstərən amma fəaliyyətini yalnız Azərbaycanın dövlətinin maraqlarına zidd istiqamətdə yönəldən kifayət qədər insan var ki, onlar məhz bu qrant layihələrindən yararlanacaqlar. Düşünürəm ki, ciddi vəsait tələb edən bu layihələrdən gələcəkdə Azərbaycana qarşı istifadə edəcəklər”.
Qeyd edək ki, Avropa İttifaqı Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarusda demokratiya və insan hüquqlarının inkişaf etdirilməsi pərdəsi altlnda yeni yüksək məbləğli qrant layihələri elan edib. Müxtəlif sahələr üzrə ictimai maraq kəsb edən məsələlərə dair jurnalist araşdırmalarının həyata keçirilməsi üçün 100 min avro məbləğinədək layihələrin maliyyələşdiriləcəyi bildirilib.

