Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ataş Rəşidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
ARANTV.AZ xəbər verir ki, hökmü hakim Rasim Sadıxovun sədrlik etdiyi kollegiya çıxarıb.
Hadisə ötən il avqustun 29-da Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində baş verib. A.Rəşidov münaqişə zəminində həmyerlisi Bəxtiyar Allahverdiyevə bıçaqla xəsarət yetirib, hadisə yerini tərk edib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.A.Rəşidov məhkəmədə özünü qismən təqsirli bildiyini deyib. A.Rəşidov qeyd edib ki, Bəxtiyar bacısının “WhatsApp”ına yazıb:
“Bunu mənə bacım göstərdi. “Salam” yazan şəxsin Bəxtiyar olduğunu bildim. Bəxtiyarı “WhatsApp”da təhqir edib, onların evlərinə getdim. Onu çölə çağıranda qapının qarşısında məni yumruqla vurdu. Bu zaman özümü müdafiə etmək üçün Bəxtiyara bıçaqla iki zərbə endirdim”.
Sonra zərərçəkmiş B.Allahverdiyev dindirilib. O, “WhatsApp”da tanımadığı nömrəyə yazdığını etiraf edib:
“Bilmirdim ki, həmin şəxs Ataşın bacısıdır. Sonra Ataş məni təhqir edib, bizə gəldi. Qapını bacım açıb, məni çağırdı. Ataş mənimlə salamlaşan zaman digər əlində olan bıçaqla məni vurdu. Mən yerə yıxılıb, evə girdim. O da evə girməyə cəhd etdi, qapını bağladım. Bir qədər keçəndən sonra baxdım ki, üstüm qandır, anam da həkimə zəng elədi”.Bizimyol.info
