Gündəm 

Fransa ilə Ermənistanı soyqırımları törətmək təcrübəsi birləşdirir

Bu gün dünyadakı real münaqişələrə Fransa qədər ədalətsiz, ikili standartlarla yanaşan ikinci bir ölkə yoxdur

Bu bir reallıqdır ki, Rusiyanın Ukrayna ilə müharibəyə başının qarışması  ABŞ-ı və Qərbi Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinin sürətlənməsinə kökləyib. Məhz bu səbəbdən də ABŞ hakimiyyəti Avropa İttifaqını Rusiyaya alternativ olaraq sülh prosesində vasitəçilik missiyasına yönləndirib. Təbii ki, bu manevr bölgədə  sülh prosesi üçün də kifayət qədər sərfəli və uğurlu hesab olunur. Ona görə ki, məhz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə ayrı- ayrı vaxtlarda  Brüsseldə, Praqada  və Kişineuda Azərbaycan və Ermənistan liderlərinin təşkil olunmuş görüşlərində sülh sazişinə dair müzakirələrdə ciddi irəliləyişlər əldə edilib. Bu görüşlər Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanacağı imkanlarının uzaqda olmadığı barədə fikirləri gücləndirdi.

Prezident İlham Əliyev avqustun1-də «Euronews» kanalına müsahibəsində Şarl Mişelin iştirakı ilə Ermənistanla danışıqlara dair suala cavabında da bu barədə deyib:  «Bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü idi.  O, bizi dəvət etdi və biz dəvəti qəbul etdik. Çünki Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Sülh Təşəbbüsü çərçivəsində də görüşürük. Sonuncu dəfə bu görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, çünki durğunluq yaranarsa, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik.»

Göründüyü kimi, hər dəfə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə əldə edilən ilkin razılaşmalar sonradan Fransanın ermənipərəst prezidenti Emmanuel Makronun Ermənistan hakimiyyətinə təsir etməsi nəticəsində pozulub. Bununla da rəsmi Parisin Ermənistanın maraqları ilə üst-üstə düşən hədəfləri regionda hərbi-siyasi gərginliyi son həddə çatdırıb.

Bəli, bu gün dünyadakı real münaqişələrə Fransa qədər ədalətsiz, ikili standartlarla yanaşan ikinci bir ölkə yoxdur. Bu rəzilliyin arxasında isə hal-hazırda Fransa Prezidenti Emmanuel Makron dayanır. O, ölkəsini Avropada demokratiyanın lokomotivi kimi təqdim etməyə çalışsa da, həm keçmişdə, həm də çağdaş dövrdə Afrika xalqlarına qarşı həyata keçirdiyi imperialist və talançı  fəaliyyəti  böyük etirazlara səbəb olub. Xüsusilə Fransada əlcəzairəsilli miqrantın güllələnməsinə hələ də lazımi reaksiya verilməməsi bu qənaəti daha da möhkəmləndirir. Bütün bunlar isə Emmanuel Makron siyasi fəaliyyətinin tam tənəzzülə uğraması deməkdir. Hətta son bir neçə ildə Fransada baş verən xalq etirazlarının küçə döyüşlərinə çevrilməsində Makronu günahlandıranların sayı xeyli çoxdur.  Ona görə də artıq fransızlar da anlayırlar ki, mövcud hakimiyyət idarə olunan deyil və prezident istefa verməlidir.

Makronun ən böyük həyasızlığı və riyakarlığı ondadır ki, tarixi cinayətlərlə dolu ölkəsinin törətdiyi soyqırmılara görə hələ də üzrxahlıq etməyib. Halbuki, təkcə, 1830-cu ildən 1960-cı ilə qədər fransız kolonistlərin əlcəzairlilərin başına gətirdikləri müsibətlər, soyqırımı siyasəti hər kəsə bəlli həqiqətdir. 1,5 milyondan çox əlcəzairlini soyqırımı nəticəsində məhv etmiş Fransa dövləti bu gün də eyni siyasəti müxtəlif formalarda davam etdirməkdədir. İrqçilik və insan haqlarının pozulması əslində Fransanın dövlət siyasətinin əsas qayəsinə çevrilib.

Elə son bir həftə ərzində Nigerdə cərəyan edən hadisələrə diqqət yetirək. Bu ölkədə baş verən hərbi çevrilişdən sonra Fransa rəsmiləri hərbi müdaxilə planları barədə danışmağa başlayıb. Bəzi informasiyalara görə, Makron sadəcə Nigerdə uran yataqlarının itirilməsindən ehtiyat edir. Buna görə də o, ciddi təşvişdədir və  Nigerdəki hərbi çevriliş ölkəsi üçün heç də yaxşı olaylar vəd etmir. Ona görə də Fransa bununla razılaşmaq fikrində deyil.

Qeyd edək ki, Nigerdə ​​uran hasilatı Fransa xüsusi əməliyyat qüvvələrinin mühafizəsi altındadır. Nigerlə yanaşı, analoji hal digər keçmiş Fransa müstəmləkələrində yaşanır. Makronun keçmiş müstəmləkəsi hesab olunan Kaledoniyanın daxili işlərinə qarışmaq cəhdi də buna daxildir. 170 il sürən müstəmləkəçiliyin qurbanı olduqlarını qeyd edən kaledoniyalılar Fransanı dekolonizasiya siyasəti yürütməkdə ittiham edirlər.

Məhz bütün bunlara rəğmən 2023-cü ilin  iyulun 5-də paytaxtımızda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünü xatırlamamaq olmur. Bu toplantı həmin hüquqları pozulan bölgələrin əhalisi üçün mühüm platforma rolunu oynayır. İlk dəfə olaraq məhz Bakıda Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində bu miqyasda tribuna önündə fikir mübadiləsi aparılıb. Qəbul olunan bəyanatda iştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılmasına dair razılığa gəliblər.

Bəli, bu səbəbdəndir ki, Fransa Azərbaycana qarşı özünün çirkin təbliğat kampaniyasına start verib. Bir vaxtlar ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan Fransa indi birmənalı şəkildə Ermənistanı müdafiə etməkdədir. 30 illik işğal dövründə, 44 günlük müharibə zamanı və sonrakı dövrdə də belə olub. Xüsusilə 44 günlük Vətən müharibəsində Makron hakimiyyəti Ermənistana silah və sursat göndərməklə yanaşı, ona hərtərəfli dəstək verirdi. O, bəlkə də Fransa tarixində yeganə prezidentdir ki, öz ermənipərəst xislətini açıq şəkildə büruzə verir. Sosial şəbəkələrdə yazdığı tvitlərində belə bəzən fikirlərini fransız dilində deyil, erməni dilində yazır.

Digər bir utancverici hadisə isə onlarla azərbaycanlını qətlə yetirmiş, qaniçən Vaqif Xaçaturyanın Azərbaycan sərhədçiləri tərəfindən həbs edilməsinə Makronun yeni anti-Azərbaycan təbliğatını başlatmasıdır. Makron və onun əlaltıları olan 60-dan çox fransalı senator, deputat və ərazi orqanlarının nümayəndələri Fransa hökumətinə müraciət edərək «Dağlıq Qarabağa dəstək» (? )  verilməsini «tələb» ediblər.  Erməni milyarderlərindən qidalanan zatlar «tələblərində» ənənəvi olaraq ölkəmizin ünvanına əsassız ittihamlar səsləndirərək, guya ermənilərin «etnik təmizləməyə» məruz qaldığını bildiriblər.

Artıq bu, danılmaz faktdır ki,  Fransa və Ermənistanı soyqırımları törətmək təcrübəsi birləşdirir. Qorxaq və riyakar mövqelərinə görə, «iki bacı» kimi xarakterizə olunan bu ölkələrin bir amacı var- güclü Azərbaycanın, eyni zamanda, birləşməkdə olan türk dünyasının inkişafına hər vasitə ilə mane olmaq. Ancaq bu onlar üçün bir fəaliyyət vasitəsi olsa da, hədəf vasitəsi heç vaxt olmayacaq. Çünki haqlı olan həmişə qalibdir.

Daha çox xəbərlər