İqtisadi tərəqqiyə regionların töhfəsi
Qarabağın və Şərqi Zəngəzurun bərpasının prioritet olmasına baxmayaraq, Prezident İlham Əliyev bütün ölkə ərazisində infrastruktur layihələrinin reallaşdırılmasını diqqətdə saxlayır ki, bu da regionlar üzrə tarazlı iqtisadi inkişafı təmin edir
Son illərdə aparılan iqtisadi islahatlar göstərdi ki, mütərəqqi üsullar tətbiq edən regionlar daha böyük uğura imza ata bilirlər. İnkişaf edən, daha sürətlə dirçələn regionlarımız bütün ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verir. Bu sahədə qəbul edilmiş və həyata keçirilmiş Dövlət proqramlarında, eləcə də regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı digər sənədlərdə nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluq səviyyəsinin azaldılmasına səbəb olub. Bu istiqamətdə zəruri addımlar atılması davam edir.
Hazırda “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası həyata keçirilir və nəticələr də yüksəkdir. Məsələn, təkcə bir faktı qeyd etmək olar ki, həmin proqramın ötən il üçün nəticələrinə əsasən, Prezident İlham Əliyev Bakı şəhəri ilə yanaşı bölgələrə – Abşeron, Ağcabədi, Ağdam, Ağsu, İsmayıllı, Oğuz, Qobustan, Qubadlı, Şabran, Şəki, Füzuli, Göygöl, Şuşa, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Tərtər və Xızı rayonlarına, eləcə də Gəncə, Sumqayıt şəhərlərinə etdiyi səfərlər çərçivəsində 160-dan çox obyektin – istehsal müəssisələri, yollar, elektrik təchizatı obyektləri, su təchizatı layihələri, səhiyyə və təhsil müəssisələri – açılış və təqdimat mərasimlərində iştirak edib. Bunlar artıq yüksək göstəricilər hesab olunur.
Ölkə başçısının bölgələrə hər bir səfəri regionların inkişafında, vətəndaşların rifahının, firavan həyatının təminatında mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Qazax, Şəmkir, Samux rayonlarına səfəri bunun daha bir göstəricisidir. Bu gün ölkəmizin regionlarında böyük infrastruktur layihələri həyata keçirilir, müasir yollar çəkilir, sosial obyektlər inşa edilir, heç bir layihə təxirə salınmır. Bu, onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində vətəndaşların rahat həyat şəraiti və məmnunluğu dayanır. Bu səfərlər bölgələrin sosial-iqtisadi inkişafına müsbət təsirini göstərir. Regionlarda uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi artıq aradan qaldırılıb. Rayonların sosial-iqtisadi inkişafına böyük töhfə verilib. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunub, hər rayonda müasir xəstəxana, tibb ocaqları, çoxlu sayda məktəb inşa edilib. Qazaxa səfəri çərçivəsində dövlət başçısı yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə, həmçinin Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub. Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edən Prezident İlham Əliyev “Venzana” mebel fabrikinin açılışında da olub. Daha sonra Şəmkir şəhərinə səfər edən ölkə başçısı Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak edib. Prezident İlham Əliyevin növbəti səfəri Samux rayonuna olub. Burda da mühüm obyektlərin açılışlarını edib. Belə ki, dövlət başçısı burada Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının və Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışında iştirak edib.
Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramının qəbulu və orada qarşıya qoyulan vəzifələrin, məqsədlərin uğurla reallaşdırılması sayəsində ölkənin bütün regionlarında sosial-iqtisadi infrastruktur keyfiyyətcə yüksəlib, rayonların qazlaşdırılması səviyyəsi, əksər yaşayış məntəqələrinin icməli su ilə təminatı yaxşılaşıb, sosial infrastrukturla təminat baxımından şəhərlə kənd arasında fərqlər əhəmiyyətli dərəcədə azalıb. İxtisaslı əmək tələb edən yeni iş yerlərinin sayının artması bütövlükdə region əhalisinin həyat səviyyəsinin və rifahının daha da yüksəlməsinə səbəb olub. Nəzərə alaq ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının əsas hədəfləri məhz regionla Bakı arasındakı fərqin mərhələli şəkildə aradan qaldırılması və xüsusən də bölgələrə daha çox investisiyanın cəlb edilməsindən ibarətdir.
Artıq yeni mərhələ başlanıb. İşğaldan azad olunmuş ərazilərimizdə idarəetmə forması yenidir. Eyni zamanda “Ağıllı kənd”, “Ağıllı şəhər” prinsipinə uyğun olaraq yaşayış məntəqələrinin salınması həyata keçirilir ki, bu da artıq Azərbaycan üçün regionların inkişafı baxımından yeni bir yanaşmadır. Əsas hədəflərdən biri də regionlarda formalaşmış infrastrukturun dəyərə çevrilməsidir. Bu istiqamətdə də həm yerli, həm xarici investisiyanın cəlb edilməsi prosesinin təşviq edilməsi həyata keçirilir. Bu baxımdan gözlənilir ki, tezliklə regionlarla paytaxt arasındakı fərq əhəmiyyətli dərəcədə azalacaq.
Bir məsələni də xüsusi vurğulayaq ki, Azərbaycan Böyük Qayıdış Proqramını öz gücünə, heç bir yerdən yardım almadan uğurla icra edir. 2023-cü ilin sonunadək işğaldan azad olunan ərazilərimizin bərpasına ayrılan vəsait 12 milyard manata çatacaq. Onun 5,5 milyard manata yaxını məhz 2023-cü ilin payına düşəcək. Bütövlükdə, 2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına ayrılan vəsait 20 milyard manatdan çox olacaq. Bütün bunlar Böyük Qayıdış proqramının daha sürətlə icrasına imkan yaradır. Böyük Qayıdış Proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulmasının nəzərdə tutulması və dövlətimizin başçısının artıq 30 yaşayış məntəqəsinin – 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etməsi də bir daha təsdiq edir ki, məskunlaşma prosesi gözləniləndən daha tez və intensiv reallaşacaq. Bu ilin sonunadək Qarabağ və Şərqi Zəngəzura 2 min ailənin və ya 10 minə yaxın vətəndaşımızın qayıtması reallaşacaq. Bu isə o deməkdir ki, artıq işğaldan azad olunmuş ərazilərə əhalinin tədricən, mərhələli şəkildə qayıtması müşahidə olunur.
Qarabağın və Şərqi Zəngəzurun bərpasının prioritet olmasına baxmayaraq, Prezident İlham Əliyev bütün ölkə ərazisində infrastruktur layihələrinin reallaşdırılmasını diqqətdə saxlayır. Bu da regionlar üzrə tarazlı iqtisadi inkişafı təmin edir.

