Gündəm 

Sülhün təminatı: Güclü dövlət, güclü ordu

Azərbaycanın bu günü və gələcəyi ilə bağlı  gündəliyi var və  müəyyənləşdirilən prioritetlərə uyğun olaraq atılan addımlar hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir

“İkinci Qarabağ müharibəsi dövründə və müharibədən sonra Ermənistana yaxınlığı ilə seçilən ölkələr artıq öz ermənipərəst mövqeyini gizlədə bilməmişdilər, yaxud da bunu istəməmişdilər. Bu, bizim o ölkələrlə münasibətlərin müəyyən dərəcədə gərginləşməsinə gətirib çıxarmışdır. Ancaq bu, o demək deyil ki, bu, əbədi belə olacaq. Bu mərhələ də başa çatacaq, yeni mərhələ açılacaq və əsas odur ki, sənin gündəliyin olsun.” Dövlət başçısı İlham Əliyevin çıxışlarında, müsahibələrində daim dünya güclərinin ikili standartlara əsaslanan siyasəti fonunda Azərbaycanın öz haqq səsi beynəlxalq ictimaiyyətə çatdırması istiqamətində atılan addımlara və onların uğurlu nəticələrinə yönəldilir.   49 ölkədən 150 xarici media nümayəndəsini bir araya gətirən, bu gün də ölkə və dünya mətbuatında geniş müzakirə edilən Şuşa Qlobal Media Forumundakı çıxışında da  cənab İlham Əliyev bir daha diqqəti bu reallığa yönəltdi: “Biz uzun illər bu yanaşmaya məruz qalmışıq. Biz səsimizi ucaldırdıq və deyirdik BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazisindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür. Bunu deyərkən, əlbəttə, biz gələcəkdə yarana biləcək təhlükələri istisna etməməliyik, çünki dünya və bizim regionumuz bu gün çətin proqnozlaşdırılır. Ancaq hazırda xaricdən qaynaqlanan təhlükə səviyyəsi o qədər də yüksək deyil. Yəqin, bu, ona görədir ki, biz həmin təhlükənin öhdəsindən gələ bilirik.”

Cənab İlham Əliyevin yuxarıda qeyd etdiyimiz fikrinə istinad edərək belə bir reallığı böyük inamla bildiririk ki, Azərbaycanın bu günü və gələcəyi ilə bağlı  gündəliyi var və  müəyyənləşdirilən prioritetlərə uyğun olaraq atılan addımlara, hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir. Qeyd edildiyi kimi, Azərbaycan bütün dövrlərdə dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təçkilatların ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə olub. Lakin bu yanaşma özünəqapanmaya deyil, səylərin daha da artırılmasına, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlardan  istifadə edilməsinə çağırış oldu. Məhz ölkəmizin 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfərdə apardığı diplomatik mübarizə qələbəmiz xüsusi rol oynadı.  Bü fikri daim qürurla qeyd edirik ki, Azərbaycan 30 ildə  dünya güclərinin ata bilmədiyi addımı atdı. BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ölkəmiz dünyaya çatdırdı ki, ədalət və beynəlxalq hüquq deyilən məfhum var və onların tətbiqi, icrası üçün  vahib mexanizm müəyyənləşdirilməlidir. Ölkə Prezidenti İlham Əliyev  «Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi» söyləyərək bunun ardınca ən çox təəssüf doğuran halın bu olduğunu bildirir ki, ATƏT-in  Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər etdilər, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi oldular, lakin Ermənistanı qınamadılar.  Bu faktı da qeyd etmək yerinə düşər ki, Azərbaycan 30 illik işğal dövründə bütün beynəlxalq təşkilatların potensialından istifadə etmək istəyini ortaya qoydu. BMT Baş Assambleyasına müraciət edən rəsmi Bakı  Qarabağda süni məskunlaşdırma faktının araşdırılması üçün Faktaraşdırıcı Missiyanın yaradılması təşəbbüsü ilə çıxış edəndə keçmiş  ATƏT-in Minsk qrupunun həmsədrləri bunu onların missiyasına müdaxilə kimi dəyərləndirdilər və belə rəy yaratmağa çalışdılar ki, Azərbaycan qurumun vasitəçiliyindən imtina edir. Dövlət başçısı İlham Əliyev buna cavab olaraq bildirdi ki, Azərbaycan məsələnin həllində bütün beynəlxalq təşkilatların potensialından istifadə etməkdə qərarlıdır, bunun ATƏT-in Minsk qrupunun vasitəçiliyinə heç bir aidiyyəti yoxdur. ATƏT Faktaraşdırıcı Missiyasını yaratdı və işğal edilmiş ərazilərimizə göndərdi. Faktaraşdırıcı Missiya iki dəfə bu ərazilərdə oldu, süni məskunlaşma faktını təsdiqlədi, amma konkret addım atmaq zamanı gələndə, yəni hesabat hazırlananda bu siyasəti hansı tərəfin həyata keçirdiyini gizli saxlamağı daha məqsədəuyğun hesab etdi. Hazırlanan hesabat həmsədrlərin Azərbaycanın BMT Baş Assambleyasına müraciəti ətrafında niyə hay-küy salmalarına aydınlıq gətirdi. Çünki sirr deyildi ki,  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi illərlə kağız üzərində necə  qaldısa, ATƏT-in  Faktaraşdırıcı Missiyası da  eyni yanaşmanı ortaya qoyacaqdı. Bu xatırlatmanı etməyimiz səbəbsiz deyil. Dünya siyasətində münaqişəli məsələlərin həllinə dair belə maraqlı model görəsən bütün dövlətlərə tətbiq olunurmu?  30 illik işğal dövrü bu yanaşmanın zamana və məkana görə tətbiq olunduğunu təsdiqlədi. Bu baxımdan ki, bəzi  dövlətlər üçün BMT qətnamələri 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə işğalçının adının çəkilməsi münaqişənin həllinə maneə kimi dəyərləndirildi. Amma Ermənistana müxtəlif adlar altında maddi və mənəvi dəstək göstərmək əksər dünya güclərinin düşüncələrinə görə  beynəlxalq hüququn «prinsipləri»dir. Əksər dünya gücləri bu kimi ikili yanaşmaları ilə özlərinə qarşı etimadsızlıq mühiti yaratmaqla münaqişəli məsələlərin həllinə hansısa dəstəyi göstərmək imkanında olmadıqlarını ortaya qoyurlar.

Dövlət başçısı İlham Əliyev Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında zəngin mənbə rolunu oynayan Şuşa Qlobal Media Forumundakı çıxışında da diqqəti bu məsələyə yönəldərək bildirdi ki, o ki qaldı İkinci Qarabağ savaşı dönəmində ölkələrin mövqeyinə, artıq bu, tarixdə qalıb. Biz bilirik  yanımızda kim olub,  Ermənistanın yanında kim olub, neytral mövqedə kim olub. Əsas vəzifəmiz torpaqlarımızı azad etmək idi, buna da nail olduq: “Hər bir ölkənin öz gündəliyi var, öz xarici siyasəti var, necə deyərlər, öz daxili səbəbləri var. Biz bunu da başa düşürük. Bəzi ölkələrdən bəlkə daha çox dəstək gözləyirdik, bəzi ölkələrdən, ümumiyyətlə, heç nə gözləmirdik. Yəni, bu, beynəlxalq münasibətlərin qanunlarıdır. Deyə bilərəm ki, bizim təcrübəmizdə belə məsələlər ikitərəfli münasibətlərə o qədər də böyük təsir göstərmir. Deyə bilərəm ki, işğal dövründə də bir çox ölkələr tərəfindən neytral mövqe görmüşdük, halbuki, bununla razı deyildik, çünki biz haqlı olaraq tələb edirdik ki, haqq-ədalət mövqeyi üstünlük təşkil etsin. Eyni zamanda, işğal dövründə Ermənistanla həmrəy olan ölkələrin mövqeyini görmüşdük. Ancaq yenə də deyirəm, bu, bizim o ölkələrlə münasibətlərimizin dondurulmasına gətirib çıxarmamışdır, bu, birincisi. İkincisi, mən hesab edirəm ki, biz buna müəyyən dərəcədə nail olduq, biz qarşı tərəfin meydanında da oynamağa cəhd etməli idik və bunu da etdik.” Ölkə Prezidenti onu da əlavə etdi ki, işğal dövründə    Ermənistanın yaxın müttəfiqləri sayılan ölkələrlə də əlaqələrimiz uğurla inkişaf etdi. O ölkələrə göstərməyi bacardıq ki, onların real olaraq həm siyasi, həm iqtisadi və digər maraqları məhz Azərbaycandadır, Ermənistanda yox. Bu amil də imkan verdi ki, həmin ölkələrin ermənipərəst mövqeyinə müəyyən dərəcədə düzəlişlər edilsin.

Daha çox xəbərlər