Bu da hələ son deyil…
İşğaldan azad edilmiş ərazilərimizdə aşkarlanan kütləvi məzarlıqlardakı qətlə yetirilmiş azərbaycanlıların qisası çoxdan və lazımınca alınıb
Müharibə aparmağın da müəyyən qayda və qanunları mövcuddur. Necə ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsi zamanı ermənilərin dinc insanlarımıza qarşı törətdikləri təxribatlara rəğmən düşməndən qisasını yalnız döyüş meydanında almaqla müasir beynəlxalq hüquqla tənzimlənən müharibələrdə və ya hər hansı silahlı münaqişələrdə davranış qaydalarına ciddi şəkildə əməl etdi. Çünki beynəlxalq hüquqla hərbi əməliyyatların bir sıra üsulları məhdudlaşdırılır, hətta qadağan olunur. Humanitar qanunvericilik, eyni zamanda, mülki əhalinin, münaqişə tərəflərinin silahlı qüvvələrinə daxil olan hərbi əsirlərin və yaralıların hüquqlarının təmin edilməsini də nəzərdə tutur. 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının və onun əlavə protokollarının, “Hərbi əsirlərlə rəftar haqqında” və “Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair” konvensiyaların tələblərinə görə, əsirlərə, girov götürülənlərə işgəncələrin verilməsi, onların amansızlıqla qətlə yetirilməsi və kütləvi məzarlıqda dəfn edilməsi ən ağır beynəlxalq cinayətdir. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda erməni vəhşiliyinin, qəddarlığının sübutu kimi bir-birinin ardınca aşkarlanan kütləvi məzarlıqlar həm də Ermənistanın iştirakçısı olduğu həmin konvensiyaların bütün norma və prinsiplərini kobudcasına pozduğunu, beynəlxalq miqyaslı cinayətlər törətdiyini göstərir.
Dinc əhaliyə qarşı cinayətlər törətmək, vandallıq, vəhşilik etmək erməni xislətinə xas olan əlamətdir və onların hələ də belə insanlığa sığmayan mənfur əməllərə əl atmaları aşkarlanan kütləvi məzarlıqlarla bir daha öz təsdiqini tapır. Məlumdur ki, əsrlərdir Azərbaycana qarşı qatı düşmənçilik və işğalçılıq siyasəti yürüdən ermənilərin vəhşilikləri Birinci Qarabağ müharibəsi dövründə daha dəhşətli miqyas almışdı. Heç bir beynəlxalq qanuna məhəl qoymayan erməni quldurlarının vəhşilikləri nəticəsində həmin müharibə zamanı itkin düşmüş 3890 nəfərin taleyindən bu günə qədər də xəbər yoxdur. İtkin düşənlərdən 71-i yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326-sı isə yaşlı insanlar olmaqla 719 nəfəri mülki şəxsdir. Azərbaycan tərəfinin məsələ ilə bağlı Ermənistana dəfələrlə etdiyi müraciətlər nəticəsiz qalıb, düşmən ölkə məqsədli şəkildə onların sonrakı taleyi barədə bu vaxta kimi heç bir məlumat vermir. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimiz minalardan və partlamamış döyüş sursatlarından təmizləndikcə, tikinti-quruculuq işləri aparıldıqca aşkarlanan kütləvi məzarlıqlar Ermənistanın bu istiqamətdə humanitar əməkdaşlıqdan niyə yayındığını göstərir. Aşkarlanan kütləvi məzarlıqlarda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbçilərin, mülki şəxslərin xüsusi amansızlıqla qətlə yetirilərək qazılmış quyularda kütləvi şəkildə basdırıldıqları müəyyən edilib. Bütün bunlar ermənilərin bu qatı cinayətləri məqsədli şəkildə həyata keçirdiklərinin, əsir və girov düşmüş azərbaycanlıların ağlasığmaz işgəncələrə məruz qaldığının sübutudur.
Belə məzarlıqların sayı isə bölgədə kifayət qədərdir və bu günlərdə Şuşa şəhərində aşkarlanan növbəti kütləvi məzarlıq artıq sayca doqquzuncudur.
Məlum olduğu kimi, Şuşa türməsinin ərazisində avqustun 1-dən 15-dək aparılan qazıntı işləri nəticəsində 17 şəxsə aid edilən sümüklər üzə çıxıb, onlardan 11-i bütöv, 6-sı isə skeletin hissələri şəklində tapılıb. Həbsxananın ərazisindəki çirkab quyusunda aşkarlanmış kütləvi məzarlıqla bağlı dəhşətli faktlardan biri də 6 nəfərin qalıqlarının qarın nahiyəsində mismarların aşkarlanmasıdır ki, bu da ermənilərin həmin şəxslərə ağlasığmaz üsullarla işgəncə verdiklərini göstərir. Eyni zamanda, qalıqlara keçirilən ilkin baxış zamanı qətlə yetirilmiş azərbaycanlıların bədənləri üzərində güllələnmə izlərinin olduğu, onlara müxtəlif küt və kəsici-deşici alətlərdən istifadə edilməklə zərbələr endirildiyi, döyüldükləri, başlarının kəsildiyi, üstlərinə itlər buraxıldığı, yaralı və halsız olanlarının donuzlara yedizdirildiyi və bu kimi digər amansız işgəncələr verildiyi, habelə başlarının bədəndən ayrı olaraq dəfn edildiyi, daha dəqiqi meyitlərinin təhqir olunaraq Şuşa türməsinin ərazisindəki çirkab suların yığıldığı quyuya atıldığı məlum olub. Əslində, vəhşi erməni xislətini, erməni faşizminin mahiyyətini anlamaq üçün təkcə Xocalı soyqırımını göz önünə gətirmək kifayət edir. Ancaq aşkarlanan kütləvi məzarlıqların mövcudluğu göstərir ki, ermənilərin müharibə cinayətləri bəşəriyyət üçün utanc məqamı olan Xocalı faciəsi ilə məhdudlaşmır, bu qaniçənlərin dinc insanlara qarşı dəhşətli vəhşilikləri saysız-hesabsızdır.
Xatırladaq ki, daha əvvəllər Şuşa rayonunun Daşaltı, Xocavəndin Edilli, Xocalının Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərində, həmçinin Kəlbəcərdə, Ağdamda da kütləvi məzarlıqlar aşkarlanıb, bu məzarlıqlardan ümumilikdə 480-dən çox şəxsə məxsus meyit qalıqları aşkar edilib. Bütün bu faktlar Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasətinin, əsir və girovlarla amansız rəftarının daha bir təzahürüdür. Təəssüf ki, beynəlxalq səviyyədə təzyiqlərin olmaması, uzun illər davam etmiş cəzasızlıq mühiti nəticəsində Ermənistan qanunsuz əməllərini rahatlıqla davam etdirir və dünya ictimaiyyətinin diqqətini öz dəhşətli əməllərindən yayındırmaq məqsədilə hazırda müxtəlif dairələrə müraciətlər ünvanlayaraq saxta iddialarını yeritməyə çalışır.
Qisas qiyamətə qalmaz! Rəşadətli Azərbaycan Ordusu ermənilərin əsir və girov düşmüş mülki insanlarımıza qarşı törətdikləri cinayətlərinin cəzasını döyüş meydanlarında artıqlaması ilə veriblər. Bu gün aşkarlanan kütləvi məzarlıqlardakı qətlə yetirilmiş azərbaycanlıların qisası çoxdan və lazımınca alınıb, Ermənistan öz işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamaqdadır. Təkrar da olsa bir faktı xatırlatmaq yerinə düşər: İrəvandakı 44 günlük İkinci Qarabağ müharibəsi zamanı məhv edilmiş erməni əsgərlərinin basdırıldıqları Yerablur panteonunda oğlu öldürülmüş bir qadın ucu-bucağı bilinməyən qəbiristanlığı göstərib Ermənistan hakimiyyətinə və bütün ermənilərə xitabən soruşurdu: “Siz türkləri (azərbaycanlıları-red.) öldürüb quyularda basdıranda bilmirdinizmi ki, axırda belə olacaq?”
Bu da hələ axırı deyil…

