Texnoloji inkişaf, sənayeləşmə, investisiyalar, güzəştli kreditlər, dövlət-özəl sektor tərəfdaşlığı…
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizdə bu amillərin mövcudluğu dayanıqlı iqtisadi inkişafı şərtləndirir
Ölkənin dayanıqlı inkişafının təmin edilməsi möhkəm təmələ, islahatların dövrün tələblərinə uyğun olaraq aparılmasına əsaslanır. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya prioritet məsələ kimi qoyan dövlət başçısı İlham Əliyev hədəfə çatmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün Regional inkişaf proqramlarını təsdiqlədi. Regionların inkişafı həm də iqtisadiyyatın dayanıqlılığını təmin edir. Regional iqtisadi siyasətin əsas hədəfləri regionlarda iqtisadi aktivliyin artırılması, bölgələrə daxili və xarici sərmayələrin cəlb olunması, müasir texnologiyanın tətbiq edilməsi, istehsal və ixrac imkanlarının genişləndirilməsidir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramı 2004-cü ildən başlayaraq həyata keçirilir. Ötən 20 ilə yaxın dövr ərzində infrastruktur və iqtisadi baxımdan xeyli uğurlar əldə edilib. Elektrik, qaz, yol, kommunikasiya infrastrukturu xeyli yaxşılaşıb, bu sahədə əsas problemlər həll olunub. Regionlar artıq iqtisadi aktivlik və xarici sərmayələrin cəlb edilməsi, infrastruktur baxımından müasir standartlara tam cavab verir. Regionların tarazlı şəkildə inkişafı ölkədə inklüziv inkişafa gətirib çıxarıb ki, bu da Dünya İqtisadi Forumunun müəyyən etdiyi inklüziv inkişaf indeksinin müəyyən olunmasına öz təsirini göstərib və Azərbaycan dünyada inkişaf etməkdə olan ölkələr arasında 3-cü yerə çıxıb.
Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi maliyyə imkanlarının genişlənməsinə mühüm şərait yaradır ki, bu da öz növbəsində sosial-iqtisadi layihələrin icrasını sürətləndirir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın bütün bölgələri inkişaf, tərəqqi dövrünü yaşayır, paytaxtla bölgələrimiz arasında fərq tamamilə aradan götürülüb. Hər bir bölgənin inkişafında yol infrastrukturunun rolunu nəzərə alsaq, bu gün bu fikri böyük əminliklə qeyd edə bilərik ki, yol-nəqliyyat sistemimiz beynəlxalq standartlara cavab verir. Yol infrastrukturunun təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeyini düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb.
Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident tərəfindən Fərman və sərəncamlar imzalanır. İmzalanan sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək.
Son iki ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması prioritet olsa da , digər regionlarımızın da dayanıqlı inkişafının təmin edilməsi üçün davamlı addımlar atılır. Dövlət başçısı İlham Əliyevin bölgələrə səfərləri sistemli xarakter alıb. Hər səfər müəyyən yeniliklərlə, yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi, görülən işlərlə tanışlıqla yadda qalır. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının qəbulundan ötən 19 ildən artıq dövrdə sıralamanı nəzərdən keçirsək böyük inkişafın, tərəqqinin şahidi olarıq. Bu baxımdan böyük inamla qeyd edə bilərik ki, bütün bölgələr arasında sağlam rəqabət gedir, dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüslər ölkə ictimaiyyəti tərəfindən dəstəklənir, Azərbaycanın hərtərəfli inkişafına xidmət edir.
Nəqliyyat sektoruna göstərilən diqqət və aparılan düşünülmüş siyasət bu reallığı yaratmışdır. Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar həcmində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Ölkəmizin bugünkü reallıqları fonunda bu fikri də böyük inamla qeyd edə bilərik ki, qlobal çağırışların, yüksək rəqabət gücünə malik, bazar münasibətlərinə əsaslanan dayanıqlı iqtisadiyyatın inkişafını, idarəetmə strukturlarının yeni, müasir modellər əsasında formalaşmasını, qeyri-neft sektorunun genişləndirilməsini, nəqliyyat, tranzit və logistika infrastrukturunun, insan kapitalının təkmilləşdirilməsini, sosial-müdafiə sisteminin gücləndirilməsinı şərtləndirən amillərin əks olunduğu «Azərbaycan -2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının tətbiqi ilə qüdrətli dövlətə çevrilən Azərbaycanı dünyada tanıdan inkişaf modeli özünü doğrultdu. Qürurvericidir ki, bu gün «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in uğurlu icrasına başlanılıb. Konkret konseptual proqramlar, düşünülmüş ictimai rəy, vətəndaş təklifləri əsasında hazırlanan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi bölgələrin simasını dəyişmiş, infrastruktur yenilənmiş, şəhərlə kənd arasındakı fərq minimuma endirilmiş, demoqrafik tarazlıq təmin olunmuşdur. Həyata keçirilən və dövlətin daim nəzarətində olan təşəbbüslərin həllində yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli islahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə qarşıdakı on il üçün görüləcək işlər, icra mexanizmi tam aydınlığı ilə göstərilib. İşğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma qaydalarına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla, nəzərdə tutulan vəzifələrin həlli Azərbaycanın inkişafına böyük təkan verəcək. Mərhələ üzrə həyata keçiriləcək vəzifələr 2030-cu ilə qədər Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə, qüdrətli dövlətə çevrilməsinə etibarlı zəmanətdir. Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü olması nəzərə alınmaqla müəyyənləşdirilən prioritetlərdə ölkə vətəndaşlarının rifah səviyyəsinin artırılmasına, yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə əsaslanan yeniliklərə xüsusi diqqət yetirilir.
«Ölkəmizin inkişafı üçün indi yeni imkanlar açılıb» söyləyən dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan özünü dünyada güclü, məsuliyyətli ölkə kimi təqdim edir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın potensialının nədən ibarət olduğunu nümayiş etdirdi. Azərbaycan döyüş meydanında qələbə qazandı. Əgər güclü iqtisadiyyat yaratmasaydıq, güclü ordu da qura bilməzdik. Ona görə bütün amillərin sintezi həm qələbəni şərtləndirdi, həm də bundan sonra bizim inkişaf dinamikamızı da şərtləndirəcək: «Hətta pandemiya dövründə də bizim qeyri-neft sənayemiz artmışdır, özü də böyük dərəcədə… Nəyə görə? Texnoloji inkişaf, sənayeləşmə, investisiyalar, güzəştli şərtlərlə kreditlərin verilməsi, dövlət-özəl sektor tərəfdaşlığı – bütün bu amillər öz rolunu oynayıb. Texnologiyalar, telekommunikasiya sahələrində artıq bir çox yerli şirkətlər yaranmışdır və həm Azərbaycanda, həm də xaricdə fəaliyyət göstərir. Biz onlara da dəstək verməliyik. Onların xaricdəki fəaliyyətlərini dəstəkləməliyik və burada da dövlət-özəl sektor tərəfdaşlığı bir nümunə olmalıdır. Bu sahə hər bir ölkə üçün, deyə bilərəm ki, hər bir ölkənin gələcəyi üçün həlledici sahədir.»
Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alan dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə «Neft kapitalını insan kapitalına çevirək» tezisini irəli sürərkən bu məqamı xüsusi qeyd etmişdir ki, inkişaf etmiş ölkələrə diqqət yetirsək görərik ki, onları irəli aparan bilikdir, savaddır, yeni texnologiyalardır. Azərbaycan da bu yolla irəliləyəcək. Ölkə Prezidenti bildirir ki, texnoloji inkişafda kim qabağa gedibsə, o da udacaq, kim geridə qalıbsa, asılı vəziyyətdə qalacaq.
Dövlətimizin başçısı İlham Əliyev daim vətəndaşının yanında olduğunu, həyata keçirilən siyasətin təməlində vətəndaş amilinin dayandığını nümayiş etdirir. Bunun üçün təbii ki, ilk növbədə iqtisadi tərəqqinin təmin oluması əsasdır. Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadəsi neft gəlirlərinin artmasında, bu isə öz növbəsində ölkəmizin hərtəfli inkişafı üçün mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsində aydın ifadəsini tapır. 2003-cü ildə cənab İlham Əliyevin vədləri sırasında yoxsulluq kimi sosial bəlanın aradan qaldırılacağı xüsusi qeyd edilmişdi. Son 20 ilə yaxın dövrdə yoxsulluq 5, işsizlik 4,8 faiz səviyyəsindədir. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bu, “qara qızıl”ın insan kapitalına çevrildiyini göstərir: “Onu göstərir ki, bizim siyasətimiz ondan ibarət olmuşdur ki, biz neft-qaz əməliyyatlarından əldə olunan gəlirləri cəmiyyətdə bərabər, ədalətli şəkildə bölək və ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan layihələrə yönəldək.” Cənab İlham Əliyev çıxışlarında bu mühüm məqamı da qeyd edir ki, hər şeyi Azərbaycan vətəndaşı üçün edirik: “Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə?! Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar.”
Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd edir ki, ümumiyyətlə, bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addım idi. Bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir. Sözsüz ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından sənaye parklarının və məhəllələrinin müstəsna əhəmiyyəti vardır. Müasir sənaye məhəllələrinin yaradılması, eyni zamanda, ölkəmizin iqtisadi potensialını nümayiş etdirir, iqtisadi gücümüzü artırır. Bu günlərdə Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışı da deyilənlərin təsdiqidir. Ölkəmizdə müasir sənaye müəssisələrinin, yeni istehsal sahələrinin yaradılması nəticəsində daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir.
Hazırkı dövrün əsas çağırışı Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Postmüharibə dövrünün prioritetləri islahatların daha da dərinləşdirilməsini, kadr potensialının artırılmasını bir zərurət kimi ortaya qoyur. Əvvəldə də qeyd etdiyimiz kimi, bütün imkanların səfərbər edilməsi fonunda hədəflərə qısa zamanda nail olacaq, 30 il işğal altında qalan, ermənilər tərəfindən tamamilə yerlə-yeksan edilən torpaqlarımızda həyat bərpa ediləcək, Azərbaycan dayanıqlı inkişafı, ixrac imkanları, cənnətməkana çevriləcək Qarabağımızla dünyanın diqqətində olacaq.

