Böyük Qayıdış: Arzular reallığa çevrilir
Oktyabrın 16-da Laçına daha 26 ailə (96 nəfər) köçürülüb
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərdən sonra məcburi köçkünlər arasında sorğu keçirildi. Onların mütləq əksəriyyəti düşmən tapdağından azad edilmiş öz yurd-yuvalarına qayıtmaq arzusunu ifadə etdilər. Bu gün artıq qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb desək, səhv etmərik. Elə bu günlərdəki statistika da bunu sübut edir. Belə ki, oktyabrın 10-da Füzuli şəhərinə 21 ailə – 88, oktyabrın 11-də 22 ailə-59, oktyabrın 12-də 21 ailə – 88, oktyabrın 13-də 22 ailə – 62, oktyabrın 14-də 28 ailə – 117 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 258 ailənin, yəni, 928 nəfərin daimi məskunlaşması təmin edilib.
Oktyabrın 16-da isə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Laçına daha 26 ailə (96 nəfər) köçürülüb. Bununla da Laçın şəhərində 272 ailə, yəni 1052 nəfərin daimi məskunlaşması təmin edilib.
Həmin ailələr yenidən tikilən evlərdə məskunlaşıblar. Onlar bu imkanı, bu fürsəti 30 il gözləyirdilər. İkinci Qarabağ müharibəsi – bizim şanlı Qələbəmizlə bitən müharibə onlara bu şəraiti yaratdı. Odur ki, yurd-yuvalarına qovuşan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirməklə yanaşı, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür ifadə edir, Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə böyük ehtiram göstərirlər.
Bəli, Böyük Qayıdış sürətlə, planauyğun, həm də mərhələli şəkildə davam edir. Bütün bunlar isə Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Bəli, məhz bu Proqram və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə, Zəngilanın Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndlərinə qayıtsınlar.
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib ki, artıq Proqramda nəzərdə tutulmuş 100 yaşayış məntəqəsinin 52-nin layihəsinin konseptual həlli qəbul edilib.
Həmin ərazilərdə insanların normal yaşaması məqsədilə hər cür infrastruktur da yaradılıb. Artıq istifadəyə verilmiş Füzuli və Zəngilandakı Beynəlxalq Hava limanları ilə bərabər Laçındakı üçüncü hava limanının tikintisi sürətlə davam edir. Hətta işğaldan azad edilmiş bəzi məkanlarımız beynəlxalq tədbirlərə də qucaq açıb. Bu isə o deməkdir ki, artıq Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb. Yeri gəlmişkən qeyd edək ki, İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək bərpa işlərinə dövlət büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Son 9 ayda Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 3 milyard 741 milyon manat vəsait yönəldib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Özü də Azərbaycan bütün bunları öz dövlət vəsaiti hesabına həyata keçirir. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq: “Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib. Özbəkistan Füzulidə məktəb tikdi, digəri isə yekunlaşmaq üzrədir. Yəni, bu, Azərbaycan üçün çox böyük maliyyə yüküdür. Ancaq Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir”.
Bəli, bu gün İkinci Qarabağ müharibəsində əldə edilmiş böyük Zəfərdən sonra yaranmış yeni reallıqlara uyğun addımlar atan Prezident İlham Əliyev işğaldan azad edilən torpaqlarımızda reallaşdırdığı yeni layihələrlə bir daha dünyaya Azərbaycanın iqtisadi qüdrətini nümayiş etdirir. Şübhəsiz, bütün bunlar həm də dövlətimizin və xalqımızın quruculuq əzminin təzahürüdür.
Amma bu, bir həqiqətdir ki, münaqişəyə məruz qalmış ərazilərin minalarla geniş miqyasda çirklənməsi yenidənqurma, abadlıq işlərinin daha səmərəli aparılmasına, yüz minlərlə məcburi köçkünün öz dogma yurdlarına qayıtmasına əsas maneə olaraq qalır. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin bitməsindən ötən 3 ilə yaxın müddətdə minaya düşərək həlak olan və ya xəsarət alan şəxslərin sayı 330-u keçib və onlar arasında mülki şəxslər üstünlük təşkil edir.
Bu kimi çətinliklərə rəğmən Azərbaycan məcburi köçkünlərimizin Qarabağ və Şərqi Zəngəzura – doğma torpaqlarına qayıtmaları ilə bağlı arzularını reallığa çevirməkdə davam edir. Artıq Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə də bayrağımız dalğalanır. Şübhəsiz, həmin ərazilərdən didərgin düşənlərin də hər birinin öz yurd-yuvasına qayıdışı təmin ediləcək.

