Gündəm 

“Yaşıl enerji”nin əhatə dairəsi genişlənir

Hazırda Birləşmiş Ərəb Əmirliklərinin sədrliyi ilə Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası COP-28-də 180-dən çox dövlət və hökumət başçısı iştirak edir. Azərbaycan COP-28-də böyük nümayəndə heyəti ilə təmsil olunur. Bu da tədbirdə ölkəmizin ekoloji cəhətdən təmiz və enerjiyə qənaət edən “yaşıl” texnologiyalardan istifadə perspektivlərini müzakirə etmək imkanı yaradır. Eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin COP-28-də iştirakı tədbirin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını sübut edir. Onu da qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq bu il COP-28 sərgisində ayrıca pavilyonla təmsil olunur. 254 kvadratmetr sahədə quraşdırılan pavilyonda müxtəlif yerli, regional və beynəlxalq təşkilatlarla birgə tədbirlər və seminarlar keçirilir. Eyni zamanda, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə və onun təsirinin azaldılması istiqamətində gördüyü işləri əks etdirən virtual eksponatlar nümayiş etdirilir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında yazıb: “Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı: Azərbaycanın pavilyonu bizim yaşıl enerji və iqlimlə bağlı siyasətimizi, flora və faunanın müxtəlifliyini, həmçinin Ermənistanın 30 il davam etmiş işğalı zamanı basdırdığı minaların yaratdığı ətraf mühitə təsirləri – torpağın deqradasiyası və eroziyasını, suyun çirklənməsini nümayiş etdirir”.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəflər konfransı 1995-ci ildən etibarən hər il keçirilir. Konfransın əsas məqsədi dünya ölkələrinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində həyata keçirdikləri tədbirləri qiymətləndirməkdir. Bununla yanaşı, 1990-cı illərin ortalarından başlayaraq İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəflər konfransı çərçivəsində inkişaf etmiş ölkələrdə atmosferə atılan istixana qazları emissiyalarının məhdudlaşdırılmasına dair hüquqi öhdəlikləri özündə əks etdirən Kioto Protokolu müzakirə olunur. 2015-ci ildə isə iqlim dəyişikliyi ilə mübarizədə ən mühüm beynəlxalq sənəd hesab olunan Paris sazişi qəbul edilib. Artıq 195 ölkə bu sazişə imza atıb. 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulan Azərbaycan da artıq qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Eyni zamanda, 2016-cı ildə Paris sazişini ratifikasiya edən ölkəmiz “yaşıl keçid” platformasının fəal üzvünə çevrilib.

Hədəflərinə çatmaq üçün isə Azərbaycanda hərtərəfli imkanlar mövcuddur. Qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi tanınan ölkəmizin bərpaolunan enerji potensialı beynəlxalq səviyyədə olduqca yüksək qiymətləndirilir. Belə ki, respublikamızın bərpaolunan enerji potensialının həcmi, quruda külək və günəş enerjisi nəzərə alınmaqla, 27 qiqavatdan çoxdur. Bundan əlavə, Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat həcmində külək enerjisi potensialı mövcuddur.

İşğaldan azad edilmiş ərazilərimiz də “yaşıl” sərvətlə zəngindir. Qarabağ və Şərqi Zəngəzurda 4 min meqavatdan artıq günəş və 500 meqavatadək külək enerjisi potensialı mövcuddur. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımızın bərpaolunan enerji potensialını nəzərə alaraq həmin əraziləri “yaşıl enerji” zonası elan edib.

Ümumiyyətlə, 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılan Qarabağda və Şərqi Zəngəzurda bu gün aparılan ekoloji təmizləmə işləri, yaşıl enerji zonasının əsasının qoyulması ölkəmizin iqlim dəyişikliyinə töhfəsindən xəbər verir. Azərbaycan dayanıqlı inkişafı dəstəkləmək və yaşıl transformasiyaya keçidi asanlaşdırmaq üçün intensiv tədbirlər həyata keçirir.

Ölkəmiz bərpa olunan enerji potensialının hərəkətə gətirilməsində, eləcə də “yaşıl enerji”nin ixracında böyük beynəlxalq dəstəyə malikdir. Etibarlı enerji tərəfdaşı kimi özünü tam təsdiqləyən Azərbaycan hazırda həm də “yaşıl” layihələrə investisiya yatırmaq üçün cəlbedici ölkələrdən biri sayılır. Hazırda dünyanın aparıcı “yaşıl enerji” şirkətləri ilə bərpa olunan enerji sahəsində fəal əməkdaşlıq edilir. Ötən müddətdə ölkəmizin bərpa olunan enerji potensialının hərəkətə gətirilməsi üçün əcnəbi şirkətlərlə bir sıra saziş və anlaşma memorandumlara imzalanıb. Bu baxımdan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın BP və Avstraliyanın “Fortescue Future Industries” şirkətləri ilə imzalanmış sənədlər Avropaya enerji təchizatının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bütövlükdə isə xarici investorlarla imzalanan sənədlərə əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpa olunan enerjinin həcmi 10 qiqavata çatdırılacaq.

Artıq dövlətimiz “yaşıl” əməkdaşlığın ilk uğurlarını qeyd edir. Belə ki, cari ilin oktyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası istifadəyə verilib. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.

Qarşıdakı illərdə isə ölkəmiz bərpa olunan enerji mənbələri sahəsində daha böyük uğurlara imza atmaq əzmindədir. Belə ki, ölkəmiz 2027-ci ilə qədər istehsal olunan resursların 80 faizini ixrac etmək niyyətindədir. Bu məqsədlə yaxın perspektivdə respublikamızda 3 qiqavat külək və 1 qiqavat günəş enerjisi istehsal ediləcəyi nəzərdə turulur. Azərbaycanın əsas “yaşıl bazarı” isə Avropa qitəsində yerləşir. “Yaşıl” sərvətimizi “köhnə qitə”yə çatdırmaq üçün ortada artıq konkret layihə də mövcuddur. Məlum olduğu kimi, ötən il il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıblar. Əldə edilmiş razılaşma çərçivəsində 1000 meqavat gücündə və 1195 kilometr uzunluğunda Qara dəniz sualtı elektrik kabelinin çəkilməsi nəzərdə tutulur. Həmin kabellə Azərbaycanda hasil edilən “yaşıl” elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırmaq üçün Macarıstana və Avropanın qalan hissəsinə nəql olunacaq.

Daha çox xəbərlər