Hadisə 

“1-ci sinifdən sevirəm, elçilərimə rədd cavabı verdilər, mən də qaçırdım” — Qaradağda evə basqın edənlərin MƏHKƏMƏSİ

Bir neçə il əvvəl Bakının Qaradağ rayonunda evə basqın edərək gənc qızı qaçırmaqda təqsirli bilinərək məhkum olunan dəstənin 3 üzvü Ali Məhkəməyə müraciət edib.
ARANTV.AZ  “ölkə.az”a istinadla xəbər verir ki, Tağıyev Nihal Xeyirbala oğlu, Qədirov Elbəy Nurbaba oğlu və Xankişiyev Amlet İldırım oğlunun muraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Gülzar Rzayevanın sədrliyi ilə iyul ayının 16-da keçiriləcək.

İttihama əsasən, keçən il Qobustan rayonunda Vahib Zülfüqarov sevdiyi qızı qaçırmaq üçün dostları Elbəy Qədirov, Amlet Xankişiyev və Niyal Tağıyevlə birlikdə dəstə yaradıb. Dəstə üzvləri zorla Vahib Zülfüqarovun sevdiyi qızı qaçırıblar. Vahib Zülfqarovun atası Vahid Zülfüqarov da bu cinayət əməlində iştirak edib. Qızın valideynləri Polis Şöbəsinə şikayət ediblər. Şikayət əsasında dəstə üzvləri həbs edilib.

Məhkəmədə ifadə verən Vahib Zülfüqarov ifadəsində özünü qismən təqsirli bilib. “Mən qızı 1-ci sinifdən sevirəm. İki dəfə elçi göndərmişəm. Amma qızı valideynləri vermədilər. İndiyə qədər qızla heç bir söhbətim olmayıb. Cəmi 1 dəfə qıza məktub yazmışam. Həmin vaxt qonşuları məktubu çatdırmadı. 2-ci dəfə “yox” cavabı alandan sonra belə qənaətə gəldim ki, qızı qaçırım. Evdə valideynlərimə də dedim bu barədə. Onlar dedilər ki, qızın razılığı varsa, qaçırmağıma bir söz demirlər. Sonra məsələni dostlarım Niyal, Amlet və Elbəylə danışdım. Onlara yalandan dedim ki, qız razıdır.

Qeyd edək ki, məlum hadisədə 5 nəfər tutularaq istintaqa cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, hadisənin təşkilatçısı Vahib Zülfüqarov 12 il, Elbəy Qədirov və Amlet Xankişiyev 11 il, Niyal Tağıyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Vahib Zülfüqarovun atası Vahid isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Daha çox xəbərlər