Gündəm 

Əbədi döyüşçü və şəhadətdən sonra da çəkən kamera

Çingiz Fuad oğlu Mustafayev 29 avqust 1960-cı ildə Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin-Yar kəndində Fuad və Naxış Mustafayevlərin ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollayır. O, burada 3-cü sinifdən 10-cu sinfə qədər təhsil alır. Lakin sonradan hərbi məktəbi tərk edib, orta məktəbə daxil olub. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib.

İslahatçı-novator olan Çingiz Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olub. O, Azərbaycanın ilk DJ-i kimi tanınır. 1981-ci ilin sentyabr ayında, Mustafayevin başçılığı altında, 12 nəfərdən – “light DJ” və “texnik”lərdən ibarət olan “3M” adlı qrup yaradılıb. Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olur, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir. Təhsilini başa vuran Çingiz Mustafayev təyinatla Dəvəçi rayonunda (indiki Şabran) üç il həkim işləyib. Tibb İnstitutunu bitirdikdən sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasına baş həkim təyin edilir.

1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində “Dünənki keçdi” rep janrlı mahnısını səsləndirib. 1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti Azərbaycan gəncləri arasında populyarlıq qazanır. Birlik Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. 1990-cı illərdə Azərbaycan televiziyasında “Ekspromt” verilişinin və “Ozan” rok qrupunun yaradıcısı olub. 1988-ci ildə rejissor Vaqif Mustafayevin “Yaramaz” bədii filmində çəkilib. 1990-cı il 20 yanvar hadisələri zamanı Çingiz Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edib. 1991-ci ilin noyabrından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstəribr. Amma Çingiz Mustafayev Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmir. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında həqiqətlərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapır. Dövlət televiziyasında mövcud olan senzura və ciddi qadağalar Çingizi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz, əlahiddə olaraq, “215 KL” studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı olur. Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, tamaşaçılar “215 KL” studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi.

 

 

 

Daha çox xəbərlər