Cəmiyyət 

Tibbi sığorta haqqında qanunda dəyişiklik edildi

Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” qanunun dəyişiklik edilməsi üçün müvafiq sənədi imzalayıb. Qanuna əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir. 

Burada müştərək deyərkən nələr nəzərdə tutulur? Bu qanun insanlar üçün hansı imkanlar yaradacaq?

Məsələ ilə bağlı “İki sahil”ə açıqlama verən tibb eksperti Rasif Bağırov deyib ki, yeni qərarla icbari sığortaya daxil olan xidmətlərin bəzilərinin müəyyən hissəsinin ödənişli olacağı ilə bağlı söz-söhbətlər mövcud idi:

“Düşünürəm ki, müştərək ödəniş anlayışı da məhz sığortanın müəyyən hissəsinin insanlar tərəfindən ödənilməsi ola bilər. Proses belə nəzərdə tutulursa, insanlar üçün çətin olacaq. Ona görə ki, vətəndaşların əksəriyyəti sığortaya daxil olan xidmətlərin pulsuz olduğunu bilərək, çətinliklə növbələr gözləyərək müayinələrdən keçirlər. Onlar bu prosesdən müəyyən qədər də olsa məmnundurlar. Lakin, burada ödəniş məsələsi meydana gəlsə, təbii ki, artıq insanlar üçün çətinlik yaradacaq. Bütün bunların necə olacağı və müştərək anlayışının nə olduğunu proses başlayanda daha dəqiq məlum olacaq”.


İcbari Tibbi Sığorta Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliyə əsasən, icbari tibbi sığortada müştərək maliyyələşmə məbləğinin tətbiqi 2025-ci il 1 yanvar tarixinə qədər təxirə salınıb:

“Müştərək maliyyələşmə məbləği ambulator və stasionar tibbi yardım xidmətləri üzrə müraciət zamanı göndəriş prosesi pozulduğu hallarda tətbiq olunması nəzərdə tutulur. Hazırda vətəndaşlar 2025-ci ilədək yaşayış və qeydiyyat yerindən asılı olmayaraq, ixtisaslaşdırılmış tibbi yardım üçün birbaşa TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə müraciət edir və Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən ödəniş olmadan (müştərək maliyyələşmə məbləği ödəmədən) Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən istifadə edirlər”.

Sayalı Abasova

Daha çox xəbərlər