Region Xəbərləri 

COP 29 ölkəmizin növbəti ən böyük uğuru olacaq.

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycan gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcək. Ölkəmizlə bağlı qəbul olunan hər bir qərar keçilən yolun, eyni zamanda, dövlətimizin həyata keçirdiyi siyasətin uğurlarının təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzu xarici siyasətinin əsas tərkib hissəsi olan iki və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasında, həmçinin ev sahibliyi etdiyi tədbirlərin miqyasında özünün aydın ifadəsini tapır. Bu reallıq da inkaredilməzdir ki, Azərbaycan ev sahibliyi etdiyi tədbirlərin yüksək səviyyədə təşkili üçün bütün zəruri olan addımları atır. Bugünədək keçirilən tədbirləin xronologiyasına diqqət yetirmək kifayətdir.
Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi. “Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, biz buna layiqik. Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq: “Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.” Bu mühüm qərarın önəmi ondan ibarətdir ki, antiterror tədbirlərindən iki ay yarım sonra qəbul olundu. Bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etdi. Bu məqamı da nəzərə alaq ki, antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürdülər. Təbii ki, bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etdi.
Azərbaycana beynəlxalq dəstək daim yuksək səviyyədə olub. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti özünə inamı və etimadı formalaşdırıb. Bu gün Azərbaycana beynəlxalq baxış göz önündədir. Tarixi Zəfərimizdən sonra bu dəstəyin daha da artması, ölkəmizin sözünün imzası qədər dəyərli olması diqqətdən kənarda qalmır. Azərbaycan tarixi Zəfəri ilə dünyaya sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var və onların tətbiqi üçün vahid mexanizm olmalıdır. Siyasətində müstəqil olan Azərbaycan daim dünyanın diqqətindədir. Ölkəmizin təşəbbüslərinə beynəlxalq dəstək bugünümüzün reallıqlarından aydın görünür. Hələ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda Azərbaycanın təşəbbüslərinə verilən dəyəri xatırlatmaq kifayətdir. Türk Şurasının, onun ardınca Qoşulmama Hərəkatının Zirvə görüşü keçirildi. Azərbaycana beynəlxalq dəstəyin artmasında əsas amillərdən biri Prezidentin şəxsi nüfuzudur. Hər bir məsələyə dövlətimizin başçısının ədalət və beynəlxalq hüquq nöqteyi-nəzərindən yanaşması, daim bu prinsiplərə söykənməsi təqdir olunur.
Cənab İlham Əliyev sözügedən müşavirədə beynəlxalq birlik anlayışının Qərbdə təhrif edilməsinə də münasibət bildirdi. Vurğuladı ki, beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərdilər. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bütün bu məqamlara bir daha işıq salır. 120 ölkənin yekdil qərarı əsasında Azərbaycan quruma sədrlik edir. Hətta ölkəmizin yürütdüyü siyasətə dəstək onun Qoşulmama Hərəkatına sədrlik müddətinin daha bir il uzadılmasını şərtləndirdi. Azərbaycanın səyləri nəticəsində Qoşulmama Hərəkatının beynəlxalq nüfuzu daha da artdı.
Azərbaycanın irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi ilə üzərinə böyük məsuliyyət düşür. Lakin ölkəmiz bugünədək hər bir beynəlxalq əhəmiyyətli tədbirin daha yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işlərini standartlara uyğun həyata keçirib və keçirir. Bunu ilk Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, həmçinin bu gunlərdə ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresinin yüksək səviyyədə keçirilməsi də təsdiqləyir. Azərbaycanın COP29-u da yüksək səviyyədə keçirəcəyinə əminik. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Dövlət başçısı İlham Əliyev bildirmişdir: “Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.”

Daha çox xəbərlər