Gündəm 

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi həbsdə olan generala baş çəkib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənova baş çəkib.

“Report” xəbər verir ki, başçəkmədə komitənin sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov və Hüquq şöbəsinin müdiri Rövşən Məmmədov iştirak ediblər.

T.Həsənov saxlanma şəraitindən razı olduğunu söyləyib. O, gigiyena vasitələri, dərman preparatları ilə təmin edildiyini bildirib.

Qeyd edək ki, general-mayor T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.

Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.

Hazırda Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə onun məhkəməsi davam edir. Naxçıvana gediş-gəlişlə əlaqədar olaraq proses onlayın keçirilir.

Daha çox xəbərlər