Cəmiyyət 

Bakının qış nağılı – FOTOLAR

ARANTV.AZ xəbər verir ki, dünən axşamdan başlanan qar şəhəri ağ qumaşdan biçib. Küçələr, yollar, ağaclar qar örpəyinə bürünüb.

Bu gün paytaxtın hüsnü başqadır. Bir-birindən tuta-tuta yol gedən kim, qarda sürüşən avtomobilləri itələyən kim, küçələri qardan təmizləyən, duz səpən, marketlərin, evlərin, blokların qarşısını təmizləyib hərəkət cığırı açan kim…

Bəs uşaqlar? Onların sevinci isə yerə-göyə sığmır. Qar uşaqlar üçün həmişə sevinc mənbəyidir. Onların arasında qardan müxtəlif fiqurlar düzəldən də var, qartopu oynayan da, valideynin çağırışına məhəl qoymayıb həyət-bacadan yığışmayan da…

Qar paytaxtda adət etmədiyimiz xoş mənzərə yaradıb. Hara baxırsan hər yer ağappaqdır. Elə bil Bakının parkları, bağları, xiyabanları hərdən ələnən qar dənəciklərinin altında bir qış nağılı pıçıldayır…

Həftəarası hərdən qısamüddətli yağan qarı nəzərə almasaq, bu, ilin ilk qarıdır. İlk qar ömrümüzə açılan ilk səhər kimidir. Qoy bu qarın – ömrümüzə açılan yeni səhərin ayağı sayalı, ruzili, barlı-bərəkətli olsun!

Daha çox xəbərlər