Böyük Qafqaz dağları bu gün Qubadan daha aydın görünüb – FOTOREPORTAJ
Bu gün ölkəmizin şimal bölgəsində müşahidə olunan günəşli və aydın səma sakinlərə Böyük Qafqaz dağlarının əsrarəngiz mənzərəsini izləmək imkanı yaradıb.
Quba, Qusar və Xaçmaz rayonlarından Baş Qafqaz silsiləsinin Azərbaycandakı, həmçinin qonşu Dağıstan ərazisindəki uca zirvələri aydın görünüb. İzləyənlər “Şahdağ”, “Heydər zirvəsi”, “Yarudağ”, “Şalbuzdağ” (Dağıstan), Məstərgah, Qızılqaya, Xınalıq zirvələrinin, Buduq yaylaqlarının qarlı mənzərələrindən zövq alıblar.
Ekoturizm mütəxəssisi Toğrul Cəfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Böyük Qafqaz dağlarının zirvələrini Qubanın rayon mərkəzindən qış aylarında daha yaxşı müşahidə etmək mümkün olur. Yayda havadakı buxarlanma mənzərənin qarşısını nisbətən alır. Hazırda zirvələrin qarla örtülməsi dağları daha cəlbedici və mənzərəli edir.
AZƏRTAC Böyük Qafqaz dağlarının Quba şəhərinin mərkəzindən çəkilən fotolarını təqdim edir.