Əsaslı bərpa olunan şəbəkə emalatxanasında gənc sənətkarlar yetişəcək FOTO
Şəki şəhərindəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən qədim tarixi abidələrdə Dövlət Turizm Agentliyi tərəfindən aparılan təmir-bərpa işləri davam etdirilir. Bərpa olunan abidələrdən biri də XIX əsrin sonlarında inşa edilmiş və hazırda dövlət mühafizəsinə götürülmüş şəbəkə emalatxanasıdır.
AZƏRTAC-ın bölgə müxbiri şəbəkə emalatxanasında olub, aparılan təmir-bərpa işləri ilə maraqlanıb, uzun illər bu emalatxanada çalışmış Şəkinin tanınmış şəbəkə ustası Tofik Rəsulovla söhbət edib.
Sənətkar bildirib ki, memarlıq abidəsi vaxtilə çar Rusiyası əsgərlərinə məxsus camaşırxana binası kimi inşa olunub. Binadan sonralar şəbəkə sexi kimi istifadə edilib. “Babam da, atam da şəbəkə ustaları olub və burada çalışıblar. Hazırda mən və oğullarım burada ailəmizin sənət ənənələrini yaşadır və davam etdiririk. Yəni, sənətkarlıq ənənəsi bizdə dörd nəsildir ki, davam edir. Emalatxananın bərpası şəbəkə sənətinə, sənətkara verilən yüksək qiymətdir”, – deyə şəbəkə ustası vurğulayıb.
Tofik Rəsulov bildirib ki, bərpa olunan binadan “Şəbəkə evi” emalatxanası kimi istifadə ediləcək. Altı otaqdan ibarət olan binanın ümumi sahəsi 127 kvadratmetrdir. Binanın girişində şəbəkə sənətinin tarixini nümayiş etdirən ekspozisiya zalı yerləşəcək. Burada qədim şəbəkə nümunələri, daş şəbəkələr, zərgərlikdə istifadə olunan şəbəkə məmulatları və sair nümayiş etdiriləcək. Binada, həmçinin şəbəkə yığımı və şüşəkəsmə otaqları da fəaliyyət göstərəcək. Ustad dərslərin keçirilməsi üçün nəzərdə tutulan otaqda isə turistlərə şəbəkənin hazırlanması prosesi əyani şəkildə nümayiş etdiriləcək. Həmçinin yeni şəbəkə ustalarının yetişdirilməsi üçün burada mərkəz də yaradılacaq. Bundan əlavə, ərazidə işçilərin çalışması üçün yardımçı tikili də inşa olunur.
Həmsöhbətimiz deyib: “Bütün sənət növləri kimi, şəbəkə sənəti də daim inkişaf etməlidir. Şükürlər olsun ki, gənclərin bu sahəyə marağı getdikcə artır, şəbəkə ustalarının yeni nəsli yetişir”.
Qeyd edək ki, Tofik Rəsulov Azərbaycanın tanınmış şəbəkə ustası Əşrəf Rəsulovun oğludur. O, 45 ildən çoxdur bu qədim el sənəti ilə məşğuldur. Sənətkarın hazırladığı şəbəkə nümunələri dünyanın bir çox ölkələrində təşkil olunan sərgilərdə nümayiş etdirilib. Usta Şəki Xan Sarayının, Şəkixanovların evinin, Gəncədə “Şah Abbas”, Bərdədə “İmamzadə” məscidlərinin bərpasında da yaxından iştirak edib. Hazırda onun oğulları İlqar və Vüqar da şəbəkə sənətini böyük sevgi ilə yaşadırlar.