Gündəm 

Ərzaq bolluğunun yaradılması üçün yeni fürsət

Dövlət fermerlərə güzəştlərin sayını və vaxtını artırıb

Xeyli müddətdir ki, bəşəriyyəti narahat edən məsələlərdən biri də yaxın gələcəkdə ümumdünya ərzaq qıtlığının yaranacağı ilə bağlı informasiyalardır. Artıq bu istiqamətdə beynəlxalq təşkilatların və aparıcı ölkələrin ciddi mesajlarını da aydın görmək olur. Ona görə də indi hər bir ölkə öz ərzaq təhlükəsizliyi üçün önəmli addımlar atmağa çalışır. Ölkəmizdə də əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə son bir neçə ildə 300 min hektardan çox ərazidə yaradılan 50- dən çox aqropark ərzaq bolluğunu  təmin edəcək mühüm amildir.

Eyni zamanda, ərzaq bolluğunun yaradılması istiqamətində fermerlərə göstərilən dövlət dəstəyi də hər il artırılır.  Xüsusilə ölkəmizdə 3 il əvvəl tətbiqinə başlanılan aqrar sı­ğortanın əhatə dairəsi davamlı olaraq genişləndirilir.  Belə ki, son bir ildə Aqrar Sığorta Fondunun fermerlərə ödənişləri xeyli artıb. Fermerlər ötən il adı çə­kilən fonddan 4 milyon manat həcmində sığorta ödənişi alıblar ki, bu da 2021–2022-ci illərdəki vəsaitdən 2 dəfə çox olub.

Bundan başqa, fermerlərə vergi istiqamətində də dövlət dəstəyi davam etdirilir. Belə ki, Vergi Məcəlləsində son də­yişikliyə əsasən, cari ildən ölkədə yem və yem əlavələrinin satışı üzrə dövriy­yələr daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Başqa sözlə, ölkədə siyahısı Nazirlər Kabine­ti tərəfindən təsdiqlənən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrə tətbiq olunan ƏDV-dən azadetmənin müddətinin 2027-ci il yanvarın 1-nə kimi uzadılması qərara alınıb. Həmçinin heyvandarlıq və quşçuluq təsərrüfatlarında işlədilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr də tam olaraq ƏDV-dən azad edilib.

Qeyd edək ki, bütün bu güzəştlər heyvandarlığın inkişafına öz təsirini göstərəcəkdir. Vergi güzəştləri, həm də ölkədə istehsal edilən mal, qoyun və quş əti­nin bahalaşmasının qarşısını almağa hesablanıb. Sözügedən məcəlləyə edilən digər bir dəyişikliyə əsasən, cari ildən Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il müddətinə ƏDV-dən azad edilib. Bu güzəştin müddəti də  2027-ci il yanvarın 1-nə kimi uzadılıb. Ümumiyyətlə, son illər ərzində aqrar sahədə sahibkarlığın inkişafını stimullaşdıran bir çox qanunlar qəbul edilib, çoxsaylı fərmanlar imzalaıb və Dövlət proqramları təsdiqlənib. Təbii ki, bütün bunlar kənd təsərrüfatının inkişafını şərtləndirib. Bundan başqa, respublikada istehsal olan məhsul­ların «Made in Azerbaijan» brendi adı ilə dünyanın bir çox ölkəsinə ixracına başlanıb və müsbət göstəricilər əldə edilib. Belə ki, statistik göstəriciyə əsasən, 2003-cü ildə ixrac edilən kənd təsərrüfatı və emal məh­sullarının dəyərinin 166 milyon ABŞ dollarından 2023-cü ildə 912 milyon ABŞ dollarına yüksəlib.

Ölkəmizdə ərzaq təhlükəsizli­yindən bəhs edərkən bir məsələni də vurğulamaq lazımdır ki, hökumət artıq ərzaqlıq buğda istehsalçılarının aldığı kreditlərə dövlət zəmanəti verməyə, eləcə də faiz subsidiyası ödəməyə başlayıb. Kənd təsərrüfatı­nın inkişafında meliorasiya layihələrinin icrası da əhəmiyyətli rol oynayıb. Belə ki, son 10 ildə dövlət büdcəsi vəsaitləri hesabına 390 min hektardan çox sahədə torpaqların su təminatı yaxşılasdırılıb, 188 min hektar sahə yeni suvarılan torpaqlar qrupuna əlavə edilib. Həm­çinin suvarılan sahələrdə müvafiq dövlət dəstəyi hesabına tətbiq olunan müasir suvarma sistemlərinin payı artıq 5 faiz­dən çox yüksəlib.

Aqrar sahədə həyata keçirilən bütün bu və digər tədbirlər nəticəsində 2022-ci illə müqayisədə 2023-cü ildə müəyyən artım göstəriciləri qeydə alınıb. Məsələn, ilkin statistik rəqəmlərə diqqət yetirəndə görürük ki, hesabat dövründə respublika­da təqribən 12 milyard manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu rəqəm 2022-ci illə müqa­yisədə 3,1 faiz çox olub. Bundan başqa, son bir ildə ölkədə istehsal olunan bitkiçi­lik məhsullarının dəyəri 2,8 faiz artaraq 5 milyard 842 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 3,3 faiz artaraq 5 milyard 728 milyon manata yüksəlib.

Daha çox xəbərlər