Cəmiyyət 

Davamlı məişət zorakılığı gizlədildiyi zaman faciəvi son qaçılmazdır – ARAŞDIRMA

“Məişət zorakılığı” ailə üzvlərindən birinin digəri ilə münasibətdə onun hüquqlarını, azadlıqlarını, qanuni mənafelərini pozan, ona fiziki və mənəvi iztirablar yetirərək qəsdən törədilən hərəkətləridir. Son günlər paytaxtın Xətai rayonunda Mehman Əhmədovun ailə üzvlərini qətlə yetirməsi ilə bağlı fakt ölkə gündəmini demək olar ki, zəbt edib. Məişət zorakılığı hadisələrin yaranma səbəbləri ilə bağlı AZƏRTAC araşdırma hazırlayıb.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil İlhamə Həsənovanın sözlərinə görə, ailədə uzunmüddətli, o cümlədən gizli xarakterli münaqişələr olduqda, məişət zorakılığı zəminində ağır cinayətlər törədilə bilər. Ailələrdə münaqişəli vəziyyətlərin yaranmasının əsas səbəbləri, adətən, spirtli içki, narkotik vasitələr, psixoloji problemlər, uzunmüddətli düşmənçilik olur.

Vəkilin sözlərinə görə, məişət zorakılığı ilə üzləşən vətəndaşlar ailənin nüfuzuna xələl gətirməmək və ya digər səbəblərdən kömək istəməyə cürət etmirlər: “Ailədaxili zorakılıq qurbanının ailədə xəyali rifah yaratmaq, mövcud problemləri dostlarına, qohumlarına və yaxınlarına bildirməmək istəyi cinayət törədənlərdə daha ağır zorakılıq və cinayətləri törətmək istəyi yaradır. Ailə münaqişəsinin ən təhlükəli nəticəsi isə uşaqlara mənfi təsiridir. Yeniyetmələrin dəyər oriyentasiyalarının dəyişməsinin əsas səbəbi ailə disfunksiyasıdır. Valideynlərin daimi mübahisələri və hücumları yetkinlik yaşına çatmayan şəxsin xarakterində qəddarlıq və kin yaradır. Onların gələcəkdə qeyri-qanuni davranış nümayiş etdirməsi qaçılmaz sonluqdur”.

Zorakılığın növləri haqqında danışan vəkil İ.Həsənova qeyd edib ki, zorakılığın hər hansı bir növü artıq baş veribsə, yenidən olma ehtimalı böyükdür: “Hadisələr tədricən baş verir. Zorakılığın növbəti dəfə qəddarlıq dərəcəsi və təkrarlanma tezliyi artır. Fiziki zorakılığa xəsarət yetirmə, vurma, təpikləmə, sillə vurma, itələmə, əşyalar atma və digərləri daxildir. Psixoloji zorakılıq insanın psixoloji sağlamlığının zədələnməsi ilə ifadə olunur, təhqir, hədə-qorxu, təhdid, şantaj, nəzarət, təcrid, qurbanın sosial dairəsini məhdudlaşdırılması ilə davam edir. İqtisadi zorakılıq maddi təzyiqlə ifadə olunur ki, bu da işləməyə və ya oxumağa qadağa, maliyyə dəstəyindən məhrumetmə, xərclərə tam nəzarət, uşaqları dəstəkləməkdən imtina, tək maliyyə qərarlarının qəbuludur”.

Məişət zorakılığı ilə bağlı şikayətlərə hansı dövlət qurumları baxır?

İ.Həsənovanın sözlərinə görə, törədilmiş cinayətlə bağlı məlumatı olanlar, xüsusilə zorakılıq törədilən ailənin qonşuları hüquq mühafizə orqanlarına bildirməlidir. Bu törədilə biləcək cinayətin qarşısını almağa kömək edə bilər. Şikayətdə cinayət əlamətləri olmadıqda isə, yerli icra hakimiyyəti orqanlarına müraciət etmək olar. Dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyalarının, qəyyumluq və himayəçilik orqanlarının, təhsil və tibb müəssisələrinin, yardım mərkəzlərinin vəzifəli şəxsləri məişət zorakılığı ilə bağlı şikayətləri müvafiq icra hakimiyyəti orqanlarına göndərirlər.

Öz həyatınız üçün təhlükə hiss edirsinizsə, mühafizə orderi aktı almaq olar. Mühafizə orderi məişət zorakılığı törədən şəxsin qurbana qarşı edə biləcəyi hərəkətləri məhdudlaşdıran bir aktdır. Qurbana qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər. Qısamüddətli mühafizə orderi məişət zorakılığı törətmiş şəxsin zorakılığı təkrar etməsini, qurbanın olduğu yer məlum olmadıqda onun axtarışını və qurbanı narahat edən digər hərəkətləri qadağan edə bilər. Qısamüddətli mühafizə orderi icra hakimiyyəti orqanları tərəfindən 30 günədək müddətə verilir. Uzunmüddətli mühafizə orderi isə 30 gündən 180 günədək müddətə verilir.

Bunlardan əlavə, məişət zorakılığı qurbanları üçün yardım mərkəzləri və sığınacaqlar var. Yardım mərkəzləri zərər çəkmiş şəxslərə hüquqi, tibbi, psixoloji, sosial və digər yardımlar göstərmək üçün yaradılmış dövlət və qeyri-hökumət təşkilatlarıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən zərərçəkmişlərə dövlət yardım mərkəzləri yaradılıb. Dövlət yardım mərkəzləri tərəfindən göstərilən xidmətlər pulsuzdur. Azyaşlı qurbanlara yardım mərkəzində 3 aya qədər, digər qurbanlara isə 2 aya qədər sığınacaq verilə bilər.

Eyni zamanda, məişət zorakılığı törətmiş şəxs xəbərdarlığa tabe olmadıqda, zərər çəkmiş və ya icra hakimiyyəti orqanı uzunmüddətli müdafiə üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

Psixi problemlərlə cinayət davranışı arasında əlaqə olduğu müəyyən edilib

Psixoloq Xalidə Qasımova insanın zorakı davranışının özünü qorumaq məqsədli deyilsə, bunun “patoloji hal” kimi qiymətləndirildiyini bildirib: “Müəyyən psixi pozuntular var ki, bu problemlərlə cinayət davranışı arasında əlaqə olduğu müəyyən edilib. Nümunə olaraq, şizofreniya və bipolyar psixi pozuntunu göstərmək olar. Belə ki, aparılan araşdırmalar şizofreniya və psixoz pozuntular səbəbindən yaranan sayıqlama və hallüsinasiyaların təsiri nəticəsində belə şəxslərin cinayət törətdiklərini müəyyən edib. Bipolyar probleminin isə krizis dönəmində yaranmış vəziyyət cinayətlə sonlana bilir. Şizofreniya və bipolyar pozuntu diaqnozu almış şəxslərdə paralel olaraq narkotik maddə qəbul edənlərin cinayət törətmək riski əhəmiyyətli dərəcədə artır. Antisosial şəxsiyyət pozuntusundan əziyyət çəkən insanlar isə bu mövzuda ən təhlükəli hesab olunurlar. Antisosial şəxsiyyət pozuntusuna uşaqlıqdan başlayan, yetkinlik dövründə də davam edə bilən, adətən başqalarının hüquqlarına məhəl qoymamaq və bu hüquqların pozulması ilə xarakterizə olunan heterogen inkişaf pozuntusudur. Antisosial şəxsiyyət pozuntusuna kişilərdə 3,3 faiz, qadınlarda isə 0,9 faiz hallarda rast gəlinir. Antisosial şəxsiyyət pozuntusu təxminən 200 ildir ki, psixi pozuntu kimi tanınır. Eyni zamanda, 18 yaşından kiçik insanlara antisosial şəxsiyyət pozuntusu diaqnozu qoyula bilməz. Antisosial şəxsiyyət pozuntusunun əsas xüsusiyyəti uşaqlıq və ya erkən yeniyetməlik dövründə başlayan məktəb, iş və sosial münasibətlər kimi həyatın bütün sahələrinə yayılan təkrarlanan antisosial və cinayətkar davranış nümunələridir. Antisosial şəxsiyyət pozuntusu ən çox araşdırılan şəxsiyyət pozuntusu növü olmuşdur, çünki cinayətkarlıq hər dövrdə görülən ciddi bir problemdir.”

Psixoloqun sözlərinə görə, antisosial şəxsiyyət pozuntusu olan insanların müalicəsi çox çətindir. Bəzi yeni psixoterapiya yanaşmaları bu şəxsiyyət pozuntusunu daha uyğunlaşa bilən və idarə olunan hala gətirə bilər. Ancaq, təəssüf ki, məcburiyyət olmadan özbaşına psixoterapiyaya gələn xəstələrin sayı azdır. Antisosial şəxsiyyət pozuntusu olan, mövqe və ya maddi güc əldə edə bilən insanlar, ciddi psixi problemlərə baxmayaraq, güc ehtiyaclarını qarşılaya bildikləri üçün onsuz da müalicəyə müraciət etmirlər. Hətta, çox zaman şəxsin yaxınları sözügedən psixoloji problemi gizlədir, Azərbaycanda bir çox ailələr psixiatrik xəstəliyi olan yaxınını ruhi dispanserə yerləşdirməkdən boyun qaçırır. Bu isə həm ailənin özü, həm də ictimaiyyət üçün çox böyük fəlakətlə nəticələnə bilər. Burada, əsas diqqət etməli olduğumuz nüans bu şəxslərə valideynlərinin yanaşmasıdır.

Daha çox xəbərlər