Hər zaman yeniliyə, təkmilləşməyə maraq göstərən Azərbaycanın qarşısında yeni üfüqlər açılır
Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində ölkəmizin davamlı inkişafını şərtləndirən amillər sırasında texnoloji tərəqqini xüsusi qeyd etdi
Dövlət başçısı İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində ötən 20 ildə Azərbaycanın qazandığı uğurları əsaslı şəkildə diqqətə çatdıraraq hədəfləri açıqladı. «Vacib vəzifələrdən biri texnoloji inkişafımızdır» söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, bu gün istər sənaye, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır. İkinci Qarabağ müharibəsi, həmçinin antiterror əməliyyatı zamanı hər kəs bunu gördü: «Təbii ki, Qələbəmizin əsas amili Azərbaycan döyüşçüsüdür. Düşməni məhv edən və Bayrağı azad edilmiş torpaqlara sancan insandır, əsgərdir, zabitdir. Ancaq texniki vasitələr az rol oynamır. Biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq. Ona görə texnoloji inkişafla bağlı hədəflər müəyyən edildi, bütün aidiyyəti qurumlara tapşırıqlar verildi və bu iş əlbəttə ki, böyük bir səfərbərlik tələb edən işdir. Sadəcə olaraq, dövlət siyasəti burada yetərli deyil. Biz əlbəttə ki, yeni texnologiyaları alırıq, texnoloji inkişafa böyük dəstək veririk, ancaq burada vacib məsələlərdən biri kadr hazırlığıdır.»
Cənab İlham Əliyev kadr hazırlığı istiqamətində atılan addımlardan da bəhs etdi. Bu mühüm məqamı vurğuladı ki, kadr hazırlığı olmadan heç bir texnoloji yenilik kifayət etməyəcək. Son müddət ərzində bir neçə min Azərbaycan gənci treninqlərdən, xüsusi proqramlardan keçib. Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi – bütün bunlar gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar. Əks təqdirdə geridə qalacağıq: «Biz isə geridə qala bilmərik. Biz elə bir bölgədə yerləşirik, bizə qarşı elə bir qüvvələr birləşib ki, bizə ziyan vurmaq üçün fürsət axtarırlar. Biz, – İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, – sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik… Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Ancaq nə üçün görmürəm, çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək. Ona görə texnoloji inkişafa nail olmasaq, burada geniş, yəni, bir neçə min yox, on minlərlə azərbaycanlı bu işdə olmasa, biz geridə qala bilərik. Ona görə hesab edirəm ki, bütün qurumlar və eyni zamanda, cəmiyyət bunu da vəzifə kimi bilməlidir və görməlidir.»
Reallıq budur ki, dünyada texnologiyalar çox sürətlə inkişaf edir və addımlarımızı bu inkişafa uyğun şəkildə atırıq. Bu çağırış da daim səsləndirilir ki, Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır. Xüsusilə gənclər bu işlərə daha geniş miqyasda cəlb edilməlidir. Bu mühüm məqam da inkaredilməzdir ki, istedadlı gənclərin bəziləri öz biliklərini, innovasiyaları həyata keçirmək üçün xaricə üz tuturlar. Bunları önə çəkən cənab İlham Əliyevin bildirdiyinə görə, biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər. Ona görə yeni texnologiyaların Azərbaycanda tətbiqi prioritet məsələlərdən biridir. Burada, ilk növbədə, söhbət ən müasir texnologiyaların Azərbaycanda tətbiqindən gedir. Ən müasir texnologiyalar Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir.
Dövlət başçısı İlham Əliyev, eyni zamanda, diqqəti Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərinə yönəldərək bildirir ki, yeni texnologiyaların tətbiqi bundan sonra da öz hərbi gücümüzü daim yüksək səviyyədə saxlamağa imkan verəcək. Azərbaycan döyüş meydanında öz üstünlüyünü göstərdi. Həm qəhrəman övladlarımızın şücaəti, fədakarlığı, eyni zamanda, texniki təchizat və əlbəttə ki, yeni texnologiyaların tətbiqi müharibədə qələbənin qazanılmasının əsas amillərindən biridir.
Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra bu tezisi irəli sürdü ki, neft kapitalını insan kapitalına çevirməliyik. Təbii ki, burada söhbət elmin, təhsilin, yeni texnologiyaların və iqtisadiyyatın vəhdətinin yaradılmasından gedir. Dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən bu reallıq xüsusi qeyd edilir ki, həmin ölkələrin inkişafında, yeni-yeni hədəflərə doğru irəliləməsində əsas faktor elmdir, bilikdir, yeni texnologiyalardır. Azərbaycan daim hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmağa səy göstərir. 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları İli” elan edilməsi Azərbaycanın bu sahənin inkişafına diqqət və qayğısının göstəricisi oldu. Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində bölgədə mərkəzi rol oynayır. Artıq dünya miqyasında böyük nüfuz qazanmış “Bakutel” sərgisi ənənəvi olaraq Bakıda keçirilir. Azərbaycanda internet istifadəçilərinin sayı 85 faizdən çoxdur. Ölkəmizdə internet azaddır, heç bir məhdudiyyət yoxdur. Kosmik sənaye sahəsində əldə edilmiş uğurlarımız təqdir edilir. Gənc, müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. 3 peykimiz var. 2013-cü ildə orbitə buraxılan “Azərspace-1” ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsinə, peyk texnologiyalarının geniş tətbiqinə, telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətlərinə olan tələbatın ödənilməsinə şərait yaradaraq iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və sair sahələrdə inkişafa təkan verir. 2016-cı ildə “Azərsky” müşahidə peyki və 2018-ci ildə isə “Azərspace- 2” peyki orbitə buraxıldı. Bu peyklər, ilk növbədə, Azərbaycanın informasiya təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir.
Məhz bu uğurlarımıza söykənərək 2019-cu ildə Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhəri 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanmışdır. Azərbaycanın yeniliklərə imza atan, ən əsası yeni texnologiyaların inkişafına və tətbiqinə xüsusi önəm verən ölkə kimi nüfuz qazanması belə bir qərarın qəbulunda əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra irəli sürdüyü hədəflər sırasında Azərbaycanın bütün sahələrdə təcrübəsinin nümunə olması, yeni texnologiyaların inkişafı, hər zaman irəli baxaraq bütün yeniliklərin tətbiqinə səy göstərmək idi.
Son 20 ilin reallıqlarına diqqət yetirsək hər bir hədəfə zamanında nail olduğumuzu böyük əminliklə qeyd edə bilərik. Ötən ilin oktyabr ayında ölkəmizin ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi bütün bu imkanların təqdimatında öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev tədbirdəki çıxışında Azərbaycanın bütün sahədərdə qazandığı uğurlardan, yenilikçi olmasından, dövrün, zamanın çağırışlarını yüksək səviyyədə yerinə yetirməsindən bəhs etdi. Reallıq budur ki, davamlı inkişafa yol açan əsas amillərdən biri məhz yeni texnologiyaların inkişafı və tətbiqidir. Bir çox maliyyə qurumlarının, xüsusilə Azərbaycanı ən islahatçı ölkə kimi dəyərləndirən Dünya Bankının, həmçinin Davos Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan texnoloji sahədə də liderliyini qoruyur.
Dünyanın texnoloji gündəliyi Azərbaycanda müzakirə edildi. Tədbirdəki çıxışında 24-cü Beynəlxalq Astronavtika Konqresinin 1973-cü ildə Azərbaycanda keçirildiyini xatırladan cənab İlham Əliyev bildirdi ki, əlbəttə ki, belə bir mühüm tədbirə ikinci dəfə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilir. Lakin ölkə eyni deyil. Bu gün həmin qlobal tədbirin ev sahibi müstəqil Azərbaycandır.
Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsinin ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacağı inkaredilməzdir.
Azərbaycan hər bir sahədə beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Bu, bir tərəfdən Azərbaycanın dünyaya nümunə olan inkişaf modelinə malik olması, digər tərəfdən isə sabitlik diyarı kimi nüfuz qazanması ilə sıx bağlıdır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Azərbaycan yenilikçi, innovasiyalar ölkəsi olduğunu atdığı hər addımında təsdiqləyir. Dünyaya Azərbaycan brendi kimi səs salan «ASAN xidmət», ABAD, DOST layihələrinin sırasına bu gün “ağıllı şəhər” və “ağıllı kənd” də daxil edilir. İşğaldan azad edilmiş ərazilərimizdə bütün yeniliklərin, müsir texnologiyaların tətbiq olunması Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın daha möhtəşəm gələcəyindən xəbər verir.
Artıq informasiya-kommunikasiya texnologiyaları həyatımızın daim ehtiyac duyulan, ayrılmaz parçasıdır. Dövlət başçısı İlham Əliyev bildirir: «Bu sahə hər bir ölkə üçün, deyə bilərəm ki, hər bir ölkənin gələcəyi üçün həlledici sahədir. Texnoloji inkişafda kim qabağa gedibsə, o da udacaq, kim geridə qalıbsa, asılı vəziyyətdə qalacaqdır. İndi sirr deyil, elə peşələr var ki, 5 ildən sonra bu peşələr sıradan çıxacaq, yəni olmayacaq. Yeni peşələr meydana çıxacaq və biz hazır olmalıyıq ki, bu peşələrə yiyələnək. Hazır olmalıyıq, kadr potensialımız imkan versin ki, dünyada gedən sənayeləşmə, xüsusilə Dördüncü Sənaye İnqilabı ilə bağlı proseslər daim Azərbaycanın inkişafını təmin etsin. Təsadüfi deyil ki, Davos Ümumdünya Forumu məhz Azərbaycanı Dördüncü Sənaye İnqilabının mərkəzlərindən biri seçdi.» Ölkə Prezidentinin bu fikirləri Azərbaycanın texnoloji sahədə dünəninin, bugününün və perspektivlərinin aydın mənzərəsini təqdim edir.
Onu da qeyd edək ki, bu günlərdə dövlət başçısı İlham Əliyevin qardaş Türkiyəyə rəsmi səfəri çərçivəsində türkiyəli həmkarı, Prezident Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi görüşlərdə, mətbuata birgə bəyanatlarında iki ölkə arasında təhsil və hərbi sahədə əməkdaşlıqdan bəhs edilərkən yenə də diqqət yeni texnologiyaların inkişafına yönəldildi. Məlum olduğu kimi, 2022-ci ildə Bakıda Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının növbəti təzahürü olan «TEKNOFEST Azərbaycan» festivalı keçirildi. Həmin tədbirdə cənab İlham Əliyev “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır» söyləyərək onu da bildirdi ki, İkinci Qarabağ savaşında məşhur “Bayraktar” PUA-larının rolunu indi dünyada bilməyən yoxdur. Bu çağırış özündə mühüm məqamları ehtiva etdi. Dövlət başçısı ötən il Türkiyədə keçirilən «TEKNOFEST» festivalında isə bu hədəfi böyük qürur hissi ilə açıqladı ki, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” Mərkəzi yaradılacaq. Orada təhsil, xidmət, istehsal da olacaq. Belə bir əminlik də ifadə edildi ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaq. Cənab İlham Əliyev bugünkü Türkiyəni belə təqdim etdi: “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə.
Qeyd edək ki, bu il fevralın 9-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində oldular və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izlədilər.
Hər zaman yeniliyə, təkmilləşməyə, yeni texnologiyaların inkişafına və tətbiqinə maraq göstərən Azərbaycanın qarşısında yeni üfüqlər açılır.