Narkomaniyaya qarşı mübarizə hər bir vətəndaşın fəal dəstəyini tələb edir
Cəmiyyətdə «ağ ölüm» kimi tanınan narkomaniya bəşəriyyət üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır. Bu təhlükə sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemdir. Aydın məsələdir ki, narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli bir prosesdir. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bir çox cinayətlərin törənmə səbəbləri arasında narkomaniya birinci sıralarda yer alır. Yəni araşdırmalar zamanı məlum olub ki, törədilən kriminal cinayətlərin böyük əksəriyyəti narkomanlar tərəfindən reallaşıb. Çünki narkomanlar real həyata açıq gözlə, açıq düşüncə ilə baxa bilmədikləri üçün onlarda qisasçılıq hissləri, cinayət törətməyə meyillilik daha çox olur.
Bu gün «narkomaniya» insan həyatının darmadağın olması anlamını da verir. Ona görə də həmişə bəşəriyyətin ağıllı və vicdanlı hissəsi bu ümumbəşəri bəlaya qarşı ciddi mübarizə aparmağa çalışıb. Bundan başqa, ayrı ayrı dövlətlərin və beynəlxalq təşkilatların da ictimai və siyasi fəaliyyətində narkomaniyaya qarşı mübarizə priortitet təşkil edir.
Bəli, narkomaniyaya qarşı mübarizə nə qədər şərəfli və dəyərli olsa da, bir o qədər də çətin və mürəkkəb işdir. Bu ciddi sosial bəla milli genofond üçün də ciddi təhlükədir. Narkotiklərlə bağlı qanunsuz əməllərin gizli şəraitdə törədilməsi, onlara adekvat nəzarət mexanizminin mövcud olmaması və müvafiq faktların get-gedə artması narkomaniya probleminin aktuallığını və ona qarşı mübarizənin əhəmiyyətini yüksəldir. Narkotizmə qarşı ardıcıl mübarizə bu sahədə davamlı, hərtərəfli və məqsədyönlü fəaliyyətin reallaşdırılmasını tələb edir.
Acı həqiqətdir i, bu bəla daha çox gənc nəslin mümayəndələri arasında yayılır. Bir sıra hallarda əlverişsiz sosial çevrə narkomaniyaya meyili stimullaşdırır. Nəticədə narkotik asılılığın əsirinə çevrilən gənclər bu fəlakətli vərdişin dağıdıcı təsirindən xilas ola bilmirlər. Əvəzində narkomaniyaya qurşanan gənclər öz potensialını cəmiyyətin inkişafına yönəltmək imkanından məhrum olurlar.
Təəssüflə qeyd olunmalıdır ki, narkomaniya bəlası Azərbaycandan da yan keçməmişdir. Bu baxımdan gənclər arasında narkotiklərə meyilin artması ciddi narahatlığa əsas yaradır. Narkomanların sayının artmasının qarşısının alınması hər bir vətəndaşın fəal dəstəyini tələb edir. Eyni zamanda narkomaniyaya qarşı mübarizədə dövlətimizin də qətiyyətli mövqeyi mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan gəncliyi dövlət Proqramı»ında (2005-2009-cu illər)gənclər arasında hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası ilə bağlı, «Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı»nda isə gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi ilə bağlı ayrıca fəsil nəzərdə tutulmuşdur.
Azərbaycan dövlətinin müvafiq qurumları da narkomaniyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi, narkotiklərə meyilin azaldılması, sağlam həyat tərzinin təbliği istiqamətində ciddi işlər həyata keçirir. Xüsusilə Azərbaycavn Respublikasının Baş Prokurorluğu ilə Daxili İşlər Nazirliyi qarşılıqlı və birgə əməliyyatlarla bu sahədə əhəmiyyətli işlər həyata keçirirlər. O cümlədən Azərbaycan Respublikasının Baş Prokurorluğu psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı ciddi istintaq əməliyyat tədbirləri həyata keçirir.
Ölkəmizdə bu bəlaya qarşı mübarizə bütün sahələrdə davam etdirilir. Çünki narkomaniya elə bir təhlükəli vərdişdir ki, onun qarşısını yalnız maarifləndirmə ilə almaq mümkün deyildir. Ona görə də bu gün cəmiyyətin əsas tələblərindən biri də narkomaniyaya qarşı mübarizədə cəza tədbirlərinin daha sərtləşdirilməsidir. Məhz bu tələb və istəyə uyğun olaraq Prezident İlham Əliyev ötən bir neçə ildə bəzi qanunlarda önəmli dəyişikliklərə imza atmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, «Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikasının Qanununa və bir sıra digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə normativ- hüquqi aktlar qəbul edilmişdir. Bütün bunlar isə narkomaniyaya qarşı mübarizənin hüquqi əsaslarını daha da genişləndirməklə bu bəlaya qarşı mübarizəni daha effektivləşdirmişdir. Xüsusilə, bu gün narkotikdən uzaq, sağlam və vətənpərvər gənclər yetişdirmək Azərbaycan dövləti üçün prioritet vəzifədir.
Rəfail Süleymanov,
Baş Prokurorluğun istintaq, təhqiqat və əməliyyat –axtarış fəaliyyətində qanunların icrasına nəzaət idarəsinin böyük prokuror metodisti,
baş ədliyyə müşaviri

