Cəmiyyət 

Bəzi uşaqlar niyə dil açmaq istəmir?

Mütəxəssislər problemin səbəb və həlli ilə bağlı mühüm məqamlara aydınlıq gətirdilər

Son zamanlar valideynlərin narahat olduğu və mütəxəssislərə müraciət etdiyi mövzulardan biri də bəzi uşaqlarda nitq qüsurları və nitq ləngiməsi problemləridir. Bunun səbəblərinə və mövzu ilə bağlı bir çox mühüm məqamlara aydınlıq gətirmək üçün mütəxəssislərlə həmsöhbət olduq.

Nitqin inkişafındakı pozğunluqlar uşaqların şəxsiyyətinin ümumi formalaşmasına, onların intellektual böyüməsinə və davranışına təsir edir, öyrənməyi və başqaları ilə ünsiyyəti çətinləşdirir. Ekspressiv nitq uşaqların istifadə etdiyi cümlələrdə , fikirlərini düzgün ifadə etməsi və ya ifadə edəcəyi fikri düzgün bildirmək üçün sözləri yerində , qrammatik nizama uyğun istifadə etmə bacarığıdır. Reseptiv nitq isə məlumatı başa düşmə bacarığıdır. Nitq inkişafının geriləməsi 5 yaşa qədər olan uşaqlar üçün istifadə olunan termindir – buna yalnız nitqin pozgunluğu və uşağın zehni, emosional inkişafı normal olduqda deyilir. ÜNP (ümumi nitq pozğunluğu) -5 yaşdan yuxarı üçün istifadə olunan termindir – nitq sisteminin bütün komponentlərinin yəni, normal eşitmə və zəka ilə səs tərəfinin (fonetik) və semantik tərəfinin (lüğət, qrammatika) pozğunluqları baş verən müxtəlif mürəkkəb nitq pozğunluqlarıdır.

Bu fikirləri Kliniki Tibbi Mərkəzin nəzdindəki Uşaq Nevroloji Xəstəxanasının uşaq nevroloqu Ülkər Mürsəlova “İki sahil”ə eksklüziv açıqlamasında diqqətə çatdırdı.

Nevroloq körpələrdə nitq inkişafının mərhələlərindən danışarkən bildirdi ki, 1-2 aylıq körpələri qucağa alanda onlar sakitləşir,  sevinc, narahatlıq, aclıq üçün müxtəlif səslər çıxarır.  3-4 aylığında onlar sait səslə “aa,uu” deyir,  5-6 aylığında isə ucadan gülür,  7-8 aylıq körpələr saitlərlə samitləri birləşdirə bilir, jestlərdən istifadə edir (etirazını başını bulayaraq bildirir, qucağa istəyəndə əllərini uzadır),  9-11 ayında olarkən onlar hecaları təkrarlayır (da, da), 12-18 ayında isə sadə cümlələr qurur, sifət və əvəzlikdən istifadə edir, əşyaların adlarını tanıyır, lüğətində 10-25 söz olur.  18-24 aylıq körpələr isə iki sözlü cümlələrin sayını artırır, dediyi sözlərin mənasını anlayır, lüğətində 50-yə yaxın söz olur. 24-36 aylıq körpələr isə çoxhecalı sözlər deyir.Tərkibində 3-4 söz olan mənaca yaxın cümlələr qurur, çoxlu suallar verir, lüğətlərində 1000 söz olur.  4 yaşında uşaqlar qrammatik cəhətdən düzgün cümlələr qurur, əşyaları qruplaşdırır, lüğətlərində 2000 söz olur. 5 yaşlı uşaqlar isə bütün sözləri təmiz deyir, mətni təkrarlayır, fikir yürüdür, nağıllarda doğru və ya yalnışı ayırd edir. Onların lüğət ehtiyatlarında 3000 söz olur.

Mütəxəssis bəzi uşaqlarda rast gəlinən nitqin inkişafında gerililiyin səbəblərindən söz açarkən vurğuladı ki, prenatal, bətndaxili inkişaf zamanı müşahidə olunan  serebral hipoksiya,  anadangəlmə hidrosefaliya, nitq və eşitmə orqanlarının quruluşundakı anomaliyalar, beyin strukturlarının inkişafının pozulması,  anadangəlmə anomaliyalarla bağlıdır. Məsələn, bəzi uşaqlarda anadangəlmə disleksiya, həmçinin natal yəni, doğuş zamanı pozğunluqlarla əlaqəli yaranan  doğuş travması,  dolaşıqlıq və ya uzun müddət susuz qalma fonunda hipoksiya kimi neqativ hallar nəzərə çarpır. Eləcə də postnatal, erkən uşaqlıqda formalaşan  müxtəlif əsəbi-psixi xəstəliklər,  keçirilmiş meningit və digər neyroinfeksiyalar, eşitmə analizatoruna zərər verən otoinfeksiyalar, nitq hərəkət, nitq eşitmə aparatlarının travmatik zədələri, kəllə-beyin travmaları  körpələrdə nitq inkişafının geriləməsinə səbəb olur.

Nevroloq nitq pozğunluqlarının kliniki təsnifatından danışarkən bildirdi: “I.Mərkəzi sinir sisteminin orqanik zədələnməsi ilə əlaqəli nitq pozğunluqları zədə səviyyəsindən asılı olaraq aşağıdakı formalara bölünürlər:

-Afaziyalar-kortikal nitq zonalarının zədələnməsi nəticəsində nitqin bütün komponentlərinin dağılması.

-Alaliyalar (inkişaf disfaziyasi) – danışmadan əvvəlki dövrdə kortikal nitq zonalarının zədələnməsi nəticəsində nitqin sistemli zəif inkişafı.

-Dizartiyalar – nitq əzələlərinin innervasiyasının pozulması nəticəsində nitqin səs-tələffüz tərəfinin pozulması.

II. Mərkəzi sinir sistemindəki funksional dəyişikliklərlə əlaqəli nitq pozğunluqları (kəkələmə, mutizm və surdomutizm).

III. Artikulyasiya aparatının struktur qüsurları ilə əlaqəli nitq pozğunluqları (mexaniki dislaliya, rinolaliya).

IV. Müxtəlif mənşəli nitq inkişafındakı geriləmələr (autistik spektrum inkar olunması bir psixiator tərəfindən).

“Bəs valideyn nə vaxt mütəxəssisə müraciət etməlidir” sualına isə  mütəxəssisin cavabı belə oldu: “Bəzən 4 aylıq körpə- emosiya göstərmir, qışqırmır, böyüklərin rəftarına biganədir. 9 aylığında hecaların təkrarı yoxdur. 12 ayında gülmür, ona müraciət edəndə cavab vermir. 18 ayında adı çəkilən obyektə baxmır, öz adına, qohumlarının adına reaksiya vermir, bircə kəlmə, hətta sadələşdirilmiş söz yoxdur.  2 yaşına çatanda heç bir tələbi yerinə yetirmir, sadə cümlələri və hətta ifadələri tələffüz etmir. 3 yaşında yalnız əzbərlənmiş sözləri və ifadələri – kitabdan və ya cizgi filmindən danışır, öz nitqi yoxdur. Əgər uşaq 4 yaşına çatdıqda danışıq yalnız valideynlər üçün başa düşülən olursa, sözlər qarışdırılırsa,  ünsiyyətin aparıcı üsulu kimi mimika və jestlərdən istifadə edirsə  müayinə  üçün psixiator, nevroloq, loqoped, psixoloq, audioloq, otolarinqoloqa müraciət  etmək lazımdır.

Defektoloq-loqoped Günel Fərzəliyevanın sözlərinə görə, bəzi uşaqların gec dil açma səbəbləri nevroloji də ola bilər. Artikulyar aparatda müəyyən deformasiyalar və patalogiyalar olduqda da  ola bilər. Həmçinin genetik hallardan da yarana bilər. Hazırda isə bəzi uşaqların gec dil açmasının əsas səbəbi az ünsiyyətlilikdir. Nitq açılmağa və inkişaf etməyə başladıqda artıq uşaqlarla daha çox ünsiyyətdə  olmaq lazımdır ki, onların nitqi formalaşsın, söz ehtiyatları artmış olsun. Uşaqların hər yaş kateqoriyasında uşaqların nitqi bir üst səviyyədə inkişaf etməyə başlayır.

Loqoped vurğuladı ki, artikulyar aparatda  deformasiyalar və patalogiyalar olduqda nitqə öz təsirini  daha çox göstərmiş olur. Sözügedən deformasiyalara dilin formasını, alt və üst çənənin deformasiyasını, dişlərin doğru düzülüşdə olmamasını göstərə bilərik. Bu kimi hallardan bir müddət sonra uşağın nitqin inkişafdan qalmasına, nitqin ləngiməsinə gətirib çıxarır.  Pediatr və nevropatoloqların  uşaqların 18 ayına qədər inkişaf dövrünü nəzarətdə saxlaması mütləqdir.

Həmsöhbətimiz diqqətə çatdırdı ki, uşaqların texnoloji avadanlıqlara marağı yüksəkdir: “Uşaqlar ailə üzvlərindən daha çox telefon, planşet, kompyuterlərlə vaxt keçirirlər, bu da onlarda passiv nitqin formalaşmasına, aktiv nitqin açılmamasına səbəb olur. Valideynlərə  tövsiyə edirəm ki, uşaqlarını yeni texnoloji vasitələrlə nə qədər tanış etmiş olsa belə, çalışdıqları qədər uzaq tutsunlar.”

Müsahibimiz bildirdi ki, 6 ayından sonra uşaqların  səsinin qığırdamalar olaraq çıxması normal haldır. Artıq 12 ayından sonra uşaqlarda sadə nitqdə istifadə oluna biləcək sözləri işlətməyə başlayırlar. 18 ayından sonra isə uşaqlar sadə sözlərdən ibarət olan özlərini ifadəedəcək cümlələr qururlar. Artıq 2 yaşdan sonrakı dönəmlərdə uşaqlar fikirlərini ifadə edə bilirlər, 2-3 sözdən ibarət cümlələr qurmağa başlayırlar. 3 yaşından yuxarı  uşaqlarda isə 1500-ə yaxın söz ehtiyatı formalaşır.  Uşaqların nitqi 5 yaşlarına qədər inkişaf edir, bundan sonra isə dayanır. 5 yaşından sonra uşaqların nitqində patalogiyalar və geriləmələr olduqda  bu fəsadları aradan qaldırmaq çətin olur. 5 yaşından aşağı  uşaqların  nitqinin inkişafı üçün aldığımız nəticələr 80-90 faiz təşkil edirsə, 5 yaşından yuxarı uşaqlarda korreksion prosesdə  alınan nəticə  yarıbayarı azalır, nitqin inkişaf etməməsi kimi mülahizələr ortaya çıxır.

Loqoped qeyd etdi ki, uşaqların nitq inkişafından geri qalmasında digər bir səbəbi onların iki dildə danışmalarıdır: “Əgər ailədə ata bir dildə, ana digər bir dildə, nənə və baba Azərbaycan dilində danışırsa, belə vəziyyətdə körpə hansı dildə danışmalı olduğunu, hansı dili qavramalı olduğunu anlamır. Nəticədə azyaşlıda həm kompleks yaranır, həm də hər dildən biraz danışdığı üçün nitqi anlaşılmayan olur. Valideynlərə məsləhət görürəm ki, övladları ilə daim ünsiyyətdə olsunlar, müayinələri zamanında etsinlər, sosial mühitdə aktiv olmaları üçün övladlarına daim dəstək olsunlar”.

Sözügedən mövzu ilə bağlı psixoloji məqamlara aydınlıq gətirən psixoloq İlhamə Musaqızı “İki sahil”ə açıqlamasında qeyd etdi ki, nitqdən öncə uşağın psixi və motor inkişafı çox önəmlidir: “Yəni, əgər uşaq 1 yaşında artıq öz addımlarını atırsa, deyilən hər bir komandanı anlayırsa (məsələ al, ver, otur, dur, əlini ver, əl çal, beş ver, mən anlayışı, suyu götür iç, ailə üzvlərini, istədiklərini göstərici barmaqla göstərib fikrini ifadə edirsə, qapı döyüləndə reaksiya verib barmağı ilə işarə edir və s.) bu o deməkdir ki qorxmaya bilərsiz, ilk hecaları “ba-ba”,”ma-ma” və s. varsa, demək tədricən ünsiyyət bol olduqca uşaqla, nitq gələcək. Uşağa hər bir hərəkəti, sizin və ya onun, sözə və ya söz birləşməsinə çevirmək mütləqdir. O, sizə cavab verməyə bilər amma mütləq dinləyib qavrayacaqdır. Əgər uşağın nitqində söz çox deyilsə amma anlama qavrama yerindədirsə, onunla çoxlu danışmaq, nağıllar oxumaq, suallar vermək (cavab verməsə belə) lazımdır. Beləliklə, uşaq danışmağa başlayacaqdır.”

Psixoloqun sözlərinə görə, bəzi uşaqlarda nitq qüsurlarının səbəbləri həm patoloji, həm də digər faktorlar ola bilər. Məsələn,  uşaqda psixi inkişaf ləngiməsi və ya digər problemlər doğuşdan yarana bilər. Və ya dislaliya, kəkələmə varsa bunlar psixoloji vəziyyətlədə bağlı ola bilər. Hər bir halda ümumi analiz və müayinə burada böyük rol oynayır. Sonradan yaranan problemlər, məsələn, inkişaf ləngimələri, uşağın diqqətdən, ünsiyyətdən kənar qalması ilə əlaqələndirmək olar. Televizor və telefonlardan çox istifadə edən uşaqların da nitqi gecikə bilər (istisnalar var). Hər bir valideyin, övladının inkişafına fikir verməsi ilə yanaşı, xəstələnəndə belə ona hansı dərmanları verdiyinə diqqət edib araşdırmalıdır.

Həmsöhbətimiz vurğuladı ki, nitqin ümumi inkişafı 6 yaşa qədərdir. Buna görə də o yaşa qədər inkişafdakı qüsurları aradan qaldırmaq mütləqdir ki,qalıq qalmasın və uşağın həyatında bu problem mənfi xarakter daşımasın. Buna görə də valideynlər çox diqqətli olmalı və  problemin üstünə tez düşməlidirlər.

Psixoloqun sözlərinə görə, nitq inkişafından geri qalan uşaqlar cəmiyyətdə öz yerlərini tapa bilmirlər. Belə, özünə qapanır və ünsiyyətsiz olurlar. Onların dostları olmur, fikirlərini ifadə edə bilmirlər. Bu da öz növbəsində onlarda aqressiya yaradır. Özlərini şəxsiyyət kimi görmür və özgüvənsiz olurlar. Bu da uşaqların gələcək həyatına çox mənfi təsir göstərir.

Daha çox xəbərlər